Bilgi.az
“Kəsilmiş baş”, “Yaşılgöz əfqan qızı”... - FOTOLAR
Dünyanı sarsıdan ən məşhur fotolar
Küçə ilə gedərkən bir çoxlarımız çiynində fotokamerası olan, şəkil
çəkən ya da çəkdirən bir çox insana rast gəlirik. Lakin hər anı
əbədiləşdirmək istəyən insanlar çox olsa da, fotoların atom
bombasından da güclü silah olmasını təsəvvürlərinə belə
gətirmirlər. Bəli, bu gün fotoqrafiya tarixinə nəzər yetirsək,
görərik ki, bir çox fotolar bəşəriyyət tarixində vacib tarixi
hadisələri əks etdirməsi baxımından əvəzsizdir. Bu işdə hərbi
fotoqrafiyanın rolu danılmazdır Qaynar bölgələrdə çalışan
fotoqraflar dramatik hadisələri təsirli əks etdirə bilən kadr
axtarışında olmuş, hətta həyatlarını bunun üçün təhlükəyə atmaqdan
da çəkinməmişlər. Məhz bu fədakarlıqların və fotoya olan sevginin
nəticəsidir ki, bu gün bir çox şəkillər dünyanı sarsıdan, hətta
sözün həqiqi və məcazi mənasında dünyanı dəyişə bilən məşhur
fotolar sırasına daxildir.
İlk hərbi fotoqraf “Ölüm dərəsi”ndə
Krımda müharibəsi (1853-56) başlayanda İngiltərə şahzadəsi Albertin
təkidi ilə müxbir Rocer Fenton ( Roger Fenton) cəbhəyə göndərildi.
O, hərbi əməliyyatların getdiyi, qaynar Krıma xüsusi missiya ilə
gəlmişdi. Müxbir çəkdiyi fotolarla ingilis ictimai rəyində
narahatçılığa son qoymalı, cəmiyyətdə müsbət ictimai rəy yaratmalı,
ən önəmlisi Britaniya ordusunu, eləcə də müharibəni ingilis
maraqlarına uyğun sərfəli formada işıqlandırmalı idi. Fotoqraf
həlak olmuş, yaralı əsgərləri, müharibənin gedişində dağılmış
məkanları çəkmirdi. Səbəb, ilk növbədə onun qarşısına qoyulan
informasiya siyasəti idisə, ikincisi, o dövrdə fototexnikanın
imkanlarının məhdud olması idi. Odur ki, Fentonun fotolarında daha
çox hərbçilər, məmurlar, düşərgə dayanacaqları, səngərlər,
batareyalar və s. üstünlük təş¬kil edir. Bununla da hərbi
jurnalistika tarixində Rocer Fenton ilk hərbi fotoqraf hesab
edi¬lir. Krım müharibəsindən qayıdanda onun əlində artıq 350 böyük
formatlı neqativ var idi. Bu fotoşəkillər ilk hərbi
fotojurnalistika nümunələri olmaqla yanaşı, onlardan biri “Ölüm
dərəsi” “Dünyanı dəyişən 100 foto” kolleksiyasına daxil edilib.
XX əsrin tanınmış hərbi fotoreportyoru Robert Kapa (Robert Capa)
İspaniyada vətəndaş müharibəsində çəkdiyi fotolara görə tarixə
düşüb. Zamanınının çoxunu səngərdə keçirən müxbir növbəti hücum
başlayanda dərhal fotokamerasını tuşlayır, obyektivə güllədən həlak
olan əsgərin ölüm anı düşür. 1936-cı il sentyabrın 5-i tarixiləşən
bu şəkil fotoqrafiya tarixində klassik əsərlərdən birinə çevrilir.
Robert Kapanın bu təcrübəsi ona bir şeyi öyrədir: Yaxşı şəkil əldə
etmək üçün obyektə kifayət qədər yaxın olmalısan. Vyetnamda
Hind-Çin yarımadasındakı müharibənin sonlarına yaxın 1954-cü il
mayın 25-i mina partlayışı zamanı həyatını itirdi. Bir il sonra ABŞ
Mətbuat Klubu onun xatirəsinə “ Robert Kapa Qızıl medalı”nı təsis
etdi. Qərara alındı ki, bu medal ən təsirli və təhlükəli şəraitdə
çəkilən fotoreportajların müəlliflərinə verilsin.
Hər fotoqrafın çəkə bilməyəcəyi tükürpədici mənzərə
Marqaret Burk-Vayt (Margaret Bourke-White ) dünyada ilk qadın hərbi müxbir, hərbi əməliyyatlara buraxılan ilk qadın fotoqrafdır. 1941-ci il Almaniyanın SSRİ-yə hücumu zamanı Marqaret Burk Vayt Moskvada idi. Maraqlıdır ki, o, SSRİ-də fotoçəkiliş aparmağa icazə almış ilk qərbli jurnalist idi. Baş verənlərdə əsas hadisənin məzmununu, kulminasiya nöqtəsini kadrda tutmağı bacaran tanınmış fotoqraf Şimali Afrika, İtaliya və Almaniyada amerika silahlı qüvvələrini müşayət edib. Onun çəkdiyi şəkillər arasında 1945-ci ilin yazında Buxenvald düşərgəsindən hazırladığı silsilə fotolar mühüm rol oynadı. Sonralar bu çəkilişi xatırlayan fotoqraf deyəcəkdi: Kameranın istifadəsi bir az yüngüllük gətirirdi. O mənlə məni əhatə edən dəhşətlər arasında kiçik bir baryer yaradırdı.” Qadın fotoqraf hansı qaynar nöqtədə olursa, olsun, güclü müşahidəsi sayəsində əsas məqamı kamerasıyla tuta bilirdi. Hətta şəklin effektivliyi üçün lazım gəldikdə, ürək bulandırıcı mənzərəyə belə dözməyə çalışır, əlini çirkləndirməyi belə gözə alırdı. Məsələn: Şimali və Cənubi Koreya arasında müharibədə olduğu kimi. Onu həmin bölgəyə bir missiya—Şimali Koreya kommunistlərinin özbaşınalıqları, vəhşiliklərini işıqlandırmaq üçün göndərmişdilər. Lakin onun üçün əsas məqsəd verilən tapşırıq deyil, gördüyü faktı işıqlandırmağa çalışması idi. Onun bu müharibədə çəkdiyi əsir kişinin başı məhz bu fotolardandır. Şimali Koreya kommunist əsirinin öldürülməsindən sonra Marqaret kəsilmiş başı bir əliylə yerdən qaldırmış, o biri əlindəki fotoaparatla onu çəkmişdi. Şəklin fonunda çiynində balta tutan gülən cəllad isə şəklin dramatizmini, müharibənin əsl simasını açırdı.
“Hücum”, “Çaykosvski”, “Reyxstaq üzərində Bayraq”...
Dmitriy Baltermans ( Дмитрий Балтерманц ) fotoqraf olmağı ağlına
da gətirmirdi. Lakin İkinci Dünya müharibəsi başlayarkən 1939-cu
ildə sovet qoşunlarının Qərbi Ukraynaya daxil olmasını əks etdirən
ilk reportajı onun həyatını dəyişir. Çəkilmiş şəkillər o qədər
təsir edici idi ki, nüfuzlu “İzvestiya” qəzeti ona fotoqraf
vəzifəsini təklif edir. O, daha çox döyüşən sovet əsgərlərinin
mübazirliyi, düşmənə qarşı barışmazlığını əks etdirə bilirdi. Lakin
Dmitriy Baltermansın hərbi fotoqraflığı çox çəkmədi, o vəzifəsindən
uzaqlaşdırıldı. Səbəb isə qəzetdə onun çəkdiyi şəklin altında
yalnış təqdimat olmuşdu. Bu səhv “İzvestiya”da fotoqrafın
kar-yerasına son qoydu. Onun məşhur “Hücum” fotosu, İkinici Dünya
müharibəsinin sonunda alman şəhərində təsadüfən çəkdiyi
“Çaykovskiy” fotosu hərbi fotoqrafiyanın ən sayılıb-seçilən
əsə-rlərindəndir. “Çaykovskiy” fotosunda əsgərlər fotoqrafdan xahiş
edir ki, doğmalarına göndərmək üçün onların şəklini çəksinlər.
Beləliklə adi bir xahiş hərbi fotoqrafiyaya daxil olan təsirli bir
şəklin yaranmasına səbəb olur.
Fotoqraf Evgeniy Xaldey ( Евгений Халдей ) hərbi fotoqrafiya
sahəsində Almaniya-SSRİ arasında müharibənin birinci və sonuncu
gününü kadra köçürdüyü üçün daha çox məşhurdur. Belə ki, Faşist
Almaniyasının SSRİ-yə hücumu zamanı 1941-ci il iyunun 22-i Moskvada
çəkdiyi “Müharibənin ilk günü” fotosu, 1945-ci il mayın 9-u
çəkilmiş “Reyxstaq üzərində Bayraq” fotosu onun ən yaddaqalan
əsərlərindəndir.
Generalı ömürlük “öldürən” fotoqrafın etirafı
Eddi Adamsın (Eddie Adams) 1968-ci ildə çəkdiyi “Sayqonda qətl”
fotosu ABŞ-da təkcə böyük səs-küy gətirmədi, həm də müəllifinə
Pulitzer mükafatı qazandırdı. Şəkildə bir neçə mülki şəxsi
öldürdüyünə görə həbs edilmiş vyetnamlı kapitan general Nquen Nqok
Loan tərəfindən güllələnir. General ABŞ-a qayıtdıqdan sonra
ictimaiyyətdə kütləvi tənqidlə üzləşir, onun deportasiyasını tələb
edirlər. Şəklə görə generala qarşı ictimaiyyətdə mənfi rəy ömür
boyu davam edir. Hətta Virciniyada restoran açsa da, tezliklə onu
bağlamalı olur. Çünki o şəkli xatırlayanlar restoranın divarında
yazmışdılar; “Biz bilirik, sən kimsən.” Şəklin insan taleyinə bu
cür təsir edəcəyini ağlına gətirməyən fotoqraf həmin fotonu çəkdiyi
üçün generaldan üzr istəyir.” General vyetnamlını öldürdü, mən isə
öz fotoaparatımla generalı öldürdüm”—deyə fotoqraf təəssüflənmişdi.
Amma olan olmuşdu.
Vyetnam müharibəsinin simvoluna çevrilmiş “çılpaq” qız
Nik Yut (Nick Ut) 18 yaşından həmişə hərbi əməliyyatları çəkmək
arzusunda idi. İstəyirdi ki, o da digər fotoqraflar, media işçiləri
kimi hansısa vacib hadisənin şahidinə çevrilsin. 1972-ci il iyunun
8-də Vyetnamda baş verən bomba partlayışı Nikin həyatında məhz belə
hadisələrdən olur. Tranq Banq kəndi istiqamətində ABŞ hərbi Hava
qüvvələri şəhərə bomba atır. Partlayışdan zərər çəkən 9 yaşlı
vyetnamlı qız Kim Fuk qaçan anda Nikin obyektivinə tuş gəlir. Ağır
yaralanan qızın şəkli az qala Vyetnam müharibəsinin simvoluna
çevrildi və böyük rezonans yaratdı. Şəklin yayımlanmasından sonra
ABŞ-da Vyetnam müharibəsi əleyhinə etiraz dalğası başladı.
Prezident Nikson böyük-səs-küy yaradan həmin şəkli “saxta”
adlandırsa da, müəllif bunları demişdi: “ Bu şəkil Vyetnamda
müharibənin özü necə realdırsa, elə realdır”. Beləliklə sözügedən
şəklə görə Nik Yut Pulitzer mükafatına layiq görülür.
Əfqan qızının izinə düşən fotoqraf...
Məşhur fotoqraf Stiv Makkari (Steve McCurry) Əfqanıstan müharibəsində çəkdiyi şəkillərlə fotoqraflığa başlayıb, bu şəkillərlə məşhurlaşıb. 1979-cu ildə adi bir şəxs kimi əfqan qiyafəsində Əfqanıstan-Pakistan sərhəddini keçdi. O, hökümət qoşunları ilə üsyançı qruplar arasındakı toqquşmaları işıqlandırmaq istəyirdi. Çəkdiyi fotoları qorumaq üçün o, heç kimin ağlına gəlməyən metoda əl atmış, fotoplyonkaları müsəlman qadınların geyindiyi çadraya--türbana tikmişdi. Bu şəkillərdən bir neçəsi “Nyu York Tayms” qəzetində çap olunsa da, o dövrdə Əfqanıstan o qədər də beynəlxalq medianın diqqətini cəlb etmirdi. Lakin SSRİ-Əfqanıstan müharibəsinin başlaması situasiyanı dəyişdi. Bu dəfə Qərbin aparıcı informasiya agentlikləri bölgədə təcrübəsi olan Stiv Makkarinin fotolarını böyük həvəslə izləyirdi, bu şəkillər “Stern”, “Times”, «Paris Match», “Newsweek”, “Life” kimi dünyaca məşhur jurnalların səhifələridə yer aldı. 1984-cü ildə puştu qaçqınların düşərgəsində ancaq qızlardan ibarət sinifdə çəkdiyi 12 yaşlı yaşılgözlü əfqan qızın şəkli tezliklə məşhurlaşdı. “Düşünmürdüm ki, bu şəkil digər çəkilişlərdən nəyləsə fərqlənəcək.”—deyə müəllif şəklin məşhurlaşmasından sonra təəccübünü gizlətməmişdi. “Əfqan qızı”nın 1985-ci ildə “National Geographic” jurnalının üz qabığında dərc edilməsi fotonu daha çox populyarlaşdırdı. Milli Coğrafiya Cəmiyyəti onu yüz ən yaxşı şəkil siyahısına daxil etdi, 2005-ci ildə jurnalın üz qabığı “ 40 il ərzində ən yaxşı jurnal qabığı”nda onluğa düşdü.
Maraqlıdır ki, 2002-ci ildə məşhurlaşan , lakin heç kimin adını belə bilmədiyi əfqan qızını fotoqraf Stiv Makkari və “ National Geographic” komandası axtarmağa başlayır, həmin qadının yenidən şəklini çəkir. İllərin dəyişdirdiyi və fotoqrafa uğur gətirən qadın Şərbət Gülün yeni fotosu dünyaya təqdim edilir.
Xəyal Hüseynov
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO