“O sürünməyin nəticəsi olaraq bu gün Məcnun kimi tanınıram“
Bizi izləyin

Brendlərin tarixi

“O sürünməyin nəticəsi olaraq bu gün Məcnun kimi tanınıram“

Ötən il "Muğam aləmi" II Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni quruluşda nümayiş etdirilib.

Leyli rolunu xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu isə xalq artisti Mənsum İbrahimov ifa edib.

Operanı paytaxt sakinləri ilə yanaşı, beynəlxalq festivalın iştirakçıları da maraqla izləyiblər.

Operanın əsas qəhrəmanlarından birinin - Mənsum İbrahimovun "Publika.Az"-a müsahibəsini təqdim edirik:

- Həmişə uğurlarınızla gündəmə gəlmisiniz. Məcnun rolunu 113 dəfə oynamısınız. Bunu rekord saymaq olar. Ümumiyyətlə uğur qazanmaq üçün hansısa düsturunuz varmı?

-Tərəzi bürcüyəm. Uşaqlıqdan nə istədiyimi, nəyin axtarışında olduğumu çox gözəl bilirəm. Bu insana cəmiyyətdə özünə yer tapmaqda kömək edir. İnsan qarşısına sevdiyi, arzusunda olduğu məqsədi qoyanda və ona doğru addımlayanda çəkdiyi əziyyətin də fərqinə varmır. Çünki sevdiyi işlə məşğul olur. Bu yaşıma kimi heç bir işimə məsuliyyətsiz yanaşmamışam. "Ya birinci olmaq, ya da olmamaq"-mənim həyat devizim budur. Amma bu, boş iddiadan ibarət olmalı deyil. Bunun arxasında yuxusuz gecələr, əziyyət dayanır. Döyülürsən də, vurulursan da, haqsızlığa da uğrayırsan... Bütün bunlara dözsən, əziyyətinin bəhrəsi olacaq.

-Özünüzü şanslı insan hesab edirsiniz?

-Həyatda bütün insanlara şans verilir, insan gərək onu dəyərləndirsin. Əziyyət çəkməsə, əlbəttə ki, uğur qazanmayacaq. Mən tələbə idim, qrup yoldaşlarımın elə gözəl səsi var idi. Fikirləşirdim ki, onlar məndən güclüdür. Allah onlara səs verib ki, bundan istifadə etsinlər. Amma qiymətləndirmədilər, ona görə də bu gün sənətdə yoxdular. Çoxları gedib restoranda oxudular. Mən teatrda cəmi 80 rubl maaş alırdım və yalnız bununla dolanırdım. Məcnunun hazırlıqları gedəndə Hafiz Quliyevlə 6 ay sərasər məşq etdik. Köhnə paltarları geyinib məşq edirdik, orda Məcnunun sürünmə səhnəsi, filan var idi. Bir dəfə yaşlı sənətkarlarımızdan biri dedi ki, operaya süpürgəçi lazım deyil, daha elə sən özün buranı təmizləyirsən. Amma o sürünməyin nəticəsi olaraq mən bu gün Məcnun kimi tanınıram. Mütləq obrazı yaşamaq lazımdır. Birinci tamaşam sensasiya yaratmışdı. İndi həmin lenti gizlədirəm. Hər şey yaxşı idi, sadəcə hissiyat yox idi. 113 dəfə Məcnunu oxumuşam, hər ifadan sonra dəyişikliyi hiss edirəm. Hər tamaşa mənim üçün imtahandır. Yeddi Leylisi olan Məcnunam. Yeddisi də Azərbaycanın sevilən xanımıdır.

-Qəribədir, obrazla adınızda da bənzərlik var. Bəzən səhvən sizə Məcnun deyərək müraciət edəndə reaksiyanız necə olur? Obraz sizə nə dərəcədə yaxındır?

-Ümumiyyətlə, teatrda çox vaxt mənə Məcnun deyirlər. Bu mənim uğurumdur. Xarakterimdə Məcnunluq var. Mən vətənimin, xalqımın, övladımın Məcnunuyam. Bir dəfə yaxın dostum tamaşaya gəldi, baxdı. Tamaşadan sonra mənə dedi ki, bu nə zülmdür, sən çəkirsən. Amma o anlamırdı ki, bütün çəkdiyim əziyyət mənə zövq verir.

-Haqqınızda bu qədər gözəl fikirlərin formalaşmasında da əziyyətiniz çox böyükdür...

-İnsan niyə yaşadığını bilməlidir. Yaşayırsansa, ətrafa xeyir verməlisən. Əlbəttə ki, günahsız, səhvsiz insan yoxdur. Amma insan yaşının istənilən vaxtında zəif cəhətini düzəldə bilər. Uşaqlıqdan belə tərbiyə almışam ki, heç vaxt haqsız işə "amin" deməyim. Atama da deyirəm ki, bizə çox gözəl tərbiyə vermisən. Sevinirəm ki, dünya malında gözüm yoxdur. Gözü toxam. Yeməyi də az yeyirəm, oxuyanda da az oxuyuram. Hər şeyin azı gözəldir. İnsan şükür etməyi bacarırsa, rahat yaşayır. Bir də həyatda ən çəkindiyim məqam övladın valideynə görə kiminsə qarşısında utanmasıdır. Vay o gündən ki, yaşlı insan səhv etsin. Bunun üçün də hər gün özümə hesabat verirəm. Şərt necə yaşamaqdır, nə qədər yaşamaq deyil.

Səltənət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm