Həkim rəyi: Keçmiş baş nazir sağlamdı və edam oluna bilər
Bizi izləyin

Brendlərin tarixi

Həkim rəyi: Keçmiş baş nazir sağlamdı və edam oluna bilər

Qırmızı şərabdan imtina etdi, siqaretdən yox. Tüstünü sinə dolusu içinə alıb havaya buraxdı. Bir daha... bir daha... Dar ağacına baxdı və bunları söylədi: "Dünyadan ayrıldığım bu anda ailəmi və uşaqlarımı şəfqətlə andığımı onlara çatdırın. Vətəni və Milləti Allah rifah içində saxlasın".

İllərdən 1961-di. Sentyabrın 17-si, gesə saat 02.31. Onun asılacaığı dar ağacından bir gün öncə çox yaxın silahdaşı və dostu Fatin Rüştü Zorlu ipə çəkilmişdi...

Türkeşin duyarısı

Türkiyə sabahını yeni bir günə açırdı. Amma bu sabah hər gün açılan sabahlardan fərqliydi. Yuxudan ayılan və gözlərini ovuşduru-ovuşdura nə baş verdiyini anlamayan türk xalqı radiodan dalğa-dalğa hər evə yayılan polkovnik Alparslan Türkeşin səsini dinləyirdi: "Bu gün demokratiyanın içinə düşdüyü böhran və son məlum hadisələr sonucunda qardaş qırğının qarşısını almaq məqsədi ilə Türk Silahlı Qüvvələri məmləkətin idarəsini öz əlinə almışdır".

Bir neçə ildən sonra türk millətçilərinin simvoluna çevriləcək Alparslan Türkeş qalın səslə Türkiyə Silahlı Qüuvvətlərinin hakimiyyətə əl qoyduğunu xalqa belə duyurdu. Bu duyurudan belə heç bir şey anlamayan xalq nəfəsini içinə çəkdi.

Türkiyə qatı bir səssizliyə qərq oldu. Səssizliyi yalnız küçələrdə hərəkət edən tanklar və əsgər ayaqlarının səsi pozurdu. Türkiyə Cümhuriyyət dönəminin ilk hərbi çevrilişini yaşayırdı.

Türkiyənin Baş naziri Adnan Menderes 27 may 1960-cı ildə Kütahyada həbs olunaraq Ankaraya gətirildi. Daha sonra prezident Cəlal Bayar, nazirlər və Demokrat Partiyadan olan millət vəkilləri illə birlikdə Yassıadaya götürüldü.

Türkiyədə yeni dönəmin başlanğıcı

7 dekabr 1945-ci il. Aydından millət vəkili olan Adnan Menderes hakim Cümhuriyyət Xalq Partiyasından xaric olunur. Onunla birlikdə Cəlal Bayar, Fuad Köprülü, Rafiq Qoraltan da hakim partiyadan ayrılır. Türkiyə Cümhuriyyəti tarixinə yeni səhifə açacaq Demokrat Partiyası da elə bu bəylər tərəfindən qurulur. Bir ildən sonra seçkilərə qatılırlar.

Hakim CHP bu seçkiləri 88 faizlə qazanır. Amma Demokrat Partiyası seçkilərin saxtalaşdırıldığını bildirir. DP ilə CHP, həmçinin Adnan Mendereslə Milli Şef İsmət Ünönü arasında ölümünə gedən savaş belə başladı.

1950-ci ilə gəlindiyində vəziyyət tamam dəyişmişdi. Seçkiləri 52,7 faiz səslə Demokrat Partiyası qazanmışdı. Cümhuriyyət tarixində ilk dəfə CHP müxalifətə keçmişdi. DP 420 millət vəkilinə sahib oludğu halda CHP ancaq 63 mandatı almışdı.

Türkiyədə yeni dönəm başlamışdı. DP sədri Cəlal Bayar prezident kürsüsünə oturmuş, pariyanın başına Adnan Menderes keçmişdi. Türkiyənin yeni Baş nazirinin 10 illik hakimiyyət dönəmi ölkənin daxili və xarici siyasətini təpədən dırnağa dəyişəcəkdi.

İstiqlal dönəmində

1899-cu ildə Aydında doğulan Adnanın atası kənd ağası idi. Menderes ata-anasını kiçik yaşlarında itirmişdi. Onu İzmirdə nənəsi böyütmüşdü. Tərəqqi məktəbində ilk təhsilini aldıqdan sonra Amerika kollecini daxil olmuşdu.

Kollecdə oxuyurkən sonra siyasi həyatların birləşdirəcəkləri Cəlal Bəyarla tanış olur. Yeniyetmə Adnan missonerlərə qarşı çıxmışdı və bununla bağlı bir sıra dövlət orqanlarına şikayət etmişdi. Şikayət etdiyi qurumların birinin başında Bayar dururdu.

Kolleci bitirib Ankaraya gələn Adnan hüquq fakültəsinə girdi. Birinci Dünya savaşında kiçik zabit olaraq vuruşdu. İstiqlal mücadiləsi zamanı "Ay-ulduz" dəstəsini qurdu. Sonradan bu dəstə Cümhuriyyətin nizamı ordusuna qatıldı. İstiqlal savaşı zamanı "İstiqlal" medalını aldı.

Türkiyə siyasətinə damğa vuran Adnan siyasətdə ilk addımını "Sərbəst firqə"yə qatılmasyıla başladı. 1930-cu ildi və sağ yönumlü "Sərbəst firqə" bağlandı. Elə həmin il CHP-yə üzv oldu və 1931-ci ildə Aydından millət vəkili seçildi.

CHP-də müxalifətçiliyi Milli Şef İsmət İnönünün torpaq islahatı layihəsi ilə başladı. Layihədə torpaqların və istehsal vasitələrinin milliləşdirilməsi nəzərdə tutulurdu. Menderes İnönünü Sovetlər Birliyində olduğu kimi kolxoz yaratmaqda ittiham etdi.

İnönü isə Menderesi torpaq ağası olmaqda günahlandırdı və məhz bu üzdən layihəyə qarşı çıxdığını irəli sürdü. Qarşılıqlı ittihamlar davam etdiyi bir şəraitdə partiyaiçi müxalifətə yol açması nədəni ilə Adnan Menderes və yoldaşları 1945-ci ildə partiyadan çıxarıldılar. Bir neçə gün sonra CHP-dən qovulan millət vəkilləri Cəlal Bayarın rəhbərliyi altında Demokrat Partiyasını elan etdilər. Menderes partiyada ikinci adam oldu.

Hakimiyyətə doğru

Demokrat Partiyasının qurulması Türkiyənin ən yeni tarixində böyük hadisəyə çevrildi. Cümhuriyyət tarixində ilk dəfə sağ mərkəz yönümlü partiya yaradılmış və bu partiya hakimiyyətə gəlməyi bacarmışdı. CHP-yə müxalif olan bütün kəsimlər DP-yə doğru istiqamətlənmişdi. Ən önəmlisi dindar türk kəsimi yeni partiyanın əsas tərfadarına çevrilirdi. 1947-ci il seçkisində CHP yönətiminə aydın oldu ki, qarşılarında heç bir zaman görmədiyi bir güc var.

Seçkilər hər nə qədər saxtalaşdırılsa belə, Demokrat Partiyasının ağırlığı və gücü ortada idi. Buna görə də hökümət, gələn basqılar üzərində 1950-ci ildə yeni seçkilərin keçirilməsi məcburiyyətində qaldı. Yeni seçkidə CHP məğlub oldu, Demokrat Partiyası təkbaşına hakimiyyətə gəldi. Bu, hər kəs üçün o qədər gözlənilməz və inanılmazdı ki...

Milli Şefin baş düşmənləri Cəlal Bayar və Adnan Menderes marşalın dəmir yumruqları arasında hakimiyyəti qoparıb almışdılar. Hər kəsə yuxarıdan aşağı baxan və bəzən anormal qərarları ilə hər kəsdə qəzəb hissləri oyadan Milli Şef özü qəzəbinin içində boğulurdu...

Türkiyə dəyişməyə başladı. Uzun illərdən sonra minarələrdən ərəb dilində azan oxumaq yasağı ortadan qaldırıldı. Türkiyə iqtisadiyyatı sərbəstləşdirilidi və kənd təsərrüfatı ölkəsi olmaqdan çıxıb sənaye ölkələri arasında yer aldı. Menderes sənayeləşmə planını Marşall planına uyğun həyata keçirirdi. ABŞ-dan gələn kreditlər hesabına iqtisadiyyat yeniləşdirilir və Türkiyədə şəhərləşəmə sürətlə inkişaf edirdi.

Həmin dönəmdə türk pullarının üzərindən İsmət İnönünün şəkli yığışdırıldı, ancaq Atatürkün rəsmləri saxlandı. Koreya savşına qatılan Türkiyə bu yolla NATO-ya üzv oldu. Kiprdə uzun müzakirələrdən sonra yunan-türk idarəçiliyi yarandı və Kirp Respublikası elan olundu.

İqtisadi və mədəni modernləşmə - Qərbləşmə bütün sahələrdə özünü göstərməsinə rəğmən, Adnan Menderes höküməti öznün əsas gücünü dindar kəsimdən alırdı ki, bu da o dövrün təzadlarından biri kimi dəyərləndirilməlidir.

1953-cü ildə CHP-nin tək hakimiyyətlilik dönəmində qəsb etdiyi mallar müsadirə olunub dövlətə qaytarıldı. Bununla da iki partiya arasında münasibətlər normal çizgilərdən çıxdı. Menderes CHP-nin əsas tabanı olan "xalq evləri"ni qapatdı, bunula da iki partya arasında münasibətlər küçəyə çıxdı. Bundan əvvəl isə hərbi çevriliş hazırlamaq ittihamı ilə 15 generalı və 150 polkovniki ordudan tərxis edildi.

Menderesin Koreya savaşına qatılmaq qərarı Türkiyədə ciddi qarşıdurmalara yol açdı. Çünki bu qərar Türkiyənin o günə qədər yürütdüyü xarici siyasətə daban-dabana zidd idi. CHP bu məsələni az qala vətənə xəyanət halına qədər gətirib çıxardı. Amma məhz Koryea savaşına qatılmaq Türkiyəni yenidən beynəlxalq arenaya qaytardı və bu savaşdan sonra Türkiyə artıq regional güc olaraq digər güclərin arasında yer aldı.

Menderesin "Pirr qələbəsi"

1954-cü ildə keçirilən seçkilərdə Menderes inanılmaz zəfər qazandı. Amma 1955-dən başlayaraq iqtisadiyyatda bir çöküş yaşanmağa başlamışdı. Xarici borclar həddindən artıq şişmiş və iqtisadiyyatda durğunluq yaranmışdı. Bu durum narazıların artmasına və müxalifətin güclənməsinə gətirmişdi. Kiprdə gərginlik son həddə çatmışdı.

Kipr yunanlarının yaratdığı EOKA adada türk soyqırımı həyata keçirirdi. Menderes bunun müqabilində adada Türk Müqavimət Təşkilatını yaratdı. TMT Menderes tərəfindən örtülü hesabdan maliyyələşdirilirdi.

Londonda aparılan danışıqlar sırasında, bəzi türk qəzetləri1955-ci il 6 sentyabar gecəsində Atatürkün Selanikdəki evinin yunanlar tərəfindən bombalanması xəbərini yaydı. Xalq küçələrə töküldü. Yunanlara aid olan dükan və iş yerləri yandırıldı. Yunan kilsələrinə od vuruldu və bir keşiş öldürüldü.

CHP hökümətin istefasını tələb edirdi. Miili Şef Menderesi xəyanətkar elan elədi. Məclisin fövqəladə iclasında gərginlik son həddə çatdı. Bu durumda bir sıra millət vəkilləri Demokrat Partiyadan istefa verdilər, onların arasında Demokrat Partiaysının ən güclü fiqurlarından Fuad Köprülü və Hüsaməddin Cindoruq da vardı.

Partiya daxili müxalifət də böyüyürdü. Bir sıra nazirlər istefaya göndərildi. Böhran bütün Türkiyəni sarmışdı.

Vəziyyətdən çıxış yolu tapmaq üçün Demokrat Partiyasının qurultayı çağrıldı. Qurultay Adnan Menderesi yenidən sədr seçdi. Amma xalqdan bir daha etimad alınması gərəkirdi. Çünki müxalifət Menderesin etimadı qeyb etdiyini irəli sürməkdə idi.

1957-ci ildə keçirilən erkən seçkiləri DP yenidən qazandı. Amma buna qələbə belə demək olmazıdı. Bu olsa-olsa ancaq "Pirr qələbəsi"ydi. DP-nin 48 faiz səs toplpmasına rəğmən CHP 41 faiz səs almışdı. Menderes çöküşünün qapısında dayanmışdı.

Adna Menderesin dindar kəsim arasında böyük nüfuz sahibi olan Səid Nursi ilə münasibətləri CHP tərəfindən hər zaman top-tüfənglə qarşılanırdı. Səid Nursi 1923-cü ilin yanvarında Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışdan sonra Ankaranı tərk etmişdi. Bediüzzaman deyə anılan Nursi Ankaranın yürütdüyü dini siyasətə açıq şəkildə müxalifətçilik eləməklə Vana dönmüş və burda özünü tamamilə dünya işlərindən ayıraraq iman xidməti ilə məşğul olmuşdu.

Heç kimin gözləmədiyi halda Bediüzzaman birdən birə Demokrat Partiyanı dəstəklədi.

1957-ci il seçkilərində Menderes nazirlərini də yanına alıb Ankaraya gələn Bediüzzamanı ziyarət elədi. Bu isə İsmət İnönünün qəzəbinə səbəb oldu. Məclisdəki çıxışında Milli Şef: "Əfəndim, Siz şəriəti xortladırsınız, irticanı xortladırsınız. Bediüzzamanı gəzdirirsiniz..." söyləmişdi.

Menderes: "Allah eşqinə, Paşam, niyə bu qədər dindən, dindardan rahatsız olursunuz? Öləcəyinizi bilmirsinizmi?" deyə cavab verəndə İnönü yerindən qışqırmışdı:

"Əfəndim, siz Atatürkçülüyə istehza edirsiniz! Elə bir zaman gələcək ki, sizi mən özüm belə, qurtara bilməyəcəm".

Üç il sonra Milli Şefin söylədikləri həqiqətə çevrildi. Doğurdan da İnönü belə, Menderesi xilas edə bilmədi.

27 may çevrilişi

1959-cu ildə Kipr müqaviləsini imzalamaq üçün Londona uçan Menderesin təyyarəsi hava limanında parçalandı. Menderes möcüzə olaraq xəsarət almadan qurtuldu. Kipr müqaviləsini imzalayıb geri dönən Menderes möcüzə qurtuluşundan təbliğat kimi istifadə etməyə başladı. Allahın ölümdən qurtardığı Baş nazir CHP və İsmət İnönünün damarına bir daha basmışdı.

Çevrilişdən az öncə İstanbul, İzmir və Ankara böyük şəhərlərin küçələri solçu və sağçı tələbələrin savaş meydanına dönmüşdü. Keçirilən icazəsiz mtinqlərdə bir neçə gənc hökümət qüvvələri tərəfindən öldürülmüşdü.

Mayın 5-də minlərlə insan küçəyə çıxdı. Mayın 21-də isə Quru Qoşunları Hərbi Akademityasının tələbələri Ankarada səssiz yürüşə çıxaraq Menderəsə etirazlarını bildirdilər. Ordu zabitləri Menderesin yürütdyü daxili və xarici siyasətdən narazı idlər. Hesab edirdilər ki, Qərblə anlaşan Menderes Türkiyənin maraqlarını satır...

Mayın 27-də səhər saat 4 radələrində Alparslan Türkeş hərbçilərin hakimiyyəti ələ aldığını bildirdi.

Menderesin edamı kimə lazım idi?

Menderesin və onlarla digər dövlət adamının məhkəməsi bitəndə verilən ölüm hökmü hər kəsi şaşırdı. Qərb dövlətləri və bir çox türk təşkilatları edam cəzasının ləğv olunmasını tələb etdilər. Müraciətlərə əsasən prezident Cəlal Bayarın və bir çox digərlərinin ölüm hökmləri ləğv olundu. Amma Menderes edam olundu.

Mendersin edamını daha çox masonlarlə əlaqələndirilər. Çünki keçmiş Baş nazirin edamını masonlara bağlı olduğu iddia edilən mətbuat orqanları tələb edirdilər.

Demokrat Partiya ilə masonların əlaqələri ta əvvəldən vardı. Çünki partiyaının ilk sədri və Türkiyə prezidenti Cəlal Bayar mason lojasında yüksək bir dərəcəyə sahibdi. Edam hökmü çıxarılmasına rəğmən edam edilmədi. Baxmayaraq ki, irəli sürülən ittihamlara əsasən Bayar edam olunacaq birinci adamdı.

Menderesdən sonra bütün sağ mərkəz partiaylar onun siyasi mirasına sahib çıxmağa cəhd elədilər. Sülyeman Dəmirəldən Turqut Ozala, Tansu Çillərdən Məsud Yılmaza qədər hər bir lider özünü Menderesin siyasi varisi olaraq təqdim etdilər. Amma siyasi mirasçı Nəcməddin Ərbakan belə ola bilmədi.

Ölümündən əvvəl Menderes həkim müayinəsində keçirilərkən bu müayinəni özü üçün təhqir hesab elədi. Asılacaq birisi üçün sağlamlıq kağızının alınması gülüncdü.

Həkimlərin verdiyi rəy müsbət idi: Menderes sağlamdı və edam oluna bilərdi...

1961-ci il. 17 sentyabr. Saat 2.31. İmralı adası... Dar ağacı...

Azər Qaramanlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm