Kriminal
"Ailəmi öldürmək istəsəm, qumbaranı evin içinə atardım"

12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə ittiham olunan İntizam Nəcəfovun məhkəməsi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə dindirilən Nəcəfov özünü təqsirli bilməyib.
O, ifadəsində deyib ki, ittiham yalandır, əgər onları öldürmək niyyəti olsaydı, qumbaranı həyətdəki boş sahəyə yox, evin içinə atardı: “Mən özümü ancaq silaha görə təqsirli bilirəm. Nə evə ziyan vurmuşam, nə də kimisə öldürmək niyyətim olub. Belə niyyətim olsaydı, uzaqdan evin içinə atardım, heç kim də maneə ola bilməzdi”.
Onun keçmiş həyat yoldaşı S.Əhmədova da eks-ərinin dediklərini təsdiqləyib. Əhmədova məhkəmədə bildirib ki, ittihamda yazılanların bir çoxu həqiqətəuyğun deyil: “İttihamda haqsız şeylər yazılıb. O yazılanların heç biri olmayıb. Məsələn, bizim evimizdə qumbaradan dağıntı olmayıb. Qızlarımın məhkəməyə gəlməsini istəmirəm”.
Qeyd edək ki, hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. Cinayət işinin materiallarında iddia olunur ki, 40 yaşlı Nəcəfov həmin vaxt narkotik maddənin təsiri altında olub. O, “F-1” qumbarasını evə atmaq istəyəndə qızı mane olub və qumbara bağ sahəsinə düşüb.
Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.
İ.Nəcəfovun ittiham olunduğu özgə əmlakına zərər vurma və ya məhv etmə, qanunsuz silah saxlama, iki və daha çox adamı öldürməyə cəhd kimi əməllərə görə qanunda 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onun qumbaranı necə əldə etməsinə gəlincə, Nəcəfov istintaqda bildirib ki, 2020-ci ildə Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədən sonra Qarabağ zonasında işləyib. Onun sözlərinə görə, qumbaraları da həmin vaxt oradan taparaq götürüb.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilmişdi ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.
Gecə saat 3 radələrində Nəcəfov iki qumbara götürərək keçmiş ailəsinin yaşadığı ünvana gedib. O, əvvəlcə qumbaraların birini evin divarı yaxınlığına atıb və eks-arvadının küçə qapısını açmasını tələb edib. Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizlənib. ("Qafqazinfo")

-
Qarabağ 14:10
Sülhməramlılar tezliklə çıxacaq - Moskva Qarabağdan imtina edir
-
Dünya13:55
İki potensial təhlükə: iyunun 12-də Yerə yaxınlaşacaqlar
-
Sosial13:33
DSX-nin hərbçisi özünü güllələdi
-
Sosial13:00
Sabah 33 dərəcə isti olacaq
-
Elm və təhsil12:25
Fazil Mustafa ilk müəllimi ilə əlaqə saxlayır? - Ömür yolum çətin və ziddiyyətli olub
-
Region12:00
Türkiyədə raket zavodunda partlayış: Ölənlər var - Video
-
Magazin111:15
Tünzalə Əliyevanın həyat yoldaşı: "Qayınatam ikinci dəfə evlənməyimə icazə verdi"
-
Elm və təhsil10:40
Müəllim və valideynlərin narahatlığı - Təhsil islahatı, yoxsa baş aldatmaq?