Polkovnik koronaya yoluxdu, təkrar ekspertiza olacaq - 143 milyonluq yeyinti işində yeniliklər
Bizi izləyin

Kriminal

Polkovnik koronaya yoluxdu, təkrar ekspertiza olacaq - 143 milyonluq yeyinti işində yeniliklər

Müdafiə Nazirliyinin Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesin əvvəlində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfovun iştirak etmədiyi məlum olub.

Hakim qeyd edib ki, Nizami Məmmədovun vəkilləri Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini, ona əlavə sualları yarandığını deyiblər. Buna görə də məhkəmə onun təkrar məhkəməyə çağırılması barədə vəsatəti təmin edib.

Hakim deyib ki, Rafail Xələfovun vəkili ilə əlaqə saxlayıblar, amma səhhəti ilə bağlı prosesdə iştirak edə bilmir. Hakim bildirib ki, məhkəməyə təqdim olunan həkim arayışında Rafail Xələfovun COVID-19-a yoluxduğu məlum olub. Həmin arayışda göstərilir ki, Rafai Xələfov sentyabrın 17-də koronavirusa görə test verib və testin nəticəsi pozitiv çıxıb.

Hakim deyib ki, Rafail Xələfovun iştirakı növbəti iclasda təmin ediləcək.

Daha sonra təqsirləndirilən Bayram Bayramovun vəkilinin Müdafiə Nazirliyinə sorğu göndərilməsi barədə vəsatəti müzakirə edilib. Həmin vəsatətdə Bayram Bayramovun çalışdığı hərbi hissədə 2020-ci ilin dekabr ayında Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən çağırılan əsgər və zabitlərə ödənişlərin öyrənilməsi ilə bağlı sənədlərin məhkəməyə təqdim olunmasını istəyiblər.

Hakimlər vəsatəti təmin ediblər. Qərar icra olunması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndəriləcək.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə büdcədən ayrılan vəsaitdən kənarlaşma ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını istəyib.
Vəkil deyib ki, Cəlal Kazımov Ali Hərbi Məktəbdə işlədiyi dövrdə büdcədən ayrılan vəsaitdən heç bir kənarlaşma olmayıb: 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə 423 min 109 manat əlavə yazılıb, bunu müəyyən etmək üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması zəruridir. Vəkil ekspertizasının keçirilməsində Cəlal Kazımovun özünün də iştirak etməsini istəyib.

Məhkəmə vəsatəti qismən təmin edib.

Qərarda göstərilib ki, 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə olan kənarlaşmanın müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunub. Amma Cəlal Kazımovun ekspertizanın keçirilməsində iştirak etməsi təmin edilməyib.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzini həbsdə olan maliyyə xidmət rəisi Rəşad Məlikzadənin təkrar dindirilməsini istəyib.

Vəkil deyib ki, iş üzrə ən çox ziyanı olan şəxslərdən biri də Rəşad Məlikzadədir, onun tərəfindən ziyanın ödənilməsinin müəyyən edilməsi ilə bağlı sualları var. Vəkil həmçinin bildirib ki, Rəşad Məlikzadə ilə Rəfail Xələfovun arasında ziddiyyətlər var, bu ziddiyyətlərin araşdırılması üçün suallar yarana bilər.

Məhkəmə bu vəsatəti təmin etməyib.
Növbəti proses sentyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm