Kraliçasayağı dəb: Viktorian üslubu müasir interpretasiyada – FOTOLAR
Bizi izləyin

Dəb

Kraliçasayağı dəb: Viktorian üslubu müasir interpretasiyada – FOTOLAR

Viktoriya Aleksandrina Britaniya tarixində 63 il taxtda olan ən məşhur kraliçadır. O, hakimiyyətdə olduğu müddətdə İngiltərə çox inkişaf etmişdi. Onun hakimiyyətdə olduğu dövrü "Viktorian epoxası" da adlandırırlar. Britaniya imperiyasının istər siyasi, istərsə də mədəni, elmi sahədə çiçəklənmə dövrü sayılan viktorian epoxası dəb sənayesinə də təsirsiz ötüşməyib.

Viktoriya hakimiyyətə gələndə çox gənc olsa da, enerjili idi. Onun qəlbində sönməyən, böyük bir həyat eşqi yaşayırdı. Sözsüz ki, bu hiss qadının üzündə və zərif obrazında əks olunmaya bilməzdi. Viktoriya heç kimə bənzəməyi sevmirdi. Bu dahi qadın özünəməxsus şəkildə geyinir və hər dəfə fərdiliyini vurğulamağa çalışırdı.

Publika.az-ın "Moda inqilabları" layihəsində Viktoriyan üslubunun əsas cəhətlərindən danışmışıq.

Bu geyim tərzi 19-cu əsrin ortalarından sonuna qədər olan müddəti əhatə edib. Bu müddət ərzində üslub dəbin təsiri nəticəsində xeyli dəyişikliyə uğrayıb. Buna baxmayaraq, özünəməxsus parlaq və fərqli cəhətlərini qoruyub saxlaya bilib. Viktoriyan üslubunun əsas cəhəti bədən quruluşunu və xətlərini nəzərə çarpan göstərməsidir. Ona görə əsas siluet "qum saatı" formasını xatırladır. Qadınlar belinin incə görünməsi üçün korseti var gücü ilə sıxır, döşəməyə qədər uzanan çoxqatlı yubkalar geyinirdilər. Qolun həcmi də kifayət qədər geniş idi. Paltarlar bir qayda olaraq ipək, məxmər, satin, atlas kimi nəcib və bahalı parçalardan tikilirdi. Populyar rənglər arasında tünd qırmızı, tünd göy, ağ, zümrüd rəngi var idi.

Xüsusi diqqət dekorlara yetirilmişdi. Büzmə haşiyələr, bağlar, lentlər, bantlar viktorian üslubunun mütləq atributları sayılırdı. Ağappaq yaxalıqlar və manjetlərdə tikmələr nəzərə çarpırdı. Makiyaj parlaqlığı ilə seçilmirdi, lakin əvəzində saç düzümləri təmtəraqlı olmalı idi. Hündür saç düzümləri qiymətli daşlar, nazik zəncirlər və.s aksessuarları ilə bəzədilirdi.

Müasir geyim üslubunda viktorian üslubunun təsiri

Viktorian üslubunun tamamilə itkin düşməsi barədə danışmaq olmaz. Müasir qadın geyimlərində viktorian üslubunun elementləri olmadan təsəvvür etmək mümkün deyil, lakin gündəlik həyatda heç bir xanım kraliça Viktoriya kimi təmtəraqlı paltarlar geyinmir. Zamanın tələbləri ilə qadın geyimləri də dəyişib. Onun bir çox cəhətləri və elementləri hələ də aktualdır və XXI vaxtaşırı olaraq müxtəlif dizaynerlərin kolleksiyalarında ortaya çıxır.

Təmtəraqlı parça

Trikotaj və cins parçaların dəb dünyasını ələ keçirdiyi bir vaxtda məxmər, atlas, ipək və digər bu kimi bahalı materiallar hələ də öz aktuallığını qoruyub saxlaya bilib. Viktorian üslubunda geyim hazırlayan dizaynerlər kaşmir, atlas, ipək və məxmər kimi yalnız təbii, zəngin parçadan istifadə edirlər. Parçalarda rəng ahənginin eyni olmasına xüsusi fikir verilsə də, müxtəlif fakturalı parçaların birləşdirilməsi qəbahət sayılmır. Dizaynerlər onlardan bluzlar, ətəklər, pencəklər, hətta ayaqqabılar da yaradır.

Çoxqatlı ətəklər

ХIХ əsrdə qadın paltarının daha enli görünməsi üçün onun altında krinolin və bir neçə qat yubka olurdu. Çoxqatlılıq prinsipinə dizaynerlər bu gün də əməl edir. Lakin indi onlar əvvəlkilər qədər enli deyil, hətta bəzən şəffaflığa da yol verirlər. Yubkaların uzunluqları isə müxtəlifdir.

Qum saatı silueti müasir interpretasiyada

Viktorian üslubu öz əsas mahiyyətini qoruyub saxlayıb, amma bu fason indi çox maraqlı variantda təqdim olunur. "Balmain" moda evinin təklif etdiyi fasonlar qadınlar özünü kraliçalar kimi xüsusi hiss edəcək.

Tikmələr, bağ, büzmə haşiyələr, bantlar

Tikmələr, bağ, büzmə haşiyələr, bantlar viktorian tərzinin maraqlı detallarından biridir. Belə dekorlar hazırda çox aktualdır və ildən-ilə öz yerini daha möhkəmlədir. Yay alış-verişinə çıxanda bu trendlərə mütləq nəzər salın.

Şal və yaxa sancaqları

Viktorian tərzində dəbdəbəli paltarların tikilməsi böyük zəhmət tələb edən iş olduğu üçün çox çətinliklə başa gəlir. O dövrün geyimlərində zəngin naxışlar, tikmələrdən geniş istifadə olunurdu. Paltarın romantik və ya nəcib alınması üçün krujeva detalları gözə dəyirdi. 19-cu əsrin mühüm dəb elementi - çiyin örtüyü və ya dəbdəbəli şallar idi. Ürək, göyərçin, ilan, gül və sair bu kimi zinət əşyaları və broşlar da viktorian üslubunun zəruri bəzək əşyaları sayılır. Müasir qadınlar bu gün obrazlarına klassik şallar əlavə etməklə viktorian üslubuna nail ola bilərlər.

Yüksək yaxalıqlar və həcmli qollar

Viktorian üslubunun əsas fərqləndirici xüsusiyyətlərindən biri də həcmli qollar, yuxarı qaldırılmış, eyni zamanda boğaza yapışmış büzməli yaxalıqlardır. Onların hələ də aktual olması bir daha sübut edir ki, dəb dövri və öz ənənələrinə sadiqdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm