Torpaq davası qızışır: Putinin səfəri təxirə salına bilər
Bizi izləyin

Dünya

Torpaq davası qızışır: Putinin səfəri təxirə salına bilər

Yaponiyanın etirazlarına baxmayaraq, Rusiyanın baş naziri Dmitri Medvedevin Kuril adalarına səfər etməsi Moskva-Tokio münasibətlərində gərginliyi artırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya hökuməti xarici işlər naziri Fumio Kisidının Rusiyaya səfərinin təxirə salınması barədə qərar qəbul edib.

İki ölkə arasındakı gərginliyin nəticəsi yalnız sözügedən səfərin təxirə salınması ilə yekunlaşmaya bilər. Ekspertlər Rusiya prezidenti Vladimir Putinin Tokioya qarşıdakı səfərinin ləğvini də proqnozlaşdırırlar. Rusiyanın “Vedomosti” nəşrinin yazdığına görə, Kuril adaları mübahisəsi son beş ildə iki ölkə arasındakı münasibətləri üç dəfə ən aşağı səviyyəyə salıb.

Rusiya hökumətinin başçısı ötən həftənin şənbə günü İturupu adasına səfər edib. Baş nazir Kuril adalarında tikilən obyektlərlə tanış olub. Tokio sözügedən səfərin təxirə salınmasını tələb etsə də, Rusiya hökumətindən bildirilib ki, Rusiya baş nazirinin ölkə daxilindəki səfərlərinin marşrutu Moskva tərəfindən müstəqil şəkildə müəyyənləşdirilir. Medvedevin özü də bildirib ki, Kuril adaları Rusiyanın bir hissəsidir və buna görə də rus məmurları adalara getməkdə davam edəcəklər.

Medvedevin Kuril adalarına səfərinə qədər Yaponiyanın baş naziri Sindzo Abe ilə Vladimir Putin arasında əsas görüş Tokioda olmalı idi. Amma səfərin tarixi hələ açıqlanmayıb. Bu ilin mayında Tokioya səfər edən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşdə Yaponiyanın sabiq xarici işlər naziri Masaxiko Komura deyib ki, ərazi problem ilə bağlı sülh müqaviləsi bağlamaq istəyirlər və bunun üçün Putini Tokioda gözləyirlər.

Yaponiyanın baş naziri fevralın 7-də şimal ərazilərinin qayıdışı üçün ümummilli mitinqində Kuril adalarının cənub hissəsinin qaytarılması barədə Rusiya ilə sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirib. Lakin Medvedevin Kuril adalarına səfəri Moskvanın sülhə hazır olmadığını göstərmiş oldu.

Rusiya Elmlər Akademiyası Yaxın Şərq İnstitutunun Yaponiya Tədqiqatları Mərkəzinin rəhbəri Valeri Kistanov “Vedomosti” nəşrinə açıqlamasında bildirib ki, Moskvanın Kuril adaları üzrə mövqeyi həmişə qeyri-müəyyən olub və indi həmin mövqeyi kəskinləşdirir. Putinin Tokioya mümkün səfərinin ləğvinə toxunan Kistanov qeyd edib, səfərin ləğvi xarici siyasət baxımından Yaponiya üçün əlverişsizdir. Ekspertin fikrincə, Tokio Pekin və Moskvanın anti-yapon ittifaqında birləşməsi ehtimalını nəzərə almağa məcburdur.

Qeyd edək ki, SSRİ İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən Kuril adalarına nəzarəti ələ keçirib. Tokio Xabomoy, Şikotan, Etorofu və Kunaşir adalarına iddia edir. Moskva və Tokio arasında ərazi mübahisəsi ilə bağlı indiyə qədər sülh müqaviləsi imzalanmayıb. Kuril adalarında keçirilən son ictimai sorğu isə maraqlı bir nəticə ortaya çıxarıb. Burada yaşayan rusların çoxu belə adaların Yaponiyaya verilməsini istəyirlər.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin 1997-ci ildə imzaladığı bir müqavilədə adaların Yaponiyaya geri qaytarılması məsələsi əks olunub. İddialara görə, 1996-1997-ci illərdə Yaponiya baş naziri Hoşimotonun Moskva səfərində Yeltsin adaların qarşılığında Yaponiyadan 30 milyard dollar istəyib. Lakin Yaponiya tərəfi bu pulun çox olduğunu bildirib.

2000-ci ildə 3 günlük Yaponiya səfərində Vladimir Putin belə bir bəyanat verib: “Rusiya hökumətindən adaların Yaponiyaya veriləcəyinə dair bir söz belə eşitmisinizmi? Biz sadəcə danışıqlar aparırıq”.

Yaponiyanın keçmiş baş naziri İosiro Mori isə 2004-cü il martında Putinlə görüşündə Kuril adalarının Yaponiyaya qismən qaytarılması mövzusunda müəyyən anlaşma əldə etdiklərini açıqlayıb. Kuril adaları üzərindəki mübarizənin isə 2 səbəbinin olduğu qeyd edilir: siyasi və iqtisadi. Qarşılıqlı bəyanatlar və danışıqlar isə onu göstərir ki, bu problem hələ uzun müddət iki ölkə arasında həll olunmamış qalacaq. Baxmayaraq ki, 1956-ci ildə SSRİ adalardan ikisini Yaponiyaya vermək istəyib, amma bu cəhd ABŞ-ın təzyiqi nəticəsində uğursuzluqla nəticələnib. Bu təzyiqin səbəbi isə Yaponiya-Rusiya münasibətlərində ola biləcək yaxınlaşmaya maneçilik törətmək olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm