Gürcüstan parlamentinin sədri vəzifəsinə namizədin adı açıqlanıb
Bizi izləyin

Dünya

Gürcüstan parlamentinin sədri vəzifəsinə namizədin adı açıqlanıb

Noyabrın 6-da Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası siyasi şurasının iclası keçirilib.

Noyabrın 6-da Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası siyasi şurasının iclası keçirilib. İclasda oktyabr ayında keçirilmiş parlament seçkilərinin nəticələri, parlamentin sədri və sədr müavinləri vəzifələrinə namizədlər və digər məsələlər müzakirə olunub.

Hakim partiyanın üzvü, parlamentin deputatı Mahir Dərziyev AZƏRTAC-a müsahibəsində deyib: “Siyasi şuranın iclasından sonra partiyanın sədri, Baş nazir Georgi Kvirikaşvili, partiyanın baş katibi Kaxa Kaladze və icra katibi İrakli Kobaxidze partiyanın parlamentdəki çoxluq fraksiyasının üzvləri ilə görüşüblər. Görüşdə siyasi şurada müzakirə olunan məsələlərə baxılıb və bəzi məsələlər razılaşdırılıb”.

M.Dərziyevin sözlərinə görə, parlamentin sədri vəzifəsinə partiyanın icra katibi İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.

Parlament sədrinin birinci müavini postuna Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının sabiq sədri Tamara Çuqoşvlinin, sədrin müavinləri postuna isə Giya Volskiy və Zviad Dzidziqurinin namizədlikləri irəli sürülüb.

Siyasi şuranın iclasında parlamentin komitə sədrləri və sədr müavinlərinin də namizədlikləri müzakirə olunub, tövsiyələr irəli sürülüb. Çoxluq fraksiyası komitə sədrləri və sədr müavinləri postuna irəli sürülmüş namizədlərə münasibət bildirib.

M.Dərziyev bildirib ki, siyasi şuranın və çoxluq fraksiyasının qərarları parlamentin ilk iclasında müzakirə olunaraq təsdiq ediləcək. İlk iclas isə noyabrın 19-dək keçiriləcək.

Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçirilib. Bəzi dairələrdə seçkilərin nəticələri ləğv olunduğu, 73 majoritar dairənin 50-də namizədlərin heç biri 50 faizdən çox səs toplamadığı üçün oktyabrın 22-də təkrar seçkilər, oktyabrın 30-da isə majoritar dairələrdə seçkilərin ikinci turu keçirilib.

Hakim partiya proporsional və majoritar dairələrdə parlamentdəki 150 yerdən 115-ni əldə edərək mütləq çoxluğa sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm