Dünya
Dünyanın "ağ ciyəri" İFLİC OLDU: planetimiz üçün böyük fəlakət - ARAŞDIRMA
Dünyamızın AĞ CİYƏRLƏRİ yanır.
Yox, bu ifadəni ədəbi cümlə qurmaq məqsədilə işlətmədim.
Yeganə insan məskəni olan Yer kürəsinin coğrafi xəritəsinə quşbaxışı nəzər yetirəndə planetimizin sahəsinə görə ən kiçik qitəsi olan Avstraliyanın, həqiqətən də, insanın ağ ciyərinin bir parasına bənzədiyini görə bilərik. Avstraliya həm də təbiət baxımından Yer kürəsinin bütün bədəninə oksigen yayan orqanı – ciyərləridir.
Amma ötən ilin sentyabr ayından həmin ağ ciyərlərə od düşüb. Yeni Cənubi Uels, Şimal Sahili, Mərkəzi Şimal Sahili, Blu Mauntin və Haukesburi, Sidney Metropol ərazisi, Cənub yüksəklikləri, Cənub Sahili, Riverina, Viktoriya, Kvinslend, Cənubi Avstraliya, Kenquru adası, Qərbi Avstraliya, Avstraliya Paytaxt Ərazisi və Tasmaniyanı külə çevirən apokaliptik yanğınlar nəticəsində bu günə qədər 27 nəfər ölüb, 7 milyon hektara yaxın ərazi külə dönüb. 1 milyard canlı yanğından zərər görüb. 2 minə yaxın yaşayış, 3 minə qədər inzibati və təsərrüfat binası məhv olub. Alovun tüstü-dumanı qitədən 2-3 min km aralıda yerləşən Yeni Zelandiya, Çili və Braziliyaya belə çatıb.
Dünya tarixi genişmiqyaslı yanğınla Avstraliyada tanış olmayıb. Adətən, geniş meşə zolaqlarına sahib ABŞ-da təbii səbəblərdən belə hallara tez-tez rast gəlinsə də, yanğın lokallaşdırılıb və dəymiş ziyan aradan qaldırılmağa çalışılıb. Amma Avstraliya yanğınının miqyası övladının gözü qarşısında diri-diri yanmasını seyr edən və əlindən heç bir əlac gəlməyən ana Yer kürəsinin sinəsinə dağ çəkir. Çünki alovların verdiyi zərər təkcə mövcud insan nəslinin deyil, milyardlarla gələcək nəsil canlıların həyatında öz silinməz izini qara kül mürəkkəbi ilə buraxacaq.
Xüsusilə, ölkənin cənub-şərq sahilini cənginə alan amansız alov dilimləri Yeni Cənubi Uels və Viktoriya ştatlarının 170-ə yaxın nöqtəsini hələ də ağuşunda bəsləyir.
Avstraliya haradır?
Dünyanın ən yaxşı inkişaf etmiş ilk 10 ölkəsi sırasında uzun müddətdir ki, adını ekoloji təmiz şəkildə qoruyub saxlamağı bacaran Avstraliya dünyanın ilk insan məskənlərindən hesab olunur. Təsadüfi deyil ki, buradakı qayaüstü rəsmlərin yaşı məhz Asiya qitəsinin ən qədim insan izlərini qürurla öz sinəsində daşıyan Qobustan qayaüstü rəsmləri ilə müqayisə olunur. Bu və bir çox başqa səbəblərə görə Avstraliyanın Yer kürəsində, insanlıq tarixində əvəzolunmaz əhəmiyyəti var.
İnsanlar tərəfindən məskunlaşmış ən düzənlik və quru qitə olan Avstraliyanın sahəsi 7 milyon 617 min 930 kvadrat kilometrdir. Ərazinin olduqca böyük olması səbəbilə qitədə müxtəlif relyef formalarına rast gəlmək mümkündür. Belə ki, Avstraliyanın mərkəzi hissəsi səhralarla, şimal-şərq hissəsi tropik meşələrlə, cənub-şərq hissəsi isə dağlarla əhatə olunub.
Avstraliya dağ-mədən sənayesi, telekommunikasiya, bankçılıq və emaledici sənaye sahələrindən yüksək gəlir əldə edir. Məhz bunun sayəsində dünya miqyasında ən yaxşı inkişaf etmiş iqtisadiyyatlardan birinə malikdir.
Avstraliya ərazisinin əksər hissəsinin yarımsəhra və səhralardan ibarət olmasına baxmayaraq, burada Alp yaylalarından tropik cəngəlliklərə kimi müxtəlif landşaft növlərinə rast gəlinir. Qitənin qədim yaşı, hava şəraitinin müxtəlifliyi, uzunmüddətli coğrafi izolyasiya səbəbi ilə Avstraliyanın təbiəti öz müxtəlifliyi ilə seçilir. Təxminən, 12 min biocanlı növündən 9 mini endemikdir (yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki) . Güllü bitkilərdən 85 %-i, məməlilərdən 84 %-i, quşlardan 45 %-i, sahilyanı balıqlardan isə 89 %-i endemik növ sayılır. Getdiyi hər yerdə “izini” bu və ya digər şəkildə qoymağı bacaran avropalılar və aborigenlər isə bu qitədə də ənənələrindən kənar qalmayıb və bir çox bitki, heyvan növlərinin nəslinə son qoyub.
3 milyarddan çox yaşı olan bu müstəqil torpaq qurusunun indi 1% əkinçiliyə uyğun torpaqları, 55% otlaq sahəsi, 19% meşəlik ərazisi var. Belə getsə, o meşəlik ərazilərdən, deyəsən, bir yaralı barmağa dərman sürtmək üçün belə yaşıl bitki tapılmayacaq.
Qədim Qondvana materikinin bir hissəsi olan Avstraliya - mineral sərvətlərlə zəngin olan bu qədim yaşayış məskəninin təbii resurs potensialı ilə təminatı orta dünya göstəricisindən 20 dəfə yüksəkdir. Ölkə boksit, zirkonium və uran ehtiyatlarının həcminə görə dünyada 1-ci yerdədir.
Bütün bu müsbət şəraitə baxmayaraq, Avstraliya dünyanın ən quraq materikidir. Çünki cənub tropiki bu materiki tən ortadan kəsib keçir, deməli onun çox hissəsində tropik hava kütləsi və yüksək atmosfer təzyiqi qurşağı üstündür. Burada enən hava axınları, passatlar (xüsusi ilə şərq sahilinə təsir edir) və yağıntısız, aydın, buludsuz hava hakimdir. Avstraliyanın qərb hissəsinə müxtəlif hava kütlələri maneəsiz daxil olduğu halda, Böyük Suayrıcı silsiləsi şərqdən gələn rütubətli okean hava axınlarının qarşısını kəsib, materikin daxilinə buraxmır. Nəticədə Avstraliyanın şərq sahillərinə yağıntı çox, mərkəzi və qərb hissələrinə isə az düşür. Bu küləklərin də dəhşətli yanğınların yayılmasında az rolu yoxdur.
Uşaq saflığında təbiət parçası
Ekoloji təhlükəsizliyə əsaslanaraq Avstraliya ərazisinə bir çox malların, bitkilərin, taxta məmulatların, xəz, dəri və s.-in gətirilməsi qadağandır. Bundan əlavə, ölkənin materik ərazisindən Tasmaniya adasına gəlmiş insanlar da xüsusi ekoloji nəzarətdən keçirlər. Avstraliya təbiəti özünü uşaq saflığı ilə qorusa və minillər boyu özünəməxsusluğunu saxlasa da, antropogen təsirlər ona gün keçdikcə daha sürətli şəkildə təsir göstərməyə və dəyişdirməyə qətiyyətlə davam edir. Məhz bunun nəticəsidir ki, milyonlarla hektar ərazi yanır, canlı məhv olur, bir o qədəri də evsiz qalır. Bu rəqəmlərin rəsmi və ya qeyri-rəsmi olması isə Yer kürəsinin vecinə belə deyil. Çünki planet lap çoxdan qlobal istiləşmə, geridönüşü olmayan dəyişikliklərin təməlini qoyan “Homo-sapiens”lərdən küsüb.
Yanğına səbəb nə olub?
Meşə yanğınları Avstraliya üçün müntəzəm xüsusiyyətdir. Tez-tez ildırım çaxması kimi təbii səbəblərdən bir çox yanğın qaynaqlanır. Buna görə də yanğınlarda təkcə iqlim dəyişikliyi və ya artan istixana qazı emissiyalarını günahlandırmaq ədalətsizlik olar. Lakin mütəxəssislər dəyişən iqlim şəraitinin quraqlığı pik həddə çatdırdığını deyir. Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, 1920-ci ildən bəri havanın temperaturu həddindən artıq yüksəlib. Bu artım 1950-ci ildən bu yana intensiv hal alıb.
Avstraliyanın fəlakət qarşısında reaksiyası
Sürəti saatda 60 metrə çatan külək alovların daha böyük əraziyə yayılmasına səbəb olur və yanğınsöndürənlərin işini hər ötən gün daha da çətinləşdirir. 2017-ci ildən bəri qitə ən uzunömürlü quraqlıq mövsümünü yaşayır. Gözdən pərdə asan qiyafəsi ilə ölkənin ən ağır vəziyyətində ailəsi ilə birlikdə tətilə çıxdığı üçün üzr istəyib geri qayıdan baş nazir Skott Morrison tropik adaların birindən boylanaraq deyir ki, bu mövsümün uzanma ehtimalı yüksəkdir.
Yanğınların dayandırılması üçün nə edilir?
Skott Morrison ölkəyə təşrif buyurduqdan sonra ordudan 3 min əsgəri yanğınsöndürmə əməliyyatına cəlb edib. Bu çərçivədə sakinləri təhlükəsiz yerlərə təxliyə etmək və alovların yayılmasını dayandırmaq məqsədi qarşıya qoyulub. Yanğına qarşı 2,5 mindən çox professional yanğınsöndürən və yüzlərlə xüsusi texnika, o cümlədən, 90 təyyarə mübarizə aparır.
Ancaq Avstraliya hələ də aylarla yanğınları nəzarət altına almaq üçün gecə-gündüz çalışan yüz minlərlə könüllü yanğınsöndürənə güvənir.
Dünya nə edir?
Qitənin bir hissəsini cənginə alan yanğınlar, şübhəsiz ki, Yer kürəsinin iqlim şəraitinə, flora və faunasına, hazırkı və gələcək nəsillərin həyatına təsirsiz ötüşməyəcək. Lakin bütün bu təhlükələrin qarşısında onlarla ölkədən sadəcə ABŞ, Yeni Zelandiya və başqa bir neçə ölkə yığcam şəkildə canlı qüvvə və maliyyə vəsaiti yollayıb.
Məhz bu məqamda ürəkdən inanmaq istərdik ki, ABŞ prezidenti Donald Trampın iddia etdiyi kimi, qlobal istiləşmə, iqlim dəyişikliyi faktorları sadəcə dünyadakı supergüclərdən pul sağmaq məqsədilə uydurulmuş cəfəngiyyatlardır. İnsanlığın yeganə evi olan Yer kürəsi və onun kiçik sakinlərini heç bir təhlükə gözləmir.
Mövzunun professional və elmi yanaşmalarını ekspertlərdən öyrəndik.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Publika.az-a açıqlamasında bildirdi ki, Avstraliya qitəsində yanğın hadisələri müntəzəm şəkildə baş verir:
“10 il əvvəl də - 2009-cu ildə böyük bir dövrü əhatə edən yanğınlar baş vermişdi və bu fəlakətdən dəyən ziyan ətraf mühitə, biomüxtəlifliyə çox güclü təsir göstərmişdi. Özü də təkcə, Avstraliya qitəsinə yox, bütün dünyaya, qlobal iqlim şəraitinə böyük təsirləri olur. Avstraliya yanğınları qitədə milyonlarla biocanlıya, mikroorqanizmlərə, torpağın münbit qatına və biosferə ziyan verdi. Ən başlıcası, qlobal miqyasda atmosferə təsir göstərir. Çünki yanma prosesinin məhsulu karbon-dioksiddir. Bu maddə də qlobal iqlim dəyişikliklərinə təsir göstərir. İndi həmin qitədə yay mövsümüdür. Əgər qış mövsümünə düşsəydi, yağıntı alovların lokallaşdırılmasına müəyyən qədər yardım edə bilərdi. Amma havaların isti keçməsi və tropik iqlim şəraitinin hökm sürməsi, uzun müddət yağışların düşməməsi yanğının böyüməsinə gətirib çıxardı.
Dünyanın 200-ə yaxın ölkəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvüdür. O cümlədən, Avstraliya və Azərbaycan da bu müqaviləyə imza atıb. İqtisadi hesablamalar göstərir ki, Avstraliyada yanan 7 milyon hektar ərazidən atılan emissiyalar dünya emissiya rezervinin kifayət qədər əsas hissəsini təşkil edir. Qaz halında diffuziya sürətli olduğu üçün bu emissiyalar Cənubi Amerika qitəsinə çatıb. Təqribən 12 min kilometrdən çox məsafə qət edərək Braziliya, Argentina, Çilinin atmosferinə qarışıb. Bu emissiyalar yayıldıqca bütün ölkələrə təsirini müşahidə edəcəyik. Beləliklə, Avstraliya yanğınlarının lokal təsiri torpağın deqradasiyası, münbit qatının yanması, oradakı orqanizmlərin, fauna və floranın məhv olması ilə nəticələnəcək. Hətta bir çox endemik növlərin nəslinin kəsilmə ehtimalı da mövcuddur. Yanğınların qlobal təsirlərini isə əsasən, Yerin atmosfer qatında görəcəyik. Məsələn, uçucu üzvi birləşmələrin, ağır metalların oksigenlə birləşməsi atmosfer qatında çirklilik yaradacaq. Yanğın miqyasını okean sularına qədər genişləndirsə, faciə daha da artacaq.
Professor qeyd etdi ki, dünya ölkələrinin Avstraliyaya gec kömək etməsinin səbəbi belə yanğınların qitə üçün səciyyəvi olmasından irəli gəlib: “Dünya ölkələri bu məsələyə ciddi yanaşmadı. Elə hesab etdilər ki, bu, təkcə Avstraliyanın daxili, milli məsələsidir. Amma yanğının həm müddəti, həm də miqyası böyüdüyünə görə, artıq dünya ölkələri bunu özlərinə istiqamətlənmiş təhlükə kimi qiymətləndirdi və hərəkətə keçdi. BMT Konvensiyası və 160-dan çox ölkənin imzaladığı Paris İqlim Dəyişikliyi Müqaviləsinin şərtlərinə görə, üzv ölkələr fəlakət baş verən bölgəyə yardım etməlidir. Çünki dəyən ziyanın miqyası böyükdür. Hazırda 1,5 milyard dollarlıq ziyandan söhbət gedir”.
İslam Mustafayevin sözlərinə görə, Avstraliyanın zərər görmüş təbiətinin özünübərpası üçün müəyyən zaman tələb olunur: “Təbiət hər zaman özünü bərpa edir. Lakin Avstraliyada yanğın hələ də davam edir. Nə zaman başa çatacağı isə bəlli deyil. Buna görə də dəymiş ziyanın səviyyəsini dəqiq müəyyən etmək hələ ki, mümkün deyil. Meşələr öz-özünə bərpa oluna bilməyəcək. Yeni ağaclar, bitkilər əkilməlidir. O bitkilərin böyüməsi üçün də orta hesabla, 10-15 il müddət lazımdır.
Professor genişmiqyaslı yanğınların səciyyəvi olduğu yerlərdə ehtimal edilən faciələrin qarşısının alınması üçün beynəlxalq səviyyəli proqram hazırlanmasının vacib olduğunu vurğuladı: “Ayrı-ayrı ölkələrdə baş verən hadisələrin təsiri qlobal səviyyədə özünü göstərir. Buna görə də həmin hadisələrə ölkələrin daxili məsələsi kimi baxmaqdan imtina etmək lazımdır. Bunun üçün çevik hərəkət edə bilən, lazımi texnika ilə təchiz edilmiş qurum yaradılmalı, bu işlərin mütəxəssisləri yetişdirilməlidir. Çünki son nəticədə, ziyan görən Yer kürəsi olur”.
Onun sözlərinə görə, Azərbaycanla Avstraliyanın texniki imkanları, resursları fərqlənir. Buna görə də ölkəmizin bu faciə ilə mübarizədə Avstraliyaya texniki, insan potensialı baxımından kömək etməsi o qədər məqsədəuyğun deyil. Çünki ölkəmizin insan resursları o qədər böyük deyil. Amma hər halda, təşkilati, maliyyə məsələlərində xırda köməklik göstərmək olar.
Böyük Britaniyanın Bristol Universitetinin Ətraf mühit siyasəti və idarəetməsi ixtisası üzrə məzunu, ekspert Cavid Qara mövzu ilə bağlı fikirlərini bildirərkən bir neçə məqama diqqət çəkdi:
“Bildiyim qədərilə, Yeni Zelandiya, ABŞ, Kanada və bir neçə başqa ölkə yanğınlara qarşı mübarizəyə qoşulub. Amma Avstraliya kimi bir ölkənin maddi baxımdan köməyə ehtiyacı yoxdur. Çünki kifayət qədər resursa malikdir. Texnika ilə kömək etmək lazım gələ bilər. Lakin Avstraliya hökuməti bu yanğınlara adekvat cavab verməyib. Orada hazırda radikal sağçı hökumət iqtidardadır və onlar üçün yanğını söndürmək artıq xərcdən ibarətdir. Bu da onların ümumi yanaşmasının nəticəsidir. Kapitalist zehniyyətə görə, yanğından sonra baş verə biləcək potensial iqtisadi itki yanğınsöndürmə xərclərini üstələmirsə, onda bu xərci ayırmırlar. Səthi təəssürat yaradırlar ki, guya nəsə edilir. Amma əslində edilmir. Hökumət bu yanğınlara adekvat resurs cəlb etməyib və etməyəcək. Bu təcrübə özünü ABŞ-da da göstərmişdi. Kaliforniya yanğınlarında Donald Tramp büdcədən ayrılan pulu boşuna sərfiyyat kimi dəyərləndirmişdi. Avstraliya da yanğınsöndürmə xərclərinə maksimum qənaət etməyə çalışır. Çünki yanğın bu ölkə üçün səciyyəvi haldır. Hökumət açıqlayır ki, yanğınsöndürməyə 2 milyard dollar pul xərclənib. Bu da Avstraliya kimi güclü iqtisadiyyatı olan ölkə üçün heç nədir.
Son məlumata görə, ölkədə 8 milyon hektar ərazi yanıb. Bu, Azərbaycan Respublikasının bütöv ərasizi boyda yer deməkdir. Amma hökumət cəmi 2 min yanğınsöndürəni prosesə cəlb edib. Bundan başqa, könüllülər də var. Ordudan da kömək istəyiblər. İanələrin toplanmasına gəldikdə, bu, insanların sadəlövhlüyündən istifadə etməkdən başqa bir şey deyil. Avstraliya dünyada ən böyük kömür, həmçinin, təbii qaz ixracatçılarından biridir. Onun iqtisadiyyatı tamamilə təbii resurslar üzərində qurulub. Yəni, yetəri qədər varlı ölkədir”.
Ekspert vurğulayıb ki, məsələyə həm də sosial ədalətsizlik prizmasından yanaşmaq vacibdir: “Məsələn, yanğınsöndürmə kasıb və varlılar yaşayan ərazilərdə necə aparılıb, fəlakət həmin ərazilərə nə qədər zərər verib? Bu məsələlər araşdırılmalıdır”.
C.Qara bildirdi ki, radikal sağ hökumət üçün Avstraliya qitəsində yaşayan minlərlə endemik canlı və onların nəslinin kəsilmə təhlükəsi əhəmiyyət daşımır: “Onlar üçün belə ifadələr söz oyunundan ibarətdir. Amma onu da qeyd edim ki, hazırda orada hansısa canlı nəsil kəsilmək təhlükəsi ilə üz-üzə qalmayıb. Çox nadir canlı var ki, nəslinin kəsilmə təhlükəsi əsaslandırılıb. Lakin bu, o demək deyil ki, onların nəsli kəsiləcək. Heyvanların sayları azalsa da, növbəti illərdə təbiətin özünübərpa prosesi zamanı yenidən həmin göstərici təmin olunacaq. Bioloji kütlə 5-10 il ərzində özünü sürətlə bərpa edəcək. Ekosistemin yanğından əvvəlki vəziyyətə qayıtması xeyli vaxt tələb etsə də, təbiət üçün bu zamanın heç bir əhəmiyyəti yoxdur”.
Ekspert qeyd etdi ki, Avstraliya yanğınlarının qlobal istiləşməyə töhfə verməsi inandırıcı deyil: “Qlobal karbon emissiyalarının qarşılığında bu yanğınlardan çıxan zərərli qazlar cüzidir. Qlobal istiləşməni sürətləndirəcək qədər ciddi faktor deyil. Orada yanğınlardan sonra əvvəlkindən daha sürətli təbii bərpa gedəcək. Bu cəhətdən problem yoxdur. Amma potensial yanğınların qarşısının alınması üçün uzunmüddətli yanaşma lazımdır. Bütün təsərrüfat fəaliyyətləri nəzərdən keçirilməlidir. Bəzi ərazilərdə məskunlaşma məhdudlaşdırılmalıdır. Bu yanğınları qlobal istiləşmə ilə əlaqələndirmək çətindir. Çünki bu, o demək deyil ki, gələn il bundan da güclü yanğın olacaq. Sadəcə olaraq vaxtaşırı yanğın olanda hər növbəti hadisə daha çox fəlakət törədə bilər. Bir baxımdan, bu yanğın təbiət üçün lazımlı idi. Çünki vaxtaşırı özünü bərpa etməyə ehtiyacı var. Yanğınlar adət halını alsa da, son hadisələrdə insan itkisi daha çox diqqət cəlb edir. 2009-cu il yanğınlarında 170 nəfərə yaxın insan ölmüşdü. Amma fəlakət bu qədər genişmiqyaslı deyildi. Çünki insanlar son illərdə potensial təhlükələri nəzərə almadan məskən salırlar. Ona görə də belə faciələrdə itki daha çox olur. İnsanlar təbiətə öz yanaşmaları ilə müdaxilə edirlər. Amma sonra o daha böyük fəlakətlər ortaya çıxarır. Məsələn, kütləvi şəkildə ağaclar əkirlər. Amma həmin ərazinin təbiəti, temperaturu, rütubətliliyi və şəraitini nəzərə almırlar. Bunlar da sonradan potensial yanğın məskənlərinə çevrilir”.
C.Qara Avstraliya yanğınları fonunda ölkənin sığorta bazarının fəaliyyətinə xüsusi diqqət çəkdi: “Yanğından sonra sığorta haqları və müqavilələrin sayında artım gözlənilir. Çünki insanlar hadisədən dərs çıxararaq potensial təhlükələrə qarşı sığorta olunmaq istəyəcəklər. Bu da bazarın böyüməsinə gətirib çıxaracaq. Yanğınların qarşısının alınmamasında müəyyən məqsədlilik də ola bilər. Sığorta bazarı Avstraliyada böyük həcmə malikdir. Əgər bu bazar çox ciddi, müflisləşəcək həddə ödənişlər qarşısında qalsa, həmin radikal sağ hökumət dotasiyalar edəcək, bunun da adını qoyacaqlar ki, bazar müflis olsa, insanlar işlərini itirəcək. Amma milyardlar qazananlar yenə də işlərini davam etdirəcək. Halbuki, insanların işini itirməsi prioritet olsa, onların maaşlarını əvvəlcədən vermək məsələni həll edə bilər”.
Zümrüd
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman23 Noyabr 20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial23 Noyabr 20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı