Türkiyə İŞİD qarşısında tək qalır: Vaşinqtondan ikibaşlı cavablar
Bizi izləyin

Dünya

Türkiyə İŞİD qarşısında tək qalır: Vaşinqtondan ikibaşlı cavablar

İŞİD terror təşkilatının Türkiyə sərhədində yerləşdiyi bir vaxtda Ankaranın strateji müttəfiqi sayılan Vaşinqtondan Suriyada “tampon bölgə”nin yaradılması məsələsi ilə bağlı ziddiyyətli açıqlamalar gəlir.

Türkiyə Suriyada İŞİD yaraqlılarına qarşı yerüstü əməliyyatlarda yalnız bir şərtlə iştirak edəcəyini bildirir ki, bu ölkə üzərində hava məkanı uçuşsuz zona elan edilsin. Dünən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti edən Fransa prezidenti Fransua Ollande Türkiyənin “tampon bölgə” təklifinə dəstək verib.

“Tampon bölgə hərbi variant olaraq danışıqlar masasında deyil”

Vaşinqtonun bu məsələ ilə bağlı mövqeyi isə Ankaranı qane edə bilməz. ABŞ dövlət katibi Con Kerrinin “bu məsələdə çox yaxından baxmağa dəyər” şəklindəki cavabı ilə ziddiyyət təşkil edən açıqlamalar ABŞ Müdafiə Nazirliyi və Ağ Evdən verilib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi “tampon bölgə” mövzusunun hazırda masada olmadığını söyləyib. Gündəlik mətbuat konfransında Türkiyə ilə “tampon bölgə” mövzusunda bir neçə dəfə müzakirələr apardığını deyən Kirbi qeyd edib ki, bu mövzu hazırda hərbi variant olaraq danışıqlar masasında deyil.

Türkiyənin ABŞ-ın liderlik etdiyi koalisiyaya verəcəyi faydaya gəlincə, Kirbi müdafiə naziri Çak Hegelin bu məsələdə mövqeyinin açıq olduğunu dilə gətirib: “Təbii ki, Türkiyənin yardımını görmək istəyirik. Suriya və İraqın qonşusu olduqları üçün hərbi baxımdan bizdə olmayan məlumatlara sahib olduqlarını bilirik. Amma bizim Türkiyədən spesifik tələb və istəklərimiz yoxdur. Bu hər bir ölkənin istəyinə söykənən bir koalisiyadır”.

C.Kirbi Türkiyənin çox yetkin və peşəkar bir orduya sahib olduğunu sözlərinə əlavə edib.

Ağ Evdən də veto

Ağ Ev sözçüsü Coş Ernest Suriyada “tampon bölgə” yaradılmasının hazırda düşünülən bir mövzu olmadığını söyləyib. O, gündəlik mətbuat konfransında “tampon bölgə”nin yaradılmasının Türkiyə tərəfindən bir neçə dəfə dilə gətirildiyini xatırladıb və təklifin hazırda masa üzərində olmadığını deyib.

ABŞ dövlət katibi C.Kerri və ingilis həmkarı Filip Hammond ilə görüşdən sonra Vaşinqtonda təşkil etdiyi birgə mətbuat konfransında Kerri “mövzuya çox yaxından baxmağa dəyər” söyləmişdi. Hammond isə bildirmişdi ki, “tampon bölgə” fikrinin tam olaraq nəyi nəzərdə tutduğunu və bunun necə işləyə biləcəyini digər müttəfiqlərlə müzakirə etmək lazımdır.

Psaki Kerrinin “səhv”ini düzəltdi

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki mətbuat konfransında Kerrinin sözlərini şərh edib. “Tampon bölgə”nin yaradılmasının Türkiyə və digər ölkələrin zaman-zaman dilə gətirdiyi bir təklif olduğunu qeyd edən Psaki müzakirələrin davam etdiyini deyib. “Hazırda tampon bölgənin yaradılmasını düşünməsək də bu, səslənən təklifləri müzakirə etməyəcəyimiz anlamına gəlmir”, - Psaki deyib.

Psaki ABŞ rəhbərliyindən “tampon bölgə” mövzusunda fərqli açıqlamalar gəldiyi barədə tənqidləri qəbul etməyib. “Biz mövzunun müzakirəsinə, partnyor və müttəfiqlərimizi dinləməyə açığıq. Bu, ABŞ-ın baş diplomatı olaraq Kerrinin də vəzifəsidir. Ancaq bu, ABŞ-ın “tampon bölgə” mövzusundakı siyasətinin dəyişdiyi anlamına gəlmir”, - deyə Ağ Evin sözçüsü vurğulayıb.

C.Psaki Türkiyənin əhəmiyyətli bir NATO müttəfiqi olduğunu və İŞİD-ə qarşı əməliyyatlarda mərkəzi rol oynamasını istədiklərini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm