2024-cü ildə proqnozları doğrulan nəşrin gələn ilə dair analizi
Bizi izləyin

Dünya

2024-cü ildə proqnozları doğrulan nəşrin gələn ilə dair analizi

Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı mütəmadi olaraq gələn il dünyada nələrin baş verəcəyinə dair proqnozlar verir və bunu üz qabığına çıxarır.

Publika.az xəbər verir ki, 2024-cü il dünya üzrə seçkilərlə dolu il olub. Seçki qutusu “Economist”in üz qabığının ortasında əks olunub. 2024-cü ildə təxminən 4,2 milyard insanın yaşadığı 70-dən çox ölkədə seçkilər keçirilib.

Üz qabığında diqqəti çəkən ilk görüntü Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin olub. Rusiya-Ukrayna müharibəsindən bəhs edən bu epizodda ikisi arasında qum saatı var. Bu, müharibənin bitib-bitməyəcəyi sualını doğursa da, xüsusilə son iki gündə Rusiya-Ukrayna xəttində gərginliyin yenidən artdığını söyləmək olar.

ABŞ administrasiyası bu yaxınlarda Ukraynaya Rusiyanın məhdud bölgələrində Amerika silahlarından istifadə etmək imkanı verib. Bundan sonra Ukrayna ABŞ istehsalı olan uzaqmənzilli taktiki ATACMS raketləri ilə Rusiyanın Braynsk vilayətinə zərbə endirib.

Rusiya prezidenti Vladimir Putin hərəkətə keçərək nüvə doktrinasının yenidən işlənmiş variantını təsdiqləyib. Bu, onun ölkəsinə nüvə hücumu olarsa, cavab vermək imkanı verir. Xülasə, Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynanın bəzi bölgələrində başlatdığı xüsusi hərbi əməliyyat davam edir. Rusiya-Ukrayna müharibəsi hələ də bitməyib, 2025-ci ildə nə olacağını görəcəyik.

“Economist”in 2024-cü ildəki üz qabığında keçmiş ABŞ prezidenti Donald Trampla bağlı sual işarəsi yer alıb. Tramp ABŞ seçkilərində qalib gəlib və yanvarın 20-də ölkənin 47-ci prezidenti vəzifəsini icra edəcək. Qeyd edək ki, “Economist”in 2025-ci il üçün üz qabığında Tramp düz ortada yerləşdirilib və beləliklə, onun üzərindəki sual işarəsi götürülüb.

Digər tərəfdən üz qabığında Trampın siluetinə yaxın sülh göyərçini təsvir edilib. Tramp seçki kampaniyası zamanı dəfələrlə ABŞ-ın müharibəyə daha az qarışması lazım olduğunu söyləyib və Rusiya lideri Putinlə görüşməklə müharibəni bitirə biləcəyini iddia edib. O, 2024-cü ildə sülh göyərçini vəzifəsini yerinə yetirə bilməyib. ABŞ mətbuatında zaman-zaman Trampın Putinlə görüşdüyü iddia edilsə də, Kreml bu iddianı təkzib edib. Onun 2025-ci ildə Rusiya-Ukrayna savaşında sülhü təmin etmək üçün nələr edəcəyi maraqla gözlənilir.

Üz qabığında Zelenskinin yuxarısında yer alan qadın fiqurunun isə kim olduğu bəlli deyil. Bununla belə, bu qadının Meksikada prezidentlik uğrunda mübarizə aparacaq iki qadın namizəddən biri ola biləcəyi düşünülür.

2024-cü ilin üz qabığında ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tsinpin üz-üzə görünüblər. Əsas xəbər başlıqlarından biri isə “Çoxqütblü pozğunluq: elan edilməmiş soyuq müharibə” idi.

ABŞ və Çin arasındakı adı açıqlanmayan "soyuq müharibə"dən 2024-cü ildə daha çox danışılacağı gözlənilir. Ancaq bunun çox gündəmə gətirildiyini söyləmək mümkün deyil. Digər tərəfdən, Trampın 2025-ci il yanvarın 20-də vəzifəyə başlaması ilə ABŞ və Çin arasında gərginliyin yenidən arta biləcəyi düşünülür. Əvvəlki prezidentliyi dövründə Trampın ən böyük düşməni Çin olub və onun indidən kabinetinə təyin etməyi düşündüyü adlar arasında Çin əleyhinə olan çoxlu adlar var.

“The Economist”in keçən ilki üz qabığında dollar, Çin yuanı və avronun yer aldığı bölmədə aşağı istiqamətli qrafikdən istifadə edilib. Jurnal 2024-cü ildə qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin hökm sürəcəyini, Avropa və ABŞ-da tənəzzülün olacağı, Çində deflyasiyanın, yəni inflyasiyanın mənfi zonaya düşə biləcəyini proqnozlaşdırıb.

İl ərzində ABŞ və Avropa İttifaqında (Aİ) ciddi tənəzzül qorxusu olsa da, mərkəzi bankların faiz dərəcələrini azaltmağa başlaması ilə xüsusilə Aİ tənəzzüldən azacıq xilas olub. Xüsusilə Avro bölgəsi 3-cü rübdə gözləntilərin üstündə böyüyüb. FED sədri Cerom Pauelin dediyi kimi, ABŞ iqtisadiyyatı da “gücünü qoruyub saxlaya bildi”. Çində xüsusilə daxili tələbin aşağı olması səbəbindən istehsalçı qiymətləri indeksindəki enişlər deflyasiya təzyiqi yaratmağa davam edir. Ölkənin iqtisadi rəhbərliyi və mərkəzi bankı ev təsərrüfatlarını genişləndirən və dəstəkləyən addımlar atsa da, deflyasiya problemi hələ də aradan qaldırılmayıb.

Buna görə də 2024-cü il qeyri-müəyyənliklərin hökm sürdüyü il olub. “The Economist”in qeyd etdiyi risklər ötüb-keçən təhlükə kimi görünüb, lakin hökumətlər və mərkəzi banklar tərəfindən atılan addımlar ən qorxulu ssenarilərin hələlik baş verməsinin qarşısını alıb.

2023-cü il oktyabrın 7-də başlayan İsrail-HƏMAS qarşıdurması hələ də davam edir. “Economist”in 2024-cü il üçün proqnozlarında dünyanın Fələstində baş verənlərə göz yummağa davam edə bilməyəcəyi bildirilib. Ancaq İsrailin hücumlarında minlərlə günahsız insan həlak olub və İsrailin bölgəyə hücumları davam edərkən, başda ABŞ olmaqla İsrailə silah yardımı etməkdə davam edir. “The Economist” vurğulayıb ki, bu gərginlik ABŞ-ın mürəkkəb və təhdid dolu dünyaya uyğunlaşa bilib-bilməyəcəyinə dair bir sınaq olacaq.

Süni intellekt bu il olduğu kimi “Economist” jurnalının 2024-cü il üz qabığında da yer alıb.

Qeyd edək ki, jurnalın 2025-ci il üçün illik “The World Ahead” seriyasının üz qapağının ümumi mövzusu Trampla bağlıdır. Trampın yanında elektrikli avtomobil var. Bu, təbii ki, Trampın kabinetində olan İlon Maskı təmsil edir.

Ümumilikdə bədbin mənzərə olan bu üzlükdə Rusiya-Ukrayna gərginliyi Putin və Zelenskinin şəkilləri ilə əks olunub. Putinin yanında atom simvolunun olması isə nüvə silahı təhlükəsindən xəbər verir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm