Yaxşısı Putin dövründə yaşamaqdır: Rusiya ilə döyüşmək istəmirlər - Almaniyada nə baş verir?
Bizi izləyin

Dünya

Yaxşısı Putin dövründə yaşamaqdır: Rusiya ilə döyüşmək istəmirlər - Almaniyada nə baş verir?

Dekabrın 5-də Almaniya Bundestaqı (parlament) hərbi xidmətə çağırışın bərpası haqqında qanun layihəsini təsdiqləyib.

Publika.az xəbər verir ki, 323 deputat lehinə, 272 deputat əleyhinə, bir nəfər isə bitərəf qalıb. Buna cavab olaraq minlərlə məktəbli və tələbə hərbi islahatlara etiraz ediblər.

Qanun layihəsinə əsasən, 2026-cı il yanvarın 1-dən 2008-ci il və daha əvvəl doğulmuş bütün gənclər 18 yaşına çatdıqdan sonra tibbi müayinədən və anketdən, o cümlədən ailə vəziyyəti və həyat uğurları ilə bağlı suallardan keçməlidirlər.

İslahatın hazırlanmasında İsveçin təcrübəsindən istifadə edilib: işə qəbul könüllülük əsasında aparılacaq və tədricən artacaq, lakin könüllülərin çatışmazlığı olarsa, bütün çağırışçılar arasında püşkatma keçiriləcək.

Qadınlar da istədikləri təqdirdə hərbi xidmət keçə biləcəklər. Kişilər sorğuda iştirak etməkdən və tibbi müayinədən keçməkdən imtina etdiklərinə görə cərimələnəcəklər, lakin səlahiyyətlilər hələlik dəqiq məbləği müəyyənləşdirməyiblər.

Etirazçıların əhəmiyyətli bir hissəsi hərbi çağırışın bərpasından birbaşa təsirlənəcək məktəblilər idi və bu, etirazların "məktəb tətilləri" adlandırılmasına səbəb oldu. Hamburq etirazının təşkilatçılarından biri, 15 yaşlı Elias cəmiyyətin hərbiləşdirilməsinin əleyhinə çıxış edərək , etirazların Təhsil və Elm İşçiləri Federal Həmkarlar İttifaqı tərəfindən dəstəkləndiyini qeyd edib.

Yeniyetmə hesab edir ki, hərbi xidmətə çağırışın tətbiqi “köhnə” siyasətçilərin gəncləri öz məqsədləri üçün istismar etmək cəhdidir. O, həmçinin təklif edib ki, hərbi xidmətə çağırış tətbiq edildikdən sonra könüllülər ilk növbədə yoxsul ailələrdən gələcəklər və onlar aylıq 2600 avro alacaqlar.

“Mən yalnız mənim yaşımda olan insanların çoxunun deyəcəklərini deyə bilərəm: heç bir fikrim yoxdur. Bircə onu bilirəm ki, alman ordusunda xidmət etmək istəmirəm”, - məktəbli bildirib.

Mitinqlər zamanı bəzi etirazçılar “mübarizə aparmaqdansa Vladimir Putinin dövründə yaşamaq daha yaxşıdır” şüarından istifadə ediblər.

Hannoverdən olan 18 yaşlı tələbə Yan Vaqnerin ölkənin əsas yayımı olan ARD-da səsləndirdiyi bu ifadə müzakirələrə səbəb olub və gəncləri ikiyə bölüb.

Ölkə rəhbərliyi hələlik aksiyalarla bağlı rəsmi açıqlama verməyib, lakin hakim koalisiyadan olan siyasətçilər artıq etirazçıları tənqid ediblər.

Məsələn, Xristian Demokratik İttifaqından olan Şlezviq-Holşteyn ştatının Landtaqının (ştat parlamentinin) üzvü Martin Balasus tələbələri “həddindən artıq cəsarətdə”, “sadəlövhlükdə” və hətta Rusiyanı dəstəkləməkdə ittiham edib.

Siyasətçi narazıları etiraz aksiyaları keçirmək əvəzinə, Rusiyanın Ukraynadakı münaqişədə qələbəsinin mümkün nəticələrini dərs zamanı müzakirə etməyə çağırıb.

İslahatın məqsədlərindən biri 2035-ci ilə qədər Almaniya silahlı qüvvələrinin sayının indiki 180 000 əsgərdən təxminən 260 000 əsgərə çatdırılması və əlavə 200 000 ehtiyatda olan əsgərin cəlb edilməsidir. Bundesverin xüsusi fond tərəfindən maliyyələşdirilən və 2022-ci ildə qəbul edilən 100 milyard avroluq yenidən silahlanma proqramı da davam edəcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm