Son şans: ABŞ-İran danışıqları başladı
Bizi izləyin

Dünya

Son şans: ABŞ-İran danışıqları başladı

Son şans: ABŞ-İran danışıqları başladı

ABŞ və İran 45 günlük atəşkəsi müzakirə edirlər.

Publika.az “Axios” nəşrinə istinadən xəbər verir ki, danışıqlardan xəbərdar olan regiondakı dörd mənbəyə görə, ABŞ, İran və bir qrup regional vasitəçi müharibənin daimi sonuna gətirib çıxara biləcək potensial 45 günlük atəşkəsin şərtlərini müzakirə edirlər.

Eyni zamanda, nəşr mənbələrə istinadən qeyd edir ki, növbəti 48 saat ərzində qismən razılığa gəlmək şansı çox azdır.

Lakin bu son cəhd, İranın mülki infrastrukturuna kütləvi zərbələr endirmək və Fars körfəzi ölkələrindəki enerji və su obyektlərinə qarşı cavab tədbirləri daxil olmaqla, müharibənin kəskin şəkildə şiddətlənməsinin qarşısını almaq üçün yeganə şansdır.

“Reuters”ə danışan mənbələrə görə də, Pakistan tərəfindən hərbi əməliyyatlara son qoymaq üçün çərçivə hazırlanıb və gecə ərzində İran və ABŞ ilə mübadilə edilib. Qeyd olunub ki, Pakistan ordusunun baş komandanı Asim Munir ABŞ-ın vitse-prezidenti JD Vens, ABŞ Prezidentinin xüsusi elçi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə bütün gecə əlaqə saxlayıb.

Bildirilib ki, hərbi əməliyyatlara son qoymaq üçün iki səviyyəli yanaşma müəyyən edilib. Buna əsasən, İran və ABŞ əvvəlcə atəşkəs elan edəcək, ardınca isə yekun razılaşma imzalanacaq.

"Bütün elementlər bu gün razılaşdırılmalıdır. İlkin anlaşma danışıqlarda yeganə rabitə kanalı olan Pakistan vasitəsilə elektron şəkildə yekunlaşdırılan anlaşma memorandumu kimi qurulacaq", - deyə məlumatda qeyd olunub.

Təklifə əsasən, atəşkəs dərhal qüvvəyə minəcək, Hörmüz boğazı yenidən açılacaq və daha geniş bir razılaşmanın yekunlaşdırılması üçün 15-20 gün vaxt veriləcək. İlkin olaraq "İslamabad Sazişi" adlandırılan razılaşma boğaz üçün regional çərçivəni əhatə edəcək.

Qeyd edək ki, ABŞ və İran rəsmilərindən məsələ ilə bağlı hələlik hər hansı münasibət bildirilməyib. Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi isə şərh verməkdən imtina edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm