"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya
Bizi izləyin

İdman

"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya

"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya

“Maraqlı oyun alındı. “Neftçi” ilə görüşlərimiz derbidir, həmişə gərgin keçir. Stadionda bu gün atmosfer əla idi. Azarkeşlər möhtəşəm idilər. Buna görə də onlara təşəkkür edirəm. Məncə, hamı üçün maraqlı oyun alındı”.

Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 29-cu turunda “Neftçi”yə qarşı keçirilən oyundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Görüşdə 2 qol və məhsuldar ötürmə ilə yadda qalan 24 yaşlı futbolçu çıxışı barədə bu sözləri deyib:

“Şükürlər olsun ki, çıxışım belə uğurlu alındı. Derbidə qol vurmaq ayrı bir sevinc verir. Bu oyuna çox ciddi, motivasiyalı hazırlaşmışdıq. Mənim üçün də qollar vurmaq, assist etmək, komandaya fayda vermək sevindiricidir. Xüsusən də belə bir oyunda. Lakin dayanmalı deyilik. Qarşıda 4 gündən sonra daha bir oyun var. Həmin matça da ciddi hazırlaşmalıyıq”.

Qurbanlı “Turan Tovuz”la ikinci pillə mübarizəsində də danışıb:

“Turnir cədvəlində “Turan Tovuz”la aramızda xal fərqi azalıb. Bu səbəbdən də “Neftçi” ilə matçda nütləq qələbə qazanmalıydıq. Bunun üçün də əlimizdən gələni etdik. Verilən tapşırıqları bu gün üçün yerinə yetirdik”.

O, “Neftçi” azarkeşlərinin baş məşqçisi və atası Qurban Qurbanovu təhqir etməsinə də münasibət bildirib. Musa bununla bağlı rəqib komandanın kapitanlarından biri Emil Balayevə yaxınlaşaraq etiraz etdiyini qeyd edib:

“Emil “Neftçi”nin kapitanlarından biridir, ona etirazımı bildirdim. Hamı razılaşar ki, bu, düzgün deyil. Biz həm “Neftçi”yə, həm də komandanın azarkeşlərinə həmişə hörmətlə yanaşmışıq. Hörmətlə də yanaşırıq. Çünki “Neftçi” böyük klubdur. Azərbaycanın ən böyük klublarından biridir. Dediyim kimi, biz hörmətlə yanaşırıq. Hörmətin qarşılığı da hörmət olmalıdır. Bu barədə deyəsi başqa sözüm yoxdur”.

Millimizin üzvü sonda “Sabah”la davam edən çempionluq mübarizəsindən də danışıb:

“Çalışırıq öz işimizi görək. Başqa komandaların uğurları, ya uğursuzluqları barədə düşünmürük. Hər oyuna maksimum köklənirik ki, maksimum da nəticə qazanaq. İşimiz budur. Hər matça ciddi yanaşmalıyıq”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm