Dünya
Samuraylar böyük oyuna qayıdırlar - Çin niyə narahatdır?
Yaponiyanın Baş naziri Sanae Takaiçi qəbul etdiyi sürpriz qərarlar, qalmaqallı açıqlamalarla dünyanı şoka salmaqdadır. 2025-ci ilin oktyabr ayından etibarən Yaponiyanın ilk qadın Baş naziri kimi tarixdə yer alan Takaiçi sərt siyasi xətti və mühafizəkar baxışlarına görə seçilir.
Qonşuları qorxuya salan “dəmir ledi”
O, "dəmir ledi" statusunu doğrultmaqdadır. Takaiçinin bu ləqəblə anılmasının əsas səbəbi Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçeri özünə nümunə götürməsi və onun idarəçilik üslubundan ilham aldığını dəfələrlə bəyan etməsidir. Xüsusilə Çinə qarşı barışmaz mövqeyi, milli müdafiə məsələlərindəki qətiyyəti və ifrat mühafizəkar sosial baxışları ilə seçilən Sanae İkinci Dünya müharibəsindən bəri ilk dəfə Yaponiyada ölümcül silahların ixracına qoyulan qadağanı ləğv etməyə müvəffəq olub. Baş nazir bu addımın ölkənin müdafiə sənayesini gücləndirmək və müttəfiqlərlə təhlükəsizlik əməkdaşlığını dərinləşdirmək məqsədi daşıdığını bildirib. Artıq Yaponiya Avstraliya ilə milyardlarla dollar dəyərində üç idarə olunan raket freqatının satışı barədə razılığa gəlib. Avstraliya ilə yanaşı, Yeni Zelandiya, İndoneziya və Vyetnam kimi ölkələrin də Yaponiya istehsalı olan hərbi texnikaya maraq göstərdiyi qeyd olunur.

Yeni qaydaların mümkün tətbiqlərinə gəldikdə, Takaiçi tərəfdaş ölkələrlə ehtiyat hissələrinin və digər komponentlərin qarşılıqlı mübadiləsindən bəhs edib. Döyüş silahlarının Tokio ilə müqavilələr imzalayan ölkələrə tədarük ediləcəyi gözlənilir. Yaponiyanın hazırda 17 ölkə ilə belə müqavilələri var: ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Hindistan, Filippin, Fransa, Almaniya, Malayziya, İtaliya, İndoneziya, Vyetnam, Tailand, İsveç, Sinqapur, BƏƏ, Monqolustan və Banqladeş.
Bu addım sürətlə inkişaf edən qlobal silah bazarında yer tutmaq məqsədilə Yaponiyanın pasifist mövqeyindən əhəmiyyətli şəkildə uzaqlaşması anlamına gəlir. Məlum qərar “Mitsubişi” və “Kavasaki” kimi ağır sənaye şirkətlərinə ABŞ, Böyük Britaniya və Cənub-Şərqi Asiya ölkələrinə raket, təyyarə və gəmilərin əsas təchizatçısı olmağa imkan verir. Bu tarixi qərar qonşu dövlətlərdə ciddi narahatlıq yaradıb.

80 illik pasifizmin sonu
Yaponiyanın müdafiə mövqeyi 1947-ci ildə İkinci Dünya müharibəsindən sonrakı konstitusiyasına daxil edilib. Tokio müharibədən sonra beynəlxalq mübahisələrin həlli yolu kimi müharibədən imtina edib və heç vaxt müharibə potensialını qoruyub saxlamayacağını bildirib. Nəticədə 80 ilə yaxın müddətdə pasifizm Yaponiya kimliyinin bir hissəsinə çevrilib. Lakin son illər bu düşüncə tərzi tədricən dəyişməyə başlayıb. İlk olaraq 2014-cü ildə Baş nazir Şinzo Abe bütün hərbi satışlara qoyulan ümumi qadağanı yumşaldıb və bu, Yaponiyaya müttəfiqləri ilə birgə silah istehsal etməyə, müdafiə sənayesinə yeni bazarlara və texnologiyalara çıxış imkanı yaratmağa imkan verib. 2023-cü ildə Abenin sələfi olan Fumio Kişida İkinci Dünya müharibəsindən bəri ilk dəfə hazır ölümcül silahların ixracına icazə vermək üçün daha bir addım atıb. Takaiçi isə daha irəli gedərək pasifist konstitusiyanın yenidən nəzərdən keçirilməsini dəstəkləyib. O, təklif olunan dəyişiklikləri dəqiqləşdirməsə də, çoxları bunun müharibədən imtina edən 9-cu maddə ilə bağlı olacağını düşünür.
Takaiçinin tərəfdarları deyirlər ki, Yaponiya Çin, Rusiya və Şimali Koreya ilə əhatə olunmuş bir ölkə kimi yeni reallıqla üzləşməlidir. Tənqidçilər isə Yaponiyanın müharibəyə qadir bir ölkəyə çevrilməsindən narahatdırlar. Onlara görə, Takaiçinin konstitusiya islahatları ilə bağlı mövqeyi Yaponiyanın hərbi münaqişələrə cəlb oluna biləcəyi anlamına gələ bilər.

Çin verilən qərarlardan narahatdır
Yaponiyanın bu addımı regionda gərginliyin artdığı bir vaxta təsadüf edir. Baş nazir bildirib ki, 80 ildən çoxdur sülhsevər bir millət olaraq izlədikləri yolu və təməl prinsipləri dəstəkləmək öhdəliklərində dəyişiklik yoxdur. Nazirlər Kabinetinin katibi Minoru Kihara brifinqində bildirib ki, atılan addım "Yaponiyanın təhlükəsizliyini qorumaq və regionda sülh və sabitliyə töhfə vermək məqsədi daşıyır".
Çin Yaponiyanın "ehtiyatsız hərbiləşdirilməsi"ndən "ciddi narahatlığını" bildirib. Pekinin Xarici İşlər Nazirliyi təmsilçisi bildirib ki, Çin son dərəcə ayıq qalacaq və bu hərəkətə qətiyyətlə qarşı çıxacaq.
Yeni silah ixracı qaydaları Yaponiyanın Özünümüdafiə Qüvvələrinin ABŞ və Filippin ilə keçirilən illik hərbi oyunlarda iştirakı ilə elan edilib. Yaponiya ilk dəfə olaraq bu oyunlara müşahidəçi kimi deyil, döyüşçü kimi qatılır. Çin təlimlərə qarşı çıxıb və bunun bölgədəki bölünmələri dərinləşdirəcəyini bəyan edib.
Dünyanın yeddinci ən güclü ordusu
Yaponiya Özünümüdafiə Qüvvələri (JSDF) “Global Firepower 2026” reytinqinə görə dünyanın yeddinci ən güclü ordusudur və yalnız nüvə silahlarına görə Fransa ordusundan bir pillə geridədir. Səkkizinci yerdə olan Britaniya qüvvələri, nüvə silahlarının mövcudluğuna baxmayaraq, yaponlardan geridə qalırlar. JSDF-nin tərkibinə 250.000-ə qədər əsgər və dənizçi, 700-dən çox tank, 600-dən çox piyada döyüş maşını və digər zirehli texnika, 1000-dən çox təyyarə (silahlı qüvvələrin bütün qolları üzrə) və təxminən yüz helikopter daxildir.
Beləliklə, İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq "samuraylar" müstəqil hərbi güc kimi böyük oyuna qayıdırlar. ("Kaspi" qəzeti)
-
ABŞ08:30Dünyanın ən fəal terrorçusu məhv edildi - Tramp detalları açıqladı
-
ABŞ08:15ABŞ və İsrail İrana hücumları bərpa edəcək - Bu tarixdə
-
Sağlamlıq06:46Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı









.jpg)




















.jpg)



