Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
Bizi izləyin

Dünya

Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?

Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?

Türkiyə Səudiyyə Ərəbistanında hərbi mövcudluğunu genişləndirərək krallıq ərazisində öz hərbi bazasını yarada bilər.

Publika.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Bildirilir ki, Ankara "Məkkə müdafiə paktı" çərçivəsində Səudiyyə Ərəbistanına məhdud sayda hərbçi və hərbi texnika göndərməyi planlaşdırır.

Xatırladaq ki, Türkiyə 2025-ci ildən Səudiyyə Ərəbistanında 200-dən çox hərbi mütəxəssis, texniki qrup, həmçinin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri yerləşdirib. Bu qüvvələr krallığın strateji əhəmiyyətli infrastrukturunun mühafizəsində iştirak edir.

Məlumata görə, oktyabrın 5-də Ər-Riyadda Məkkə alyansına daxil olan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlanılması barədə qərar qəbul edib.

Türkiyə krallığın dörd mühüm qaz və elektrik enerjisi obyektinin müdafiəsində qısa və orta mənzilli hava hücumundan müdafiə sistemləri ilə iştirak edəcək. Türkiyənin bölgəyə göndərəcəyi hərbçilərin dəqiq sayı yaxın günlərdə müəyyənləşdiriləcək.

Ankaranın Səudiyyə Ərəbistanına hərbi kontingent göndərməsi üçün Türkiyə parlamentinin razılığı tələb olunur. Qərarın oktyabr ayında qəbul ediləcəyi gözlənilir.

Açıq mənbələrə görə, Türkiyənin 12 ölkədə hərbi bazası və ya hərbi mövcudluğu var. Ən böyük hərbi kontingent isə beynəlxalq səviyyədə tanınmayan Şimali Kipr Türk Respublikasında yerləşir və burada 30 mindən çox türk hərbçisi xidmət edir.

Türkiyənin Qətər, İraq, Suriya, Somali və Liviyada da hərbi bazaları və qüvvələri mövcuddur. Ankara iqtisadi və siyasi maraqlarının olduğu regionlarda hərbi iştirakını genişləndirir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm