Azərbaycan yanğınsöndürənləri sabah Gürcüstana digər qüvvələrini də göndərəcək - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Ekologiya

Azərbaycan yanğınsöndürənləri sabah Gürcüstana digər qüvvələrini də göndərəcək - VİDEO - (YENİLƏNDİ)

Azərbaycan Gürcüstanda meşə yanğınlarının söndürülməsinə əlavə qüvvə göndərib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 11 yanğınsöndürən maşın və digər texnika, həmçinin canlı qüvvə bu gün Gürcüstana yola salınıb. (apa)

***

Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirlyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 22-də saat 06:30 radələrindən Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlayıb və 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub.

***

Gürcüstan Hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün FHN-in xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi Gürcüstana yola düşüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Barjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak edəcək xilasetmə dəstəsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 10 yanğınsöndürmə avtomobili və 79 nəfərlik şəxsi heyəti (fərdi yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş), Mülki Müdafiə Qoşunlarının 4 texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub. Həmçinin Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğının baş verdiyi mürəkkəb relyefli ərazilərdə daha operativ xilasetmə və yanğınsöndürmə əməliyyatları aparılması məqsədi ilə xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə hadisə yerinə desant çıxarılması üçün ezam olunub.

Meşə yanğınının söndürülməsi məqsədi ilə qonşu ölkəyə ezam edilən Nazirliyin xilasetmə dəstəsinin operativ və səmərələi fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsi üçün ərazidə FHN-in MMQ-nin səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlarının qurulması və səyyar mətbəxin açılması nəzərdə tutulub. Bununla bağlı bütün təminat Azərbaycan FHN tərəfindən həyata keçiriləcək.

Ümumilikdə təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 15 texnikası, o cümlədən 1 helikopteri və 126 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.

FHN-nin xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə Gürcüstana çatıb. Qeyd edilən digər texnikalar və canlı qüvvə yaxın saatlarda Azərbaycan-Gürcüstan dövlət sərhəddini keçəcəklər.

Bir daha xatırladaq ki, avqustun 22-dən FHN-in Aviasiya dəstəsinin xüsusi avadanlıqla təchiz olunmuş 1 helikopteri 11 nəfər şəxsi heyəti ilə yanğınsöndürmə əməliyyatına qoşulub.

Mövzu ilə bağlı Xəzər TV-nin daha ətraflı videomaterialını təqdim edirik:

***

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri də Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar.

Gürcüstan hökumətinin üzvləri meşə yanğınlarının olduğu əraziyə gediblər.

Publika.az bildirir ki, hökumət üzvləri və əlaqədar təşkilatların rəhbərləri hazırda hadisə yerindədirlər.

Azərbaycan, Türkiyədən gələn helikopterlər, eləcə də Belarus və Türkiyədən göndərilmiş xilasedici təyyarələr meşə yanğınlarının söndürülməsində fəal iştirak edirlər. Məhz onların köməkliyi ilə yanğının üz istiqamətdən yayılmasının qarşısını almaq mümkün olub. Bununla belə yanğının miqyası çox böyükdür. Ağır texnika və yanğınsöndürənlər bütün gecəni işlərini davam etdirəcəklər. Aviasiya qüvvələri isə sabah səhər yenidən alovun söndürülməsinə başlayacaqlar.

Azərbaycandan gələn digər qüvvələr də avqustun 23-də yanğının söndürülməsi prosesinə qoşulacaqlar. Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan, Türkiyə və Belarusdan gələn yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlıq edib.

Xatırladaq ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqul qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi bu ölkəyə yola düşüb. Onların bir hissəsi artıq Gürcüstandadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm