Xəzərdə irimiqyaslı ekoloji fəlakətə ola bilər - AMEA rəsmisi açıqladı
Bizi izləyin

Ekologiya

Xəzərdə irimiqyaslı ekoloji fəlakətə ola bilər - AMEA rəsmisi açıqladı

“Neft ehtiyatları tükəndiyi və quyuların istismarı məqsədəuyğun olmadığı üçün Nazirlər Kabineti bəzi torpaq sahələrinin burada yerləşən SOCAR-a məxsus müxtəlif kateqoriyalı quyular nəzərə alınmadan sənaye təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi haqqında sərəncam verdikdən sonra əhalinin bu sahələrdə qanunsuz tikinti işləri aparması bu sahədə vəziyyəti daha da gərginləşdirib”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev "Xalq qəzeti"ndə dərc olunan “Fövqəladə hallar atlasının hazırlanması günün tələbidir” başlıqlı məqaləsində yazıb.

İ.Quliyev bildirib ki, quyular olan sahələr şirkətin balansından çıxarıldığına görə, nəzarətdən kənarda qalıb:

“Eyni zamanda, əksər sahələrdə hüquqi və fiziki şəxslər tərəfindən ərazidə tikinti işləri aparılarkən həmin quyulara qanunsuz müdaxilə edilir, quyuların istiqamətləndirici, qoruyucu və istismar kəmərləri kəsilir və heç bir izolə işləri aparılmadan basdırılır ki, bu da nəticədə qəza və bədbəxt hadisələrin baş verməsinə zəmin yaradır”.

AMEA rəsmisi bildirib ki, Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyası neft-qaz infrastruktur obyektlərinin miqdarına və burada neft-qaz hasilatının həcminə görə, dünyada ən böyük texnogen təhlükə zonalarından hesab olunur.

“Bura Qazaxıstandan və Türkmənistandan hər il təxminən 10 milyon ton neft və neft məhsullarının tranzit daşımalarını əlavə etsək, irimiqyaslı qəzaların baş verməsinin real olduğunu görərik. Buna misal olaraq 1985-ci ildə Qazaxıstanın Tenqiz neft yatağında sahildən 6 km məsafədə yerləşən 37-ci quyuda baş vermiş qlobal səviyyəli qəzanı göstərmək olar. Quyudan vuran alovlanan neft fantanını söndürmək üçün çoxsaylı üsullar tətbiq olunmasına, xaricdən mütəxəssislər dəvət olunmasına baxmayaraq, qəzanın nəticələrinin aradan qaldırılması 398 gün çəkmişdir. Müxtəlif hesablamalara görə, bu müddət ərzində 3-15 milyon tona qədər neft, 2-8 milyard kubmetr qaz yanmışdır. Bu 2010-cu ildə Meksika körfəzində Makonda yatağında baş vermiş qəzanın nəticələrindən 7-30 dəfə çoxdur. Yanğın zamanı quyuda temperatur 1500-2100 dərəcəyə çatırdı.

Xəzər dənizi akvatoriyasında müxtəlif neft-qazçıxarma idarələrinə məxsus istismarı dayandırılıb və atılıb, üzərində iri qabaritli istismara yararsız avadanlıqlar quraşdırılmış 400-ə yaxın özül və estakadayanı meydança mövcuddur. Həmin hidrotexniki qurğular üzərində fəaliyyəti dayandırılmış 1285 neft quyusu qeydə alınıb, bunlardan 164-ü hidrotexniki qurğuların qəzalı olması səbəbindən ləğv edilməyib. Quyudaxili təzyiqin qalxması səbəbindən neft və qaz sızmalarının başvermə riski mövcuddur. Bu isə gələcəkdə Xəzər dənizi akvatoriyasında irimiqyaslı ekoloji fəlakətə səbəb ola bilər. Həmçinin, ləğv edilmiş quyuların lülələrinin dənizin dibi səviyyəsində kəsilərək götürülməsi məsələsi bu günədək tam həllini tapmayıb.

Son vaxtlar dəniz neft və qaz infrastruktur obyektlərində insanların ölümü, iqtisadiyyata dəyən külli miqdarda ziyanla nəticələnən qəzalar (buna 2014 və 2015-ci illərin dekabr aylarında dəniz estakadalarında baş vermiş qəzaları göstərmək olar – İ.Q.) bir daha təsdiq edir ki, 60 ildən artıq bir dövr ərzində dənizdə qurulan fərdi özüllər, platformalar, estakadalar, boru kəmərləri və digər obyektlərin ciddi və kompleks şəkildə mövcud vəziyyətinin qiymətləndirilməsi və nəticədə müvafiq təhlükəsizlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə ehtiyac var. Çox böyük ehtimalla demək olar ki, ötən dövr ərzində dənizdə qurulan obyektlərin böyük bir qismi gəmilərin hərəkətinə mane olan, burada canlıların fəaliyyətinə ziyan verən, vaxtaşırı qəzalarla nəticələnən istifadədən çıxmış və ya istismarı təhlükə yaradan metal yığıntısına çevrilib (təxmini hesablamalara görə dənizdə bir milyon tondan artıq istifadədən çıxmış metal mövcuddur – İ.Q.)”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm