Xəzərin suyu SÜRƏTLƏ AZALIR: bu bizə hansı fələkətləri gətirəcək?
Bizi izləyin

Ekologiya

Xəzərin suyu SÜRƏTLƏ AZALIR: bu bizə hansı fələkətləri gətirəcək?

Alimlər son dönəmlər həyəcan təbili çalmağa başlayıb ki, Xəzər dənizinin səviyyəsi aşağı düşməkdədir. Özü də bu proses son 5 ildə daha da intensivləşib. Alimlərin fikrincə, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır.

Azərbaycan Milli Elmlər Akademiyasının alimləri xəbərdarlıq edirlər ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2-4 metr çəkilib. Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha çoxdur.

Xəzərin Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq, bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi özünü daha şiddətli büruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmayıb. Onsuz da az yağıntılı Xəzər regionunda yağışların miqdarının bir az da azalması dəniz suyunun azalmasında öz rolunu oynayıb. AMEA-nın mütəxəssisləri hesab edir ki, su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin büruzə verəcək.

Çəkilmə hələ davam edəcək...

Ekoloq alim Müslüm Qurbanov deyir ki, Xəzərdə çəkilmə var, bu öz yerində. Alim onu da söyləyir ki, proses müəyyən müddət davam edəcək: “Məndə olan məlumata görə, Xəzər dənizində suyun qalxması, enməsi dövrü xarakter daşıyır. Müasir dövrdə bu proses bir qədər mürəkkəbləşib. Qlobal iqlim dəyişməsi su balansına öz təsirini göstərməyə başlayıb. Hazırda da suyun çəkilməsi nəzərəçarpacaq dərəcədədir. Hətta deyərdim ki, sürətli çəkilmə var. Bir il ərzində bir neçə santimetr çəkilmə olur. Əgər bu cür davam edərsə, sahilyanı təsərrüfat obyektlərinə çox ciddi mənfi təsir göstərə bilər. Biomüxtəlifliyə də öz mənfi təsirini göstərəcək. İqlim dəyişmələrinin özünə də təsir edəcək”.

Bəs içməli suya təsiri?

Müslüm Qurbanov Xəzərin səviyyəsinin aşağı düşməsinin içməli su problemi yardıb-yaratmayacağına da toxunub: “Bizdə içməli sular səthi hövzə ilə gəlir. Xəzər dənizinə Volqa çayından da su tökülür. Kür və Araz çayları da ora axır. Bunların axın tutumu dəyişdikcə Xəzərin səviyyəsinə də müəyyən dərəcədə təsir göstərir. Suyun səviyyəsinin qalxması içməli su problemi yarada bilər. Enmə isə təsirsizdir. Çünki axın hissəsi buradan o tərəfədir, dənizdən üzübəri deyil. Dəniz səviyyəsindən aşağı olan hissələrdə Salyan və Neftçala kimi rayonlar yerləşir. Kürdə suyun deltasının aşağı düşməsi balıqçılığa və digər biomüxtəlifliyə öz təsirini göstərə bilər”.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnsitutunun direktoru, akademik Ramiz Məmmədov Publika.az-a açıqlamasında söyləyib ki, Xəzər dənizinin ətrafında yaşayan insanlar bilməlidir ki, bu dənizin səviyyəsinin geniş diapazonda dəyişməsi onun ən səciyyəvi xüsusiyyətidir. Akademikin fikrincə, əgər onun ətrafında yaşayan adamlar bu amili nəzərə almayacaqsa, həmişə ziyan çəkəcək:

“Onun fəaliyyəti bumeranq kimi axırda öz başına dəyəcək. Məsələn, son 100 ildə Xəzər dənizinin səviyyəsinin dəyişməsinin ampulitudası 3 metr olub. Mənfi 26 metrlə mənfi 29 metr arasında dəyişib. Yəni, bu diapazona girmək lazım deyil. Həmin diapazona daxil olub fəaliyyət göstərdinsə, ziyan çəkəcəksən”.

Ramiz Məmmədovun sözlərinə görə, Xəzərin səviyyəsinin düşməsi bu dənizin özünəxas səciyyəvi xüsusiyyətidir:

“Onun səviyyəsi həmişə düşüb, sonra qalxıb. 1978-ci ildə Xəzərin səviyyəsi mənfi 29 metrə düşmüşdü. İndi isə mənfi 28 metrdir. Hazırkı səviyyə hələ 1978-ci il səviyyəsinə gəlib çatmayıb. Dəniz səviyyəsinin düşməsi baxımından deyirəm. Sadəcə olaraq, Xəzər ətrafında yaşayan adamın yaddaşı gödəkdir. Yəni, bu cür hallar baş verib. 1978-ci il dünən deməkdir. Həmin vaxt indikindən də 1 metr aşağıda idi. Hələ səviyyə yenə də çəkilə bilər. Xəzərin səviyyəsi aşağı düşür, amma bu intensiv deyil. Bu, tədricən baş verir. Məsələn, otuzuncu illərdə on il ərzində səviyyə cəmi 1,8 metr aşağı düşüb. 1895-ci ildən bu günə qədər düşən səviyyə 1 metrdən bir qədər çoxdur. Yəni, düşmə olsa da bu intensiv deyil”.

O qədər də qorxulu deyil?

Alimin fikrindən belə başa düşülür ki, Xəzərin səviyyəsinin düşməsi o qədər də qorxulu deyil. İnstitut direktorunun sözlərinə görə, hazırda Xəzər dənizin düşmə səviyyəsi mənfi 28 metrdir. Bu da ən çox rast gəlinən, səciyyəvi səviyyədir: “Mənfi 27, mənfi 28, mənfi 29, mənfi 30 da olub, ancaq ən çox rast gəlinən mənfi 28-dir. Özü də sovetlər dövründə Xəzər dənizində hökumət tərəfindən aparılan bütün planlaşdırma işlərinin hamısı mənfi 28-ə hesablanıb. Yəni, limanlar, neft buruqları, estakadalar, donanmaların hərəkəti, limanlara yaxın ərazilərdə qazılan kanalların hamısı mənfi 28 dərəcəyə hesablanıb. İnsanlar görünür, bunların hamısını yaddan çıxarıblar və indi də səviyyənin düşməsindən narahatlığını ifadə edirlər. Deyirlər ki, 10 il bundan əvvəl səviyyə yuxarı idi, indi aşağı enib. Dediyim kimi, bu cür ekstermal halların olması təbiidir”.

Təhlükə zolağındakılar: Gəmilər, limanlar, neft estekadaları...

Ramiz Məmmədov deyir ki, əgər Xəzər dənizin səviyyəsi mənfi 28 metrdən aşağı düşərsə, ilk növbədə limanlar ziyan çəkəcək: “Çünki limana yaxınlaşan gəminin yanalma körpüsü ilə eyni səviyyədə olması lazımdır. İndi gəmi gəlib aşağıda duracaq. Bunun üçün təzədən körpünü ya aşağı salmalısan, ya da başqa şey fikirləşməlisən ki, gəmi yuxarıda dayansın. Bu, artıq böyük xərclərdir. Mühəndis qurğuları, neft estakadaları, platformalar da mənfi 28 dərəcəyə hesablanıb”.

Biomüxtəlifliyin həyəcan təbili...

Akademikin fikrincə, dənizin səviyyəsinin düşməsi şübhəsiz ki, biomüxtəlifliyə də təsirini göstərir. Biomüxtəlifliyə görə, dənizin ən məhsuldar yeri Şelf zonasıdır: “Yəni, balıqlar ən çox burada olurlar. Bu da onlara bir sıra mənfi təsirlərini göstərə bilir. Digər tərəfdən, dənizin suyu sahil zonasından çəkildikcə, yeni torpaqlar üzə çıxır. Bu, artıq şoranlaşmış torpaqlar olacaq. Dəniz suyu sahildən uzaqlaşdıqca onun təsiri bir o qədər olmur. Sahildən uzaqlaşdıqca şoranlaşmış torpaqlar yanındakı torpaqlara da müəyyən təsirlər altında öz təsirini göstərir. Xəzərin səviyyəsinin düşməsi ilə əlaqədar bu cür mənfi amillər üzə çıxa bilər”.

Əkinəyararlı sahələrin aqibəti necə olacaq?

Aqrar sahə üzər fəlsəfə doktoru Çingiz Güləliyevlə Xəzərin səviyyəsinin aşağı endiyi halda həmin zolaqdakı əkinəyararlı sahələrə bunun mənfi təsirləri ilə bağlı söhbət etdik. Çingiz müəllim deyir ki, bir azdan yaz ayları başlayır. Torpaq kifayət qədər nəmlənməlidir:

“Xəzərboyu ərazilərdə əkinəyararlı torpaqlar var. Yaz boyunca həmin torpaqlar su ilə təmin olunmalıdır. Su ilə təminat aydındır ki, bitkinin inkişafı üçün təminat yaradır. Məsələ ondadır ki, səviyyənin enməsi şoran hissədə gedirsə, bunun kənd təsərrüfatına elə bir təsiri olmur. Əksinə, əkinə yaralı torpaqlarda isə çox böyük mənfi təsir göstərir. Xəzərboyu əkin sahələrinin elə yerləri var ki, həmin ərazilər ətraf mühitdən aşağıdır. Yəni, dəniz səviyyəsindən aşağıda yerləşir. Xəzərin hazırkı səviyyəsinin əkin sahələrinə elə bir mənfi təsiri görünmür. Əgər havalar istiləşəndən sonra Kürün səviyyəsi qalxarsa və Kürün suyu qurunt suları ilə birləşərsə, bu zaman əkin sahələri də ziyan görəcək. Əkinə yararlı sahələrə yaxın hissədə suyun hansı səviyyədə aşağı düşməsi hesablanmalıdır. Hamı deyir ki, suyun səviyyəsi düşüb. Hansı səviyyə düşüb, bu məlum deyil”.

Balıqlar... Onların axırı necə olacaq?

Fəlsəfə doktorunun dediklərinə inansaq, əkin sahələrinə bir təsir də Kürün səviyyəsi ilə bağlıdır. Onun sözlərinə görə, Kür çayının səviyyəsi aşağı düşərsə, mənfi təsirlərini göstərə bilər: “Amma indidən hansı təsirini göstərəcək, bunu demək çətindir. Xəzərin suyunun düşməsi dənizdəki canlı orqanizmlərə, biomüxtəlifliyə də öz təsirini göstərir. Canlı orqanizmlər həmişə özlərinə yaşayış mühiti axtarır. Suyun səviyyəsi müəyyən olunmuş həddən kəskin şəkildə aşağı düşməyib. Ona görə də canlı orqanizmlər üçün hər hansı mənfi təsiri bir o qədər yoxdur. Səviyyə müəyyən hissədə aşağı düşəndə dənizdəki canlılar da suyun səviyyəsinin nisbətən yuxarı olan hissəsinə üz tutur. Hazırda bu təsir hiss olunacaq dərəcədə deyil. Xəzərin su səviyyəsinin aşağı düşməsi dənizdəki canlılar üçün o qədər təsir göstərməsə də insanlara çox təsir göstərir”.

Gəlinən nəticə odur ki, hələlik ciddi təhlükə görünmür. Amma bu fəlakətin uzaqda olması anlamına gəlmir. Sürətli enmə əkin sahələrimizi şoranlaşdıra, içməli su ehtiyatımızı zədələyə, biomüxtəlifliyi də bizim akvatoriyamızdan uzaqlaşdıra, məhv edə bilər.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm