Ekologiya
Çernobılda “mutasiya möcüzəsi”: Bu heyvanlar radiasiyaya necə qalib gəlir?
1986-cı il aprelin 26-da baş verən Çernobıl AES qəzası üzərindən 40 il ötür. Pripyat yaxınlığında yerləşən stansiyada partlayışdan sonra yaranan geniş Çernobıl qadağan zonası bu gün də yüksək radiasiya səbəbindən insanlar üçün yaşayışa yararsız hesab olunur. Lakin son araşdırmalar göstərir ki, bəzi heyvanlar bu ekstremal mühitdə nəinki sağ qalır, hətta inkişaf edir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alimlərin müşahidələrə görə, son onilliklərdə bu əraziyə çox sayda heyvan köç edib. Xüsusilə boz canavarların (Canis lupus) sayı diqqət çəkir - onların populyasiyası 1986-cı ildən bəri kəskin artıb və digər bölgələrlə müqayisədə dəfələrlə çoxdur.
Prinston Universiteti alimləri tərəfindən aparılan yeni genetik tədqiqat bu fenomenə aydınlıq gətirə bilər. Tədqiqatın nəticələrinə əsasən, Çernobıl canavarlarının genetik quruluşu dünyanın digər bölgələrində yaşayan canavarlardan əhəmiyyətli dərəcədə fərqlənir. Bu isə onların radiasiyaya qarşı uyğunlaşma xüsusiyyətləri qazandığını göstərir.
Alimlər hesab edirlər ki, populyasiya daxilində genetik müxtəliflik bəzi fərdlərə ionlaşdırıcı şüalanmaya daha davamlı olmağa imkan verir. Maraqlıdır ki, bu heyvanlarda xərçəng halları digər yerlərdəki heyvanlarla eyni səviyyədə ola bilər, lakin xəstəlik onların həyat fəaliyyətinə daha az təsir edir.
Tədqiqatçılar Çernobıl zonasını artıq “radioaktiv cənnət bağı” adlandırır. İnsanların bölgədən uzaqlaşdırılması nəticəsində təbiət özünü bərpa edib və müxtəlif növlər burada məskunlaşıb. Bu heyvanlar arasında marallar, bizonlar, qabanlar, canavarlar və hətta sahibsiz itlər də var.
Bununla belə, ən diqqətçəkən məqam məhz canavarların sayının digər heyvanlarla müqayisədə 7 dəfədən çox olmasıdır. Alimlər bunun səbəbini öyrənmək üçün həm Çernobıldan, həm də radiasiya səviyyəsinin daha aşağı olduğu Belarusdan və normal şəraitə malik Yellouston Milli Parkı ərazisindən nümunələr götürüblər.
Araşdırma zamanı 3180 genin Çernobıl canavarlarında fərqli fəaliyyət göstərdiyi müəyyən edilib. Daha sonra bu genlər xərçəng genom atlası (TCGA) ilə müqayisə olunub və nəticədə 23 genin xərçənglə əlaqəli olduğu üzə çıxıb. Bu genlərin insanlarda bəzi xərçəng növlərində daha yüksək sağ qalma göstəriciləri ilə əlaqəli olduğu qeyd edilir.
Alimlərin fikrincə, bu genetik xüsusiyyətlər uzun illər davam edən radiasiya təsirinin nəticəsidir. Qida zəncirinin bütün halqaları - bitkilərdən tutmuş ot yeyənlərə, oradan da yırtıcılara qədər - radiasiyaya məruz qaldığı üçün bu uyğunlaşma təkamül prosesində formalaşıb.
Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə insanlar üçün yeni xərçəng müalicə üsullarının hazırlanmasına da töhfə verə bilər.
Müəllif: Adəm
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi






































