Qorumağa 1, məhv etməyə 30 dollar xərcləyirik - Şok açıqlama
Bizi izləyin

Ekologiya

Qorumağa 1, məhv etməyə 30 dollar xərcləyirik - Şok açıqlama

Qorumağa 1, məhv etməyə 30 dollar xərcləyirik - Şok açıqlama

BMT-nin Baş katibi Antonio Quterreş təbiətin qorunmasına ayrılan vəsaitlə təbii sərvətlərin məhvinə sərf olunan pullar arasındakı kəskin fərqə diqqət çəkib.

Publika.az xəbər verir ki, o, İrəvanda keçirilən COP17 Liderlər Sammitinin açılışında çıxışı zamanı bildirib ki, təbiəti qorumağa yönəldilən hər 1 dollar investisiyanın qarşılığında onun məhvinə və təbii sərvətlərin tükənməsinə 30 dollar xərclənir.

Quterreşin sözlərinə görə, təkcə 2023-cü ildə dünyada ətraf mühitə mənfi təsir göstərən ağır sənaye, aqrobiznes və karbohidrogen hasilatı sahələrinə 7,3 trilyon dollar sərmayə qoyulub. Qlobal biomüxtəlifliyin qorunması üçün isə hər il 1 trilyon dollara qədər vəsait tələb olunur. Bu, dünya ÜDM-nin təxminən 1 faizidir.

BMT rəhbəri müsbət məqam kimi bərpaolunan enerji mənbələrinin inkişafını qeyd edib. Onun sözlərinə görə, 2010-cu ildən günəş panellərinin qiyməti 90 faiz, batareyaların qiyməti isə 95 faiz azalıb. Nəticədə yaşıl enerjiyə investisiyalar neft-qaz sektoruna yatırılan sərmayələrdən iki dəfə sürətlə artır.

Bununla belə, Quterreş yaşıl enerjinin üstünlüklərindən bütün ölkələrin eyni dərəcədə yararlanmadığını vurğulayıb və beynəlxalq maliyyə institutlarını inkişaf etməkdə olan ölkələrə dəstək göstərməyə çağırıb.

“Vəzifəmdən getməyimə cəmi 76 gün qalıb. Prioritetim biomüxtəliflik və iqlim böhranı ilə mübarizə olub. Mənim övladlarım və nəvələrim var və onlar təbiətin qorunması məsələsində bizə güvənirlər”, - deyə o bildirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm