Azərbaycan təhsilində yeniliklər: bunlar ləğv edilir - ŞƏRH
Bizi izləyin

Elm və təhsil

Azərbaycan təhsilində yeniliklər: bunlar ləğv edilir - ŞƏRH

Azərbaycanda Təhsil Nazirliyinin Kollegiyasının qərarlarına əsasən ali təhsil sahəsində bir sıra yeni qaydalar təsdiq edilib. Yeni qaydaların tətbiqindən sonra ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilməyəcək. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmayacaq. Ali təhsilini bir ixtisasdan digərinə dəyişənlər ödənişli əsasla təhsil alacaq.

Yeni qaydaların ölkənin təhsil sistemi və tələbələr üçün yaradacağı imkanları Publika.az-a təhsil eksperti Kamran Əsədov şərh edib.

Onun sözlərinə görə, tələbələrin köçürülməsi ilə bağlı təsdiq edilən qaydalar neqativ halların qarşısını alacaq:

“Əvvəlki illərdən fərqli olaraq, 2015-ci ildən etibarən tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi elektron qaydada, transfer.edu.az saytında iddiaçılarının qeydiyyatdan keçib özləri haqqında lazımi məlumatları doldurması ilə həyata keçrilir. Belə ki, magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın. Yeni qəbul olunmuş prosedur qaydalarında bu qaydalar saxlanılıb. Lakin yenilik ondan ibarətdir ki, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu qərarın müsbət tərəfi odur ki, kimsə ixtisas seçimi zamanı düzgün seçim edə bilməyib yüksək balla istəmədiyi ixtisasa qəbul olubsa, indi bu şansdan yararlanaraq, istədiyi ixtisasa, öz ixtisas qrupu daxilində rahat şəkildə köçürmə edə bilər. Buna qədər bu prosesə kənar müdaxilələr mümkün idisə, indi bu hallar mümkün deyil. Transfer.edu.az sayı vasitəsilə həyata keçiriləcək və bu da neqativ halların aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir”.

K.Əsədov bildirib ki, magistratura səviyyəsinə qəbul olan tələbənin bir ixtisasdan digərinə köçürülməməsi qərarı yerində və vaxtında edilmiş dəyişiklidir:

“Bundan sonra magistr pilləsi üzrə başqa ixtisasa köçürülmə mümkün olmayacaq. Çünki bakalavrdan fərqli olaraq, magistr təhsili iki ildir. Əgər bir tələbə birinci kursdan sonra başqa bir ixtisasa köçürmə edərsə, o, ikinci kursda birinci kursun yaranmış fərq imtahanlarını verməlidir. Lakin bunun üçün də akademik müddət yetərli olmayacaq. Bütün kreditlərin isə bir il ərzində yerinə yetirilməsi istər fiziki, istərsə də qanunvericilik baxımından mümkün deyil. Yeni qəbul edilmiş qaydalara əsasən ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, birinci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşması) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Qanun qüvvəyə minib. Hazırda təhsil alanlar, ancaq daxil olduğunu ixtisas istiqaməti, yəni proqram üzrə köçürmə edə bilərlər. Başqa birinə köçürülmələri mümkün deyil. Bakalavr pilləsi üzrə məsələ belədir ki, orada da ancaq ixtisas qrupu üzrə köçürmə üçün müraciət edə bilər. Birinci qrupa qəbul olan 3-cü qrupa, və ya 4-cü qrupa daxil olan 2-ci qrupa köçürülmə edə bilməz. Lakin bir vacib nüansı da deyim ki, bütün ixtisaslar üzrə təhsil alanlar MBA ixtisası üzrə bakalavr təhsilinə fərq qoyulmadan təhsillərini davam etdirə bilərlər”.

Ekspert xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsinin bundan sonra mümkün olmamasını da, müsbət addım kimi dəyərləndirib:

“Təəssüf ki, 2014-cü ilə qədər hər il 10 mindən çox tələbə Gürcüstan, Ukrayna, Dərbənd, Dağıstan kimi universitetlərdən Azərbaycan universitetlərinə köçürülürdü. Halbuki, onların qəbul imtahanlarında topladıqları ballar buna imkan vermirdi. Məhz köçürülmələrin elektron xidmətlər vasitəsilə həyata keçirilməsi neqativ halların qarşısının alınması üçün ciddi irəliləyiş əldə etməyə imkan verir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm