Ali məktəbə dəymiş ziyanı rektorlar ödəyəcək - Rəsmi
Bizi izləyin

Elm və təhsil

Ali məktəbə dəymiş ziyanı rektorlar ödəyəcək - Rəsmi

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edib.

Publika.az xəbər verir ki, Nizamnamədə ali təhsil müəssisələrinin yaradılması, fəaliyyəti, eləcə də onlara rəhbərlik edəcək şəxslərin vəzifələri müəyyən edilib.

Nizamnamədə bildirilir ki, ali təhsil müəssisəsinin cari fəaliyyətinə rektor rəhbərlik edir. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir.

Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.

Rektor ali təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır. Ali təhsil müəssisəsini dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir, ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir, təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təkliflər verir və sənədlər (o cümlədən, ali təhsil müəssisəsinin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir, müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini, bələdiyyə tərəfindən yaradılmış ali təhsil müəssisəsində isə xərclər smetasını ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir.

Bundan başqa rektor ali təhsil müəssisəsinin işçilərinin (prorektor və daxili audit bölməsinin əməkdaşları istisna olmaqla), onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların rəhbərlərinin tabe olduğu dövlət orqanı (qurumu) ilə və ya bələdiyyə ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir. Ali təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. Elmi Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir, ali təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir, Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında ali təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir, ali təhsil müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm