Kürdəmirdə hər kəsi təəccübləndirən bacıların evindən REPORTAJ - VİDEO
Bizi izləyin

Elm və təhsil

Kürdəmirdə hər kəsi təəccübləndirən bacıların evindən REPORTAJ - VİDEO

Bir sinifdə oxudular, imtahanlarda eyni balı topladılar, eyni universitetə qəbul oldular
Kürdəmir rayonunun Şilyan kəndində eyni sinifdə oxuyan Əhmədova bacıları ali təhsil ocaqlarına qəbul imtahanlarında iştirak edərək eyni bal toplayıblar.
AzərTac
xəbər verir ki, Nuranə və Aynurə Əhmədova bacılarının aralarında bir yaş fərqi olsa da, eyni sinifdə təhsil alıblar. Şilyan kənd orta məktəbinin məzunları olan bacılar bu il ali təhsil ocaqlarına qəbul olmaq üçün imtahanlarda fərqli qrupları seçsələr də, hər ikisi eyni – 490 bal toplayıblar.
Nuranə Əhmədova bu barədə danışarkən deyib: “Bir sinifdə oxumağımıza baxmayaraq, eyni nəticəni göstərəcəyimiz ağlıma da gəlməzdi. Həqiqətən bizim üçün sürpriz oldu. Baxmayaraq ki, pandemiya dövrüdür, dərslər keçilmirdi, hazırlıqlara getmirdik, amma ciddi səylə evdə çalışdıq. Şükür Allaha ki, əziyyətimiz hədər getmədi, nəticələrimiz yaxşı oldu”.
Aynurə Əhmədova da sevincini bölüşərək bildirib ki, pandemiya dövrünün çətinliklərini də nəzərə alsaq, belə vaxtda oxumaq çox çətindir. “Əvvəl hazırlığa gedirdik, lakin karantin rejimi ilə əlaqədar olaraq, evdə öz gücümüzlə hazırlaşmağa çalışdıq. Çünki qarşımıza məqsəd qoymuşduq. Bu yolda bizə kömək olan hər kəsə təşəkkürümü bildirirəm”, - deyə o əlavə edib.
Müəllim olmaq istəyən bacılar Azərbaycan Dövlət Pedaqoji Universitetinə sənəd veriblər. Aynurə tarix və coğrafiya, Nuranə isə riyaziyyat-informatika müəllimi olmağı qarşıya məqsəd qoyublar.
Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfael Məmmədovun sözlərinə görə, rayondan olan məzunların bu il ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr ötən illərdən xeyli fərqlənib: “Rayonumuzda 59 ümumtəhsil məktəbi, 2 məktəbdən kənar müəssisə fəaliyyət göstərir. Həmin təhsil müəssisələrindən 45-i tam orta məktəbdir ki, bu il də onların məzunları ali məktəbə qəbul zamanı yüksək nəticələr göstəriblər. Məzunlarımızdan 18-i 600-dən, 30-dan çoxu isə 500-dən yuxarı bal toplayıb. Ümumilikdə, bu il təhsil müəssisələrini 953 nəfər 11-ci sinif şagirdi bitirib. Onlardan 495 nəfəri ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib və 371 nəfər ali məktəb üçün keçid balını toplayıb”.
Qeyd edək ki, Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı orta məktəbindən isə 7 məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan 6-sı eyni sinfin şagirdləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm