Bal məhdudiyyəti qoyulsun və yalnız bu ixtisaslara... - Tələbə kreditləri ilə bağlı TƏKLİF
Bizi izləyin

Elm və təhsil

Bal məhdudiyyəti qoyulsun və yalnız bu ixtisaslara... - Tələbə kreditləri ilə bağlı TƏKLİF

Dövlətin təhsil siyasətində olan əsas prinsiplərdən biri təhsilin liberallaşdırılması, onun əlçatanlığının təmin edilməsidir. Cənab Prezidentin Təhsil Tələbə Krediti Fondunun yaradılmasi haqqında olan fərmanı bu prinsiplərin həyata keçirilməsi istiqamətində ciddi addımdır. Bu fərmanın özündə onun icrası ilə bağlı bir sıra dövlət qurumlarına tapşırıqlar öz əksini tapır. Düşünürəm ki, bu tapşırıqların icrası o qədər də çətin olmayan bir proses olacaq. İstər Təhsil Nazirliyinin, istərsə də Mərkəzi Bankın, digər nazirlik və agentliklərin icra etməli işlər var ki, öz həllini asanlıqla tapacaq.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, fondun gələcək fəaliyyəti, onun nə dərəcədə Azərbaycan təhsilinə və ölkənin iqtisadi sisteminə faydalı olması bu fərmanın 5-ci bəndinin icra edilməsindən asılı olacaq: “Daha dəqiq desək cənab Prezident bu fərmanın 5.2-ci bəndində Nazirlər Kabinetinə tapşırır ki, bu fondun kreditinin verilmə qaydalarını bir ay müddətində hazırlayıb ölkə başçısına təqdim etsinlər. Fondun fəaliyyətinin səmərəliliyinin əsası məhz fərmanın bu 5.2-ci maddəsində olan məsələnin üzərində dayanır. Əsas məsələ kreditin kimlərə, hansı ixtisaslara, hansı ali məktəblərə, hansı şərtlərə verilməsidir. Bu şərtlərlə və qaydalar üzərində çox ciddi düşünmək lazımdır. Bir anlıq təsəvvür edək ki, biz keçid balını toplamış bütün müraciət edənlərə təhsil krediti ayırdıq. Hamı bu fondun vəsaitindən yaralandı və təhsilini başa verdi. Bu kreditlərin geri qaytarılması məsələsi necə olacaq? Etiraf edək ki, bu gün ali məktəblərimiz bəziləri istisna olmaqla, əksəriyyəti bugünkü əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını yerinə yetirə bilmir. Bu gün mən diplomlu satıcıyam, diplomlu taksi sürücüsüyəm və.s. deyə ali təhsil olsa da hazırkı əmək bazarında təhsilinə uyğun iş tapmaqda çətinlik çəkənlər kifayət qədərdir. Biz əgər kortəbii şəkildə bütün müraciət edənlərə kredit versək 4 il sonra bu sayı artıracağıq. Ali təhsilli işsizlərin sayının artması ilə də məsələ bitməyəcək”.

Ekspert hesab edir ki, götürülmüş kreditlərin qaytarılması məsələsi ciddi bir problemə çevriləcək. Onun sözlərinə görə, buna səbəb ali təhsil məzununun işsizlik riskinin böyük olmasıdır: “Belə olan halda fondun kreditini necə qaytaracaq. Tamam möhlət veriləcək? Nə qədər? Kim qarant verə bilər ki, bu möhlət bitəndən sonra şəxs iş tapacaq və kreditini ödəyəcək? Cəmi 6-7 il sonra bizim problemli kreditlər statistikasında bir alt bölmə yaranacaq. Adı da olacaq problemli təhsil krediti. Əgər bu gün hazırlanmalı qaydalar mükəmməl tərtib edilməsə zaman getdikcə bu problemli kreditin həcmi artacaq. Və bir gün elə kütləviləşək ki, dövlət büdcəsi hesabına bu kreditlərin silinməsi məsələsi gündəmə gələcək. Hamımız Amerikaya imkanlar ölkəsi deyirik. Orada iqtisadi fürsətlər daha geniş və ali təhsil məzunun işləyərək kreditini geri ödəməsi praktik olaraq daha mümkün görünür. Amma bununla belə bir müddət əvvəl ABŞ hökuməti tərəfindən 3 milyard dollarlıq tələbə krediti silindi. Amma yenə də bundan 500 dəfə artıq borc hələ də qalmaqdadır. Daha dəqiq desək, hazırda Amerikada 1.4 trilyon dollar tələbə borcu var. Bunun 40%-ə qədəri riskli hesab edilir. Buna görə də getdikcə kredit verilişi həcmləri azaldılır”.

E.Əmirov qeyd edib ki, biz xarici dövlətlərin müsbət təcrübəsindən yararlandığımız kimi, acı təcrübəsindən də nəticə çıxarmalıyıq: “Platondan soruşublar ki, ağıllı və müdrik adam arasındakı fərq nədir. Deyib ki, ağıllı adam problemdən həll yolunu tapır. Müdrik adam isə bu problemi yaranmağa qoymur. Biz 10 il sonra ciddi bir problemə çevrilə biləcək prosesin qarşısını indi ala bilərik. Bunun üçün bu fonddan kreditlərin verilməsilə bağlı şərtlərə daha ciddi yanaşılmalı, risk faktorları dərindən araşdırılmalı və qaydalar tərtib edilməlidir. Bu qaydalarla bağlı təkliflərimə gəldikdə isə əvvəlcə bal limitləri olmalıdır. Yəni müəyyən baldan yuxarı toplayanlar üçün müraciət qəbul edilməlidir. Daha sonra ixtisas kateqoriyaları nəzərə alınmalıdır. Çox yaxın keçmiş üçün aktuallığını itirəcək ixtisaslara bu kredit verilməməlidir. Peşə təhsilinin kreditləşdirilməsinə daha çox diqqət yetirilməlidir. Elə ixtisaslar var ki, abituriyent axını çox aşağı səviyyədədir, amma perspektivdə bu ixtisaslar dövlət üçün vacibdir. Belə ixtisasları konkret şəkildə dəqiqləşdirilərək, bu prosesdən stimullaşdırıcı alət kimi istifadə edilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm