"Azərbaycan dilinə ən böyük təhlükə budur..." - Nadir Məmmədli DANIŞDI
Bizi izləyin

Elm və təhsil

"Azərbaycan dilinə ən böyük təhlükə budur..." - Nadir Məmmədli DANIŞDI

"Azərbaycan dilinə ən böyük təhlükə budur..." - Nadir Məmmədli DANIŞDI

Avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanına əsasən təsis edilib. Məqsəd Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, əlifbamızın təbliği və ana dilinə dövlət qayğısının daha da gücləndirilməsidir.

Müstəqillik dövründə Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin təsiri fonunda ana dilinin qorunması, ədəbi dil normalarına əməl olunması və dil mədəniyyətinin inkişafı məsələləri də aktuallığını qoruyur.

Publika.az mövzu ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin fikirlərini öyrənib.

Azərbaycan dilinin heç bir təhlükəsi yoxdur

Professor Nadir Məmmədli bildirdi ki, Azərbaycan dilinin gələcəyi ilə bağlı bədbin fikirlərə əsas yoxdur:

"Azərbaycan dilinin heç bir təhlükəsi yoxdur. Dilimiz ən yüksək pik səviyyəsindədir və inkişaf edir. Zəngin bir dilimiz var."

Alimin sözlərinə görə, dilimizə ən çox ziyan vuran amillərdən biri yeni yazarlardır. O qeyd etdi ki, bəzi müəlliflər Azərbaycan dilinin sintaktik quruluşunu pozaraq bunu yeni üslub kimi təqdim etməyə çalışırlar.

"Dilimiz aqqlütinativ sistemli dildir. Əvvəlcə mübtəda gəlir, sonra ikinci dərəcəli üzvlər, sonda isə xəbər. Diqqətlə baxın, sintaksisi nə günə qoyublar. Rus dili, fars dili, erməni dili eyni kökdən olan dillərdir. Onlarda sistem belədir ki, mübtəda gəlir, xəbər gəlir, sonra ikinci dərəcəli üzvlər. Bizim bəzi gənc yazarlar isə guya yeni üslub kəşf ediblər. Halbuki bu, dilimizə ziyan vurur", - deyə professor vurğuladı.

Əcnəbi sözlərə aludəçilik dili korlaya bilər

Nadir Məmmədli hesab edir ki, Azərbaycan dilində və dialektlərdə qarşılığı olan sözlərin əvəzinə xarici sözlərin işlədilməsi də ciddi problemlərdəndir.

Onun sözlərinə görə, Azərbaycan dilinin üstünlüyü ondadır ki, söz kökü dəyişmir, müxtəlif şəkilçilər vasitəsilə yeni sözlər yaratmaq mümkündür:

"Əgər dildə analoq varsa, deməli həmin sözü yaratmaq da mümkündür. Nəyin ki, başqa dildən götürüb istifadə edəsən."

Professor əlavə etdi ki, bəzi hallarda şəkilçilər də düzgün işlədilmir:

"Məsələn, "-çı, -çi" şəkilçisi peşə və sənət bildirən şəkilçidir. Dəmir - dəmirçi, çörək - çörəkçi. İndi isə hündür binaların ətrafına yazırlar: 'Müvəqqəti narahatçılığa görə üzr istəyirik'. Belə çıxır ki, "narahatçılıq" peşəyə çevrilir. Bu da şəkilçilərdən düzgün istifadə olunmamasının nəticəsidir."

Alim hesab edir ki, dilə münasibətdə əsas prinsip dədə-babalarımızdan gələn dil ənənəsini qorumaq olmalıdır.

Nadir Məmmədli Prezident İlham Əliyevin bu fikrini də xatırladı:

"Bizim bir ailəmiz var, o da türkdilli xalqlardır. Başqa ailəmiz yoxdur."

Professorun sözlərinə görə, Azərbaycan dilində və dialektlərdə qarşılığı olmayan sözlər üçün ilk növbədə digər türkdilli xalqların leksikasına müraciət etmək olar. Bu da mümkün olmadıqda beynəlmiləl sözlərdən istifadə edilməsində problem yoxdur.

"Dillər arasında inteqrasiya qaçılmazdır. Xaricdə baş verən hadisələrin adları çox vaxt olduğu kimi dilimizə daxil olur. Onları zorla dəyişmək, yeni söz yaratmaq özünü doğrultmur. Hadisə gündəmdən çıxanda həmin söz də təbii şəkildə dildən çıxacaq", - deyə alim bildirdi.

Jurnalistlərin üzərinə böyük məsuliyyət düşür

Nadir Məmmədli vurğuladı ki, dilin zənginləşdirilməsi elmi əsaslarla aparılmalıdır.

Onun fikrincə, hər kəs dialektində işlənən sözü ədəbi dil norması kimi təqdim etməməlidir:

"Orfoepiya ilə dialektləri fərqləndirmək lazımdır. Buradan başlamaq lazımdır. Xüsusilə jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Dildə olan sözün alternativini gedib əcnəbi dildən gətirmək lazım deyil. Öz dilimizdə tapmaq lazımdır."

Alim qeyd etdi ki, bütün bunlar dili həm korlaya, həm də zənginləşdirə bilər. Buna görə də dilin imkanlarından elmi şəkildə istifadə olunmalı, Azərbaycan Milli Elmlər Akademiyasının illər ərzində topladığı təcrübə nəzərə alınmalıdır.

Bizdə çatışmayan əsas məsələ praktik dildir

Professor Nadir Məmmədli bildirib ki, Azərbaycan dilçiliyində kifayət qədər sanballı elmi əsərlər və qrammatika kitabları mövcuddur. Onun sözlərinə görə, əsas problem praktik dilin mənimsədilməsidir.

"Elmlər Akademiyası uzun müddətdir fəaliyyət göstərir. Dilçiliyimizdə kifayət qədər yaxşı qrammatika kitablarımız var. Mən deyərdim ki, belə zəngin qrammatika irsi bir çox türkdilli xalqlarda yoxdur. Bizə çatışmayan əsas məsələ praktik dildir. Praktik dili insanlara mənimsətmək lazımdır", - deyə o bildirdi.

Alim bunu sadə bir nümunə ilə izah etdi:

"Mənim sənə qarşı hörmətim var." - Cümlə qrammatik baxımdan düzgündür. Ancaq praktik dil baxımından düşünəndə sual yaranır: mənim sənə qarşı necə hörmətim ola bilər? Deməli, praktik dili ayrıca mənimsətmək lazımdır. Buradan başlamaq lazımdır."

Professor gənclərə də müraciət edərək bildirdi ki, ana dilinin zənginliyini daha dərindən öyrənmək lazımdır:

"Gənclərimizə Allah can sağlığı versin. Amma bildikləri və bilmədikləri sözləri işlətməyə tələsməsinlər. Əvvəlcə öz dilimizin zənginliyini öyrənsinlər."

Dilimizin söz bazasını süni intellektin köməyi ilə yaratmışıq

Nadir Məmmədli bildirdi ki, Azərbaycan dilinin inkişafı üçün ilk növbədə möhkəm söz bazası yaradılmalıdır.

Onun sözlərinə görə, uzun illər orfoqrafiya lüğətlərində sözlərin sayı müxtəlif olub:

"Bir vaxt 80 min, sonra 82 min, daha sonra 47 min, 90 min, 110 min söz göstərilib. Birinci növbədə söz bazasını yaratmaq lazımdır."

Professor qeyd etdi ki, Dilçilik İnstitutunda bu istiqamətdə mühüm iş görülüb:

"Birinci dəfədir ki, Dilçilik İnstitutunda süni intellektin köməyi ilə dilimizin söz bazasını yaratmışıq."

O bildirdi ki, bunun davamı olaraq korpus dilçiliyi inkişaf etdirilməlidir:

"Bu o deməkdir ki, korpus dilçiliyi yaratmaq lazımdır. Korpus dilçiliyinin əsasında dilin bütövlükdə söz bazası ortaya çıxarılmalıdır. Əks halda sözdən düzgün istifadə etməyin qaydalarını necə müəyyənləşdirəcəyik? Hərə bir söz işlədəcək."

Terminlər öz sahəsində birmənalı olmalıdır

Professorun sözlərinə görə, Azərbaycan dilçiliyinin ən ağrılı məsələlərindən biri terminologiyadır.

"Terminləri unifikasiya etmək lazımdır. Hərə bir termindən istifadə edir. Bəziləri deyirlər ki, termin çoxmənalı ola bilməz. Halbuki termin də sözdür və söz çoxmənalı ola bilər."

Alim qeyd etdi ki, burada əsas məsələ terminin işlədildiyi sahədir:

"Təkcə "getmək" sözünün 35 mənası var. Amma termin öz sahəsində birmənalı olmalıdır. Bu, tamam başqa məsələdir."

Nadir Məmmədli bunu "yarus" sözü ilə izah etdi:

"Yarus tikintidə mərtəbə mənasını verir. Dilçilikdə isə dilin təbəqələrini ifadə edir. Bunlar bir-birinə mane olmur. Bu incəlikləri praktik şəkildə öyrənmək lazımdır."

Milli süni intellekt alqoritmləri yaradılmalıdır

Professor bildirdi ki, Azərbaycan dilinin və tərcüməçiliyinin tarixində insanlar düzgün söz tapmaq üçün böyük zəhmət çəkiblər. Rəsul Rzanın dediyi kimi, "Söz çıxıb ceyran belinə"

Onun fikrincə, milli tərcümə alqoritmlərinin və milli süni intellekt proqramlarının yaradılması bu istiqamətdə böyük imkanlar aça bilər:

"Süni intellektin nəfəsi yoxdur. O, yalnız quru məlumat verir. Ancaq tərcümə alqoritmləri yaradılsa, milli alqoritmlər yaradılsa, süni intellekt proqramları yaradılsa, görün insanlara nə qədər kömək edə bilər."

Professor Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında səsləndirdiyi fikirləri də xatırladı:

"Dövlət başçısı açıq şəkildə bildirib ki, dilçiliyimizi xüsusilə rəqəmsal platformalar və süni intellektlə uzlaşdırmaq lazımdır."

Alimin sözlərinə görə, bu, dünya elmi inkişafından geri qalmamaq deməkdir:

"Süni intellektin heç bir maneəsi yoxdur. Sadəcə onun təqdim etdiyi məlumatları Azərbaycan dilinin norma və qaydalarına uyğunlaşdırmaq lazımdır. Hazırkı proqramlar bizim dilimiz üçün yaradılmayıb. Bunlar əsasən ingilis dili bazasında qurulub. Milli alqoritmlərimiz yaradılsa, daha böyük üstünlüklər əldə edə bilərik."

Əlifbamızın taleyi heç də asan olmayıb

Müsahibimiz söhbət zamanı Azərbaycan əlifbasının keçdiyi tarixi yola da toxundu. Professor Nadir Məmmədlinin sözlərinə görə, əlifbamızın taleyi bu baxımdan heç də uğurlu olmayıb:

"Əlifbamızın bu cəhətdən bəxti gətirməyib. Təsəvvür edin ki, bir əsr ərzində əlifbamız dörd-beş dəfə dəyişdirilib. Bu, həqiqətən də böyük faciədir."

Alim dedi ki, Azərbaycan xalqı təxminən 1300 il ərzində ərəb qrafikası əsasında formalaşmış əlifbadan istifadə edib.

"Adətən deyirlər ki, ərəb əlifbasından istifadə etmişik. Əslində isə biz ərəb əlifbasından yox, ərəb qrafikası əsasında formalaşmış əlifbadan istifadə etmişik. Ərəb əlifbasının bütün hərflərinə bizim ehtiyacımız olmayıb. Azərbaycan dilinin öz fonetik sistemi var və bu sistem üçün 32 hərf kifayətdir", - deyə müsahib qeyd etdi.

Professor uzun illər müzakirə mövzusu olan apostrof məsələsinə də münasibət bildirdi:

"Apostrofun əlifbadan çıxarılması ilə bağlı çox danışıldı. Halbuki apostrofun Azərbaycan dilində xüsusi funksiyası yoxdur. Ərəb və fars dillərində bu işarə - "həmzə" müstəqil hərfdir. Biz başqa dilə məxsus hərfi niyə öz əlifbamızda saxlamalı idik? Dilimizdə apostrofla yazılan cəmi 70-80 söz qalmışdı. Onların da düzgün işlədilməsi dil daşıyıcısı üçün ciddi problem yaratmır."

Latın əlifbasına keçidin məqsədləri fərqli idi

Nadir Məmmədli qeyd etdi ki, XX əsrin əvvəllərində həm Azərbaycanda, həm də Türkiyədə latın qrafikalı əlifbaya keçidlə bağlı müzakirələr aparılırdı. Lakin bu proseslərin məqsədləri eyni deyildi:

"1920-ci illərdə o zamankı Xalq Maarif Komissarlığında latın qrafikalı əlifbaya keçidlə bağlı müzakirələr başlanmışdı. Türkiyədə də bu istiqamətdə iş gedirdi. Ancaq hər iki ölkənin məqsədi fərqli idi. Türkiyədə Mustafa Kamal Atatürk latın qrafikasına keçməklə ölkəni Qərbə inteqrasiya etdirmək istəyirdi."

Professor bildirdi ki, SSRİ-də isə əlifba islahatı tamamilə siyasi məqsədlər daşıyırdı:

"1926-cı ildə keçirilən Türkoloji Qurultayda əlifbanın dəyişdirilməsi müzakirə olundu. Burada əsas məqsəd türkdilli xalqları müsəlman dünyasından uzaqlaşdırmaq idi. Əsl niyyət isə son nəticədə kiril əlifbasına keçidi təmin etmək idi. Sadəcə bunu birdəfəlik həyata keçirə bilmədilər. Çünki xalqlar çar Rusiyasının hakimiyyətindən yenicə çıxmışdılar və kiril qrafikasına münasibət mənfi idi."

Alimin sözlərinə görə, əvvəlcə latın qrafikasına keçilsə də, bu uzun çəkmədi, 1939-cu ildə latın qrafikası ləğv edildi və kiril əlifbasına keçildi.

Heydər Əliyevin fərmanı ilə bu proses başa çatdı

Professor bildirdi ki, müstəqillik illərində latın qrafikasına qayıdış mərhələli şəkildə həyata keçirilib:

"1990-cı ildə Azərbaycanda Əlifba Komitəsi yaradıldı. Bu, Birinci Qarabağ müharibəsinin ən ağır dövrü idi. 1991-ci ildən latın əlifbasına keçid başlandı. Həmin dövrdə qəzetlərin manşetləri latın qrafikası ilə yazılırdı, amma əsas mətnlər hələ də kiril əlifbasında çap olunurdu. Bu vəziyyət təxminən on il davam etdi."

Nadir Məmmədli vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı bu prosesi tam başa çatdırdı, 2002-ci il avqustun 1-dən etibarən isə bu gün həm Azərbaycan Əlifbası, həm də Azərbaycan Dili Günü kimi qeyd olunmağa başladı.

Biz bəxtəvər xalqıq

Müsahibəsinin sonunda professor Nadir Məmmədli Azərbaycan dilinin dövlətçilik tarixində tutduğu yeri xüsusi vurğulayıb:

"Bütün dünya dillərinin müstəqil dövlətləri yoxdur. Biz isə bəxtəvər xalqıq ki, həm müstəqil dövlətimiz, həm də müstəqil dövlətimizin Azərbaycan dili var."

Alim sonda Ümummilli Lider Heydər Əliyevin məşhur fikrini xatırladı:

"Bu dil bizə babalarımızdan miras qalıb. Biz onu göz bəbəyimiz kimi qorumalı və gələcək nəsillərə daha da zəngin şəkildə çatdırmalıyıq."

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm