Elm və təhsil
Məleykə Abbaszadə birinci kurs tələbələrinə tövsiyələrini verdi
“Əziz birinci kurs tələbələri! Bu gün sizin həyatınızda mühüm bir mərhələ başa çatdı. İmtahanlar, nəticələri gözləmək, ixtisas seçimi və nəhayət, qəbul xəbəri... Siz artıq tələbə adını qazanmısınız. Hər birinizi ürəkdən təbrik edirəm!”
Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında yazıb.
DİM sədri paylaşımında öz tələbəlik illərinə dair xatirələrini və tələbə adını yeni qazananlarla tövsiyələrini bölüşüb.
“Mən on yeddi yaşımda Moskvaya gedib Moskva Dövlət Universitetinin tələbəsi olduğum günləri çox yaxşı xatırlayıram. Məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşmişdim. Orada isə ətrafımda ciddi seçimlərdən keçmiş gənclər var idi. İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa?
Bunun üzərinə tamamilə yeni həyat şəraiti də əlavə olunurdu. Yataqxana, tanımadığım şəhər, məişət qayğıları, pulumu və vaxtımı bölüşdürmək, evdə demək olar ki, hiss etmədiyim ən adi işləri özümün görmək məcburiyyəti və s. Ailəm və dostlarım üçün də darıxırdım. Eyni zamanda ilk gündən bizə çoxlu kitab, məqalə və material oxumaq tapşırılırdı. Artıq heç kim dərslərimi edib-etmədiyimi yoxlamırdı, heç kim nə vaxt oturub çalışmağın vaxtı olduğunu xatırlatmırdı.
O zaman öyrəndiyim vacib həqiqətlərdən biri bu idi: azadlıq məsuliyyətdən ayrılmazdır.
İndi sizin qarşınızda bizim tələbəlik illərimizdə olmayan çox böyük imkanlar var. Demək olar ki, bütün dünya kitabxanası telefonunuzdadır. Dünyanın ən yaxşı universitetlərinin mühazirələrini dinləyə, elmi məqalələri bir neçə saniyəyə tapa, süni intellektdən öyrənmək üçün istifadə edə bilərsiniz.
Amma bir şeyi unutmayın: texnologiya sizin yerinizə düşünməyə başlamamalıdır. Süni intellektdən istifadə edin, amma ən qiymətli qabiliyyətinizi - müstəqil düşünmək bacarığınızı ona verməyin.
Ətrafınızda sizdən daha güclü insanların olmasından qorxmayın. Universitetin ən böyük üstünlüklərindən biri məhz öyrənə biləcəyiniz insanların arasında olmaqdır. Sual verin. Bilmədiyinizi etiraf etməkdən çəkinməyin. Fikrinizi əsaslandırmağı, daha güclü arqumentlə qarşılaşanda isə onu dəyişməyi bacarın.
Səhv etməkdən də qorxmayın. Universitet illərini tamamilə səhvsiz keçirməyinizi arzulamazdım. İnsan yalnız uğurlarından öyrənmir. Əsas odur ki, səhvləriniz həyatınızı dağıtmasın, təcrübəyə çevrilsin.
Və həyatınızı daim başqalarının həyatı ilə müqayisə etməyin. Sosial şəbəkələr sizə insanların həyatının yalnız seçilmiş fraqmentlərini göstərir. Sizin əsas müqayisə nöqtəniz dünənki özünüz olsun.
Universitet illəri yalnız mühazirələr və dərsliklərdən ibarət olmamalıdır. Bu illərdə dostluq da, sevgi də, kitablar da, musiqi də, idman da, səyahətlər də, tələbə layihələri, könüllülük və ilk müstəqil qərarlar da olsun.
Diplom bir gün yalnız hansı ixtisası bitirdiyinizi təsdiq edəcək. Amma daha vacib sual budur: bu illər ərzində siz necə bir insan oldunuz?
Arzu edirəm ki, illər sonra tələbəlik dövrünüzə baxıb deyə biləsiniz: “Mən sadəcə təhsil almadım - düşünməyi, seçim etməyi, özümə cavabdeh olmağı və gələcəkdən qorxmamağı öyrəndim”.
Tələbə adını qazanmağınız münasibətilə sizi bir daha təbrik edirəm. Yolunuz açıq və uğurlu olsun!”
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















