Azərbaycanda benzinin qiyməti bu qədər artacaq
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda benzinin qiyməti bu qədər artacaq

Azərbaycanda benzinin qiyməti bu qədər artacaq

Yaxın Şərqdə artan gərginlik dünya enerji bazarında ciddi təsirlər yaratmağa başlayıb. Belə ki, İran ətrafında baş verən hadisələrdən sonra Avropa və ABŞ-da yanacaq qiymətləri sürətlə artıb. Bildirilir ki, bu prosesin qarşısını almaq üçün ABŞ yanacaq üzrə federal vergilərin yığılmasını müvəqqəti dayandıracaq.

Yanacaqla bağlı yaranmış böhran ölkəmiz üçün nə vəd edir?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Azərbaycan ixrac yönümlü enerji iqtisadiyyatıdır:

“Dövlət büdcəsinin və valyuta axınının əsas hissəsi neft-qaz sektorundan gəlir. Ona görə də enerji qiymətlərinin yüksəlməsi avtomatik olaraq ölkəyə əlavə gəlir gətirir. Neftin hər 10 dollarlıq artımı Azərbaycan büdcəsi üçün təxminən 400 milyon manat əlavə gəlir deməkdir. Hazırda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti büdcədə nəzərdə tutulan 65 dollar səviyyəsindən xeyli yüksəkdir. Bu vəziyyət Dövlət Neft Fondunun gəlirlərini artırır, valyuta ehtiyatlarını gücləndirir, manatın sabitliyini qoruyur, ən əsası, hökumətə əlavə sosial xərclər imkanı verir. Qısası, enerji ixracatçısı ölkələr qlobal böhran zamanı əlavə renta qazanırlar. Buna klassik “rentier dividend” effekti deyirik. Ancaq bu vəziyyətin təhlükəli tərəfləri də az deyil. Xammal gəlirlərinin artması hər zaman iqtisadi diversifikasiyanı zəiflədir. Azərbaycanın ixracının 80%-dən çoxu enerji sektorunun payına düşür. Bu hal iqtisadiyyatı qiymət volatilliyinə, geosiyasi şoklara, qlobal tələbin dəyişməsinə qarşı həssas saxlayır”.

İqtisadçı bildirib ki, neft bahalaşdıqca dövlət qazanır, amma iqtisadiyyatın dayanıqlılığı zəifləyir:

“Digər tərəfdən, qlobal enerji qiymətləri yüksəldikcə daşınma xərcləri artır, ərzaq qiymətləri bahalaşır, kənd təsərrüfatı maya dəyəri yüksəlir, tikinti və sənaye sektorunda xərclər artır. Bu proses isə “xərc inflyasiyası” adlanır. Yüksək inflyasiya, aşağı iqtisadi artım, zəif məşğulluğun kombinasiyası olan staqflyasiya riski yarana bilər. Bu ssenari Azərbaycan üçün xüsusilə təhlükəlidir, çünki qeyri-neft sektoru hələ kifayət qədər güclü deyil.

Əslində, ABŞ-da federal yanacaq vergisinin dayandırılması ideyası klassik antiinflyasiya müdaxiləsidir. Məqsəd istehlakçı qiymətlərini yumşaltmaq, sosial narazılığı azaltmaq, seçici təzyiqini zəiflətməkdir. Azərbaycan da öz növbəsində AI-92 benzini, dizel və bəzi idxal olunan neft məhsulları üzrə aksiz, gömrük rüsumlarını müvəqqəti azalda bilər. Bu mexanizm daşınma xərclərini yumşalda və ərzaq qiymətlərinə təzyiqi qismən zəiflədə bilər. Məlumdur ki, inflyasiyanın əsas zərbəsi aşağı gəlirli əhalinin üzərinə düşür. Həmçinin, Azərbaycan bazarında qiymət artımının bir hissəsinin həqiqi xərclə yox, bazar konsentrasiyası ilə bağlı olduğu heç kimə sirr deyil. Böhran dövründə süni qiymət artımı, ehtiyat yığılması, kartel davranışları güclənir. Buna görə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, gömrük, vergi sistemi aktiv monitorinq aparmalıdır. Əks halda qlobal şok daxildə “spekulyativ inflyasiya”ya çevrilə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm