Nida Təhlil
İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərqə açılan yeni iqtisadi qapısı
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm diplomatik hadisə kimi qiymətləndirilir. Hanoyda Vyetnam Prezidenti To Lam, Baş nazir Le Minh Hunq və Milli Assambleyanın sədri Tran Thanh Man ilə görüşlər keçirilib, siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Səfər çərçivəsində iki ölkənin prezidentləri Birgə Bəyanat qəbul edib, müxtəlif sahələri əhatə edən sənədlər mübadilə olunub. Energetika, ticarət, investisiya, nəqliyyat və müdafiə sənayesi əməkdaşlığın əsas istiqamətləri kimi diqqət çəkib. Xüsusilə Azərbaycanın Orta Dəhliz imkanları vasitəsilə Vyetnam şirkətlərinin region bazarlarına çıxışına dəstək verməsi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri səfərin iqtisadi əhəmiyyətini artırır.
Publika.az mövzu ilə bağlı politoloq Oqtay Qasımovun fikirlərini öyrəndi.
Politoloq bildirdi ki, Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasətin və yeni iqtisadi tərəfdaşlıqlar qurmaq strategiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycan yalnız ənənəvi tərəfdaşları ilə əlaqələrin inkişafına deyil, eyni zamanda Asiya-Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə də xüsusi diqqət yetirir.
“Son illər Azərbaycan dünyanın müxtəlif güc mərkəzləri ilə əməkdaşlığını genişləndirib. Azərbaycanın Qərblə yanaşı, Şərqlə, yəni Asiya və Sakit okean hövzəsi ölkələri ilə əlaqələrində də ciddi yüksəliş müşahidə olunur”, - deyə politoloq vurğuladı.
O.Qasımov diqqətə çatdırdı ki, bu il ərzində Vyetnamla yanaşı, Laos və Kambocanın rəhbərlərinin də Azərbaycana səfərləri Cənub-Şərqi Asiya istiqamətində diplomatik təmasların intensivləşdiyini göstərir. Onun qənaətincə, həmin təmaslar nəticəsində əldə olunan razılaşmalar Azərbaycanın bu regionla münasibətlərinin yalnız siyasi dialoq çərçivəsində qalmadığını, iqtisadi və praktiki əməkdaşlıq üçün də yeni imkanların yarandığını nümayiş etdirir.
Vyetnamın iqtisadi potensialı Azərbaycan üçün niyə maraqlıdır?
Politoloq Vyetnamın seçilməsini təsadüfi hesab etmir. O qeyd etdi ki, bu ölkə son onilliklərdə Asiya-Sakit okean regionunun ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilib. Vyetnamın istehsal potensialı, xarici investisiyaların cəlb edilməsi və beynəlxalq ticarətdə artan çəkisi onu Azərbaycan üçün əhəmiyyətli tərəfdaşa çevirir.
“Artıq Vyetnam dünyanın istehsal mərkəzlərindən biri hesab olunur. Dünyanın ən böyük şirkətləri Vyetnamda öz istehsal sahələrini açır. 102,3 milyon əhalisi olan Vyetnam ciddi inkişaf yoluna qədəm qoyub”, - deyə müsahibimiz bildirdi.
Onun sözlərinə görə, Vyetnamın geniş daxili bazarı və böyük idxal-ixrac dövriyyəsi Azərbaycan şirkətləri üçün də yeni əməkdaşlıq imkanları yarada bilər. Bu baxımdan əlaqələrin inkişafı yalnız ikitərəfli ticarətin artırılması ilə məhdudlaşmır. Qarşılıqlı investisiyaların təşviqi, birgə istehsal müəssisələrinin yaradılması və məhsulların üçüncü ölkələrin bazarlarına çıxarılması da perspektivli istiqamətlər sırasındadır.

Enerji əməkdaşlığı və Orta Dəhliz - əsas iqtisadi istiqamətlər
O.Qasımovun fikrincə, səfərin mühüm nəticələrindən biri enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrdir. O bildirdi ki, Azərbaycan və Vyetnam arasında əldə olunan razılaşmaların reallaşdırılmasında qarşılıqlı investisiyalar mühüm rol oynayacaq.
Rəsmi görüşlərdə də enerji sahəsində əməkdaşlıq xüsusi yer tutub. Vyetnamın Baş naziri Le Minh Hunqla görüşdə Azərbaycanın neft məhsullarının Vyetnama və bu ölkə vasitəsilə region dövlətlərinə ixracı, eləcə də birgə istehsal sahələrinin yaradılması imkanları müzakirə olunub. Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ilə Vyetnamın müvafiq şirkətləri arasında əməkdaşlığın inkişafı da bu istiqamətdə diqqət çəkən məsələlərdəndir.
Politoloq hesab edir ki, Vyetnamın ticarət əlaqələrinin genişləndirilməsi baxımından Azərbaycanın nəqliyyat-logistika imkanları da xüsusi əhəmiyyət daşıyır. O vurğuladı ki, Orta Dəhliz Cənub-Şərqi Asiya ölkələrinin Avrasiya bazarlarına çıxışı üçün əlavə imkanlar yarada bilər.
“Azərbaycan və Vyetnam arasında əldə olunmuş razılaşmalar qarşılıqlı investisiyalar vasitəsilə həyata keçiriləcək. Eyni zamanda, SOCAR ilə Vyetnamın neft şirkəti arasında enerji sahəsində əməkdaşlıq, eləcə də Vyetnamın ticarət dövriyyəsində və ticarət əlaqələrində Orta Dəhlizin imkanlarından istifadə edilməsi kimi məsələlər də öz əksini tapıb”, - deyə O.Qasımov qeyd etdi.
Bu kontekstdə Azərbaycanın coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat infrastrukturu Vyetnam biznesi üçün regiona çıxış imkanlarını genişləndirə bilər. Baş nazir Le Minh Hunqla görüşdə də Orta Dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün yaratdığı əlverişli imkanlar müzakirə olunub. Azərbaycanın bu istiqamətdə əməkdaşlığa hazır olduğu bildirilib.
Strateji tərəfdaşlıq siyasi münasibətləri iqtisadi məzmunla zənginləşdirir
Qeyd edək ki, Azərbaycan və Vyetnam arasında münasibətlər 2025-ci ilin mayında Vyetnam rəhbəri To Lamın Azərbaycana dövlət səfəri zamanı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Hazırkı səfər isə bu siyasi çərçivənin konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Noyabrın 21-də İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər. Səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyi ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq memorandumu, Azərbaycan Prezidentinin Administrasiyası ilə Vyetnam Prezidentinin Ofisi arasında əməkdaşlıq memorandumu, həmçinin Azərbaycanda günəş və külək elektrik stansiyası layihələrinin qiymətləndirilməsi, hazırlanması və həyata keçirilməsi ilə bağlı Energetika Nazirliyi ilə “ROX Group” arasında icra müqaviləsi mübadilə olunub.
Bu sənədlər əməkdaşlığın təkcə siyasi bəyanatlarla məhdudlaşmadığını, dövlət qurumları və özəl sektor arasında konkret layihələrə keçid üçün zəmin yaradıldığını göstərir. Eyni zamanda, Baş nazir və Milli Assambleyanın sədri ilə görüşlərdə müdafiə sənayesi, tikinti, turizm, birbaşa aviareyslərin açılması və digər istiqamətlər üzrə məsələlərin müzakirəsi əlaqələrin geniş gündəliyə malik olduğunu nümayiş etdirir.
O.Qasımov da hesab edir ki, iki ölkə arasında iqtisadi və enerji sahələri ilə yanaşı, humanitar və mədəni əlaqələrin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, siyasi iradənin mövcudluğu və əldə olunan razılaşmaların icrası gələcəkdə tərəfdaşlığın daha da dərinləşməsinə imkan verəcək.
Azərbaycanın Şərq siyasəti yeni bazarlar və imkanlar yaradır
Politoloq Azərbaycanın Qərblə yanaşı, Şərq ölkələri ilə əməkdaşlığının genişləndirilməsini qarşılıqlı maraqlara cavab verən strateji seçim kimi dəyərləndirdi. O bildirdi ki, Asiya ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın iqtisadi tərəfdaşlarının coğrafiyasını genişləndirməklə yanaşı, yeni bazarlara çıxışını və investisiya imkanlarını da artırır.
“Azərbaycanın Qərblə yanaşı, Şərqlə, yəni Asiya ölkələri ilə əməkdaşlığı tərəflərin maraqlarına uyğundur. Bu əməkdaşlıq yeni bazarlar, yeni əlaqələr və yeni imkanlar kimi dəyərləndirilə bilər”, - deyə O.Qasımov fikirlərini yekunlaşdırdı.
P.S. Beləliklə, İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin gücləndirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və Orta Dəhlizin imkanlarından daha geniş istifadə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan razılaşmaların praktik icrası isə Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının gələcək məzmununu müəyyənləşdirəcək.
Müəllif: Adəm Abbaslı
-
Dünya10:48"GTA"-nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın






































