Yasamalda restorandan seyfi oğurlayan şəxs tutuldu
Bizi izləyin

Hadisə

Yasamalda restorandan seyfi oğurlayan şəxs tutuldu

Ümumi məbləği 8500 manat olan pulu aralarında bölüblər.

İyulun 16-da Yasamal rayonu ərazisindəki restoranlardan birinin sahibi iş otağından içərisində pul olan seyfin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci polis bölməsinə müraciət edib. O, izahatında hadisənin bir gün əvvəl baş verdiyini, lakin aradan ötən müddətdə öz axtarışlarının nəticə vermədiyini bildirib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək ətraflı müayinə edib, müvafiq araşdırmalar aparıb. Oğurluğun orada işləyən ustalar tərəfindən törədildiyinə dair şübhələr ortaya çıxıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərdən biri - Bərdə rayon sakini Səfadar Nağıyev Zabrat qəsəbəsindəki bağ evində saxlanılaraq polis bölməsinə gətirilib.

Tutarlı dəlillər qarşısında S.Nağıyev tamah məqsədilə törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, S.Nağıyev uzun müddətdir həmin restoranda usta kimi işləyir. O, həmin gün səhər saat 8.00 radələrində digər həmkarı ilə əvvəlcədən əlbir olaraq iş yerinə gəlib, arxa qapıdan açar seçmək yolu ilə içəri daxil olub. Seyfi olduğu otaqdan götürərək ətrafdakıların diqqətini çəkməmək üçün qutuya qoyublar, tullantı kimi çölə çıxarıb, maşınla Zabrat qəsəbəsindəki bağ evinə aparıblar. Seyfi orada qoyub yenidən adətən işə gəldikləri vaxtda restorana qayıdıblar.

Aranın sakit olduğunu görən ustalar az sonra yenidən həmin bağ evinə gələrək seyfi sındırıb, içərisindəki Azərbaycan manatı və ABŞ dollarlarını götürüblər. Ümumi məbləği 8500 manat olan pulu aralarında bölüblər. Daha sonra qənimətlərindən özlərinə mobil telefonlar və təzə paltarlar alaraq bir hissəsini xərcləyiblər.

S.Nağıyevin üzərinə baxış zamanı 1007 manat və 1050 ABŞ dolları aşkar edilərək götürülüb. O, həmin məbləğin özünə qalan pulun bir hissəsi olduğunu bildirib.

Faktla əlaqədar Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir, digər şübhəlinin saxlanılması üçün zəruri tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm