Korrupsiyada ittiham olunan 305 vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərildi
Bizi izləyin

Hadisə

Korrupsiyada ittiham olunan 305 vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərildi

Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Publika.az xəbər verir ki, bunu baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2017-ci ildə görülən işlərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, məhkəmələrə göndərilən 305 şəхs bаrəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

K.Əliyev bildirib ki, ötən il korrupsiya cinayətləri ilə bağlı ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib:

"Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".

"2017-ci ildə il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.

Kamran Əliyev ötən il 20 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib. Araşdırmalar nəticəsində yol verilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub." - K.Əliyev deyib.

Kamran Əliyev bildirib ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub:

"2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sayı 1309 vahid (23,8%) azalıb. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında 23 cinayət işi başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulan hüquqları bərpa edilərək aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm