"Leyla Şıxlinskayanın itinin yeməyi üçün 500 manatlıq xərc yazılıb" - MƏHKƏMƏ
Bizi izləyin

Hadisə

"Leyla Şıxlinskayanın itinin yeməyi üçün 500 manatlıq xərc yazılıb" - MƏHKƏMƏ

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə ekspert Zaur Məmmədov ifadə verib.

O bildirib ki, klinikaya aid mühasibatlıq sənədlərini yoxlayıb: “Klinikanın bizə təqdim etdiyi sənədlər “qara mühasibatlıq” sənədləri idi. Biz o sənədlərdə yalnız rəqəmlərlə işlədik, sənədin doğruluğuna istintaq qiymət vermişdi”.

Hakim bildirib ki, Zaur Məmmədov istintaq zamanı sənədlərin mühasibatlıq sənədi olduğunu qeyd edib.

Təqsirləndirilən şəxslərdən birinin vəkili deyib ki, həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin yeməyi üçün bir aylıq 500 manatlıq xərc yazılıb. Vəkil ekspertə sual verərək bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub. Ekspert də belə olduğunu təsdiqləyib.

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.

Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib. “Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm