Cəbrayılovun vəkili cinayət işinə xitam verilməsini istədi - MƏHKƏMƏ
Bizi izləyin

Hadisə

Cəbrayılovun vəkili cinayət işinə xitam verilməsini istədi - MƏHKƏMƏ

Milli Məclisin sabiq deputatı, həbsxanada olduğu dövrdə vəfat etmiş Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin nümayəndələri çıxış edib.

Zərərçəkmiş Anar Şıxəliyevin nümayəndəsi bildirib ki, Rafael Cəbrayılova 340 min manat, torpağa çıxarış almaq üçün isə 240 min manat pul verilib. Qeyd edib ki, həmin pulların sonradan taleyi məlum olmayıb.

Zərərçəkmiş Şəfa Məmmədova isə məhkəməyə təqdim etdiyi mülki iddianın təmin edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımov müdafiə çıxışı edib. O, Rafael Cəbrayılovun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

Daha sonra məhkəmə hökmün digər zərərçəkmişlərin nümayəndələrinin iştirakı ilə çıxaracağını elan edib.

Növbəti proses iyunun 2-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Babaxan Həsənəliyev Rafael Cəbrayılovun Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.3-cü maddələri ilə təsirli biliməsini, həbsxanada vəfat etməsi ilə bağlı cəza təyin edilməməsini istəyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rafael Cəbrayılov bu ilin sentyabrında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

Mərhum Rafael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılıb. Həmin iş üzrə onun qardaşı Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Araşdırmaların yekunu olaraq Elşən Cəbrayılov həbs edilib. Onun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm