Nida Təhlil
İlham Əliyevin TDT-nin Ankara sammitinə getməməsinin şifrələri
Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə Zirvə toplantısı fonunda ən çox müzakirə edilən məsələ Prezident İlham Əliyevin Ankaraya getməməsidir. Türkiyədən Azərbaycana qarşı başlanan informasiya hücumları fonunda bu məsələ öncədən gözləntilər arasında idi və Əliyev Ankaraya gedəcəkmi suallarını yaratmışdı.
Əliyev Ankaraya getmədi. TDT Azərbaycan üçün önəminə rəğmən dövlət başçısının təşkilatın sammitində iştirak üçün Türkiyəyə getməməsi “Niyə” sualını ön plana çıxarır.
Bu sualın ehtimal olunan cavabını məhz Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyasında axtarmaq lazımdır.
Son bir ayda qardaş hesab etdiyimiz ölkədə Azərbaycan dövlətinə, liderinə və xalqına qarşı çirkin kampaniya aparılır, hətta “qırmızı xətləri”n keçirilməsinə qədər. Azərbaycan cəmiyyəti üçün bu kampaniya sözün əsl mənasında şok effekti yaratdı, çünki qardaş ölkədən belə bir münasibətin, daha doğrusu nifrətin sərgilənməsi gözlənilməz idi. Təsəvvür edin, bəziləri “kaş Qarabağ müharibəsində Ermənistan qalib gələrdi” kimi nifrət püskürürdü.
Ən böyük problem Azərbaycana qarşı bu çirkin kampaniyanın arxasında hakim dairələrin dayanmasıdır. Və məsələ təkcə son bir ayda yaşananlarla yekunlaşmır. Son üç ildə baş verənlərə baxdıqda Türkiyədə Azərbaycana qarşı anlaşılmaz bir aqressiyanın olduğunu və bunun mütəmadi şəkildə informasiya axınında ortaya çıxdığını müşahidə edirik. Əsas motiv kimi Azərbaycan-İsrail münasibətləri göstərilir: Azərbaycan İsrailə yardım edir; Azərbaycan İsrailə neft satır; Azərbaycan Fələstinə dəstək vermir və s.
Bu və digər məsələləri ittiham mövusuna çevirir, hətta reallıqdan uzaq iddialar irəli sürülür. Misal üçün, kampaniyanın təşkilatçıları və icraçıları Azərbaycanın Fələstinlə diplomatik münasibətlər qurduğunu, BMT tərəfindən qəbul edilən “iki dövlətli həll variantı”nı dəstəklədiyini, həmçinin, fələstinlilərə humanitar yardımlar etdiyini gizlədir, həqiqət olmayan ittihamlar irəli sürürlər. Bu prosesdə Türkiyənin hakim dairələrinin iştirakı da aydın sezilir. Belə hesab edirlər ki, Azərbaycan xarici siyasətini və iqtisadi əlaqələrini onların istəyinə, maraqlarına uyğun qurmalıdır.
Halbuki, Türkiyənin özünün İsraillə düşmənçiliyinin ritorikadan uzağa getmədiyi ticarət əlaqələrində ortaya çıxır. Üç il öncə Azərbaycana qarşı İsraillə əməkdaşlıq ittihamları irəli sürəndə Türkiyə bu ölkəyə milyardlarla dollarlıq mal ixrac edirdi. Hətta İsrailin beş ən böyük ticarət tərəfdaşlarından biri Türkiyə olub. 2024-cü ildə ticarət əlaqələrini “sıfırladıqlarını” bəyan etsələr də, masa altından alverin davam etdiyinə dair kifayət qədər faktlar mövcuddur. Ticarətin üçüncü ölkələr, hətta Fələstin üzərindən aparıldığı məlumatları var. Türkiyənin İsraillə ticarət əlaqələrini “kəsdiyini” elan etməsindən sonra Fələstinə ixracının fantastik həddə - 600 faizdən çox artması da bunu təsdiq edən faktlardandır. Bu faktlar Bakıda haqlı suallar doğurur:
- İsraillə ticarət aparan Türkiyə niyə özünün etmədiyini Azərbaycandan tələb edir?
- Ümumiyyətlə Azərbaycan niyə bu iradları ciddiyə almalıdır?!
Üst pərdədən olan bu münasibət Azərbaycanın müstəqilliyini, suveren hüquqularını inkar edən yanaşmadır. Belə görünür ki, Türkiyədə “bir millət, iki dövlət” prinsipi ya yanlış anlaşılır, ya da məqsədyönlü şəkildə təhrif edilir. Hər bir dövlətin öz suveren hüququ var, o cümlədən, Azərbaycanın.
Son üç ildə Türkiyədən Azərbaycana qarşı informasiya hücumları oktyabrın əvvəlində şiddətli forma aldı. Səbəb kimi BMT-nin sessiyasında İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı zamanı bir Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi göstərilirdi. Halbuki bu, adi diplomatik etiket idi və aydın görünürdü ki, Türkiyədə bu məsələ məqsədyönlü şəkildə şişirdilərək, manipulyasiya edilir. Belə demək mümkünsə, Azərbaycana qarşı əllərinə yeni bəhanə keçmişdi.
Bu məsələ bitməmiş Azərbaycanda vahid məktəbli forması ilə bağlı qərar Türkiyə informasiya məkanında milli trendə çevrildi. Nazirlər Kabinetinin qərarı tamamilə təhrif olundu, Azərbaycana və rəhbərliyinə qarşı indiyə qədər heç vaxt olmayan, heç bir yerdə baş verməyən təndiq/təhqir kampaniyası aparıldı. Azərbaycan xalqı üçün bütün bunlar təəssüfedici və ağır idi, çünki hücum gözlənilməz yerdən – qardaş ölkədən gəlmişdi və belə bir təhqir, aşağılayıcı münasibəti 30 illik qarşıdurma dövründə Ermənistanla belə yaşamamışdıq.
Bu həm də ona görə gözlənilməz oldu ki, Azərbaycan belə bir hücumu hər zaman olduğu kimi, yenə İrandan gözləyirdi, zərbəni isə qardaş dediyi Türkiyədən aldı.
AKP təmsilçiləri və himayə etdikləri nurçu-islamçı qruplar Azərbaycana düşməncəsinə hücuma keçdi. Bu prosesdə Türkiyə prezidentinin müşavirinin və AKP-li millət vəkillərinin iştirakı, həmçinin Ankarada səfiriliyimizin, İstanbulda konsulluğumuzun önündə 6 dəfə aksiya keçirənlərin yuxarıları “bəslədiyi” radikal dindar qruplar olması hücumun arxasında hakim dairələrin dayandığına işarə edirdi. Bu qədər genişçaplı tənqid\təhqir kampaniyasının təşkil edildiyi aydın görünürdü. Hətta Türkiyə mediası və sosial platformaları hicab məsələsini təhrif edilmiş formada ərəb dünyasının informasiya məkanına transformasiya edərək, anti-Azərbaycan kampaniyasının arealını genişləndirdi.
Bütün bunlar baş verərkən, Bakını ən çox bir məsələ maraqlandırırdı: rəsmi Ankara hara baxır, niyə susur?
Ankaranın müdaxiləsi çox gec baş verdi və nə qədər qəbul etməsələr də, bunun da məqsədyönlü olduğu şübhələri var. Anti-Azərbaycan kampaniyasının təşkilatçılarının hakim dairələr olması da belə düşünməyə əsas verir. Ankaranın gec müdaxiləsi nəticəni dəyişdirmək üçün yetərli olmadı, çünki artıq Türkiyə cəmiyyətində Azərbaycana qarşı qeyri-sağlam münasibət formalaşıb və bunun planlı şəkildə edildiyi sirr deyil.
Bütün bunlar qardaş Türkiyədən Azərbaycana qarşı məqsədyönlü şəkildə edilmiş pisliklərdir. Və bunun fonunda “Əliyev Ankara niyə getmədi” sualının cavabını müəyyənləşdirmək olur.
Azərbaycan Prezidentinin Türkiyəyə getməməsinin rəsmi hesab edilə biləcək səbəbi isə proqramla bağlıdır. Oktyabrın 30-da Bakıda keçirilən FİFA U-15 dünya çempionatı və festivalının mükafatlandırılma mərasimidir. Prezident İlham Əliyev bu mərasimdə iştirak edəcək. Çempionat oktyabrın 24-də stat götürüb və final mərhələsinin 30 oktyarda olacağı bəlli idi. Bu o deməkdir ki, dövlət başçısının proqramı əvvəldən planlaşdırılıb.
Bunu beynəlxalq hüquq və diplomatiyadakı qarşılıqlılıq prinsipi (reciprocity) ilə izah edə bilərik: bir dövlətin digər dövlətə göstərdiyi münasibətin, verdiyi hüquqların, tətbiq etdiyi qaydaların və ya güzəştlərin həmin dövlət tərəfindən də eyni və ya bərabər səviyyədə cavablandırılmasını nəzərdə tutan prinsip.
Türkiyə dəfələrlə Azərbaycanla bağlı bu yanaşmanı sərgiləyib. Misal üçün, 2024-cü ilin iyulunda TDT-nin qeyri-rəsmi Şuşa sammitində Türkiyə prezidenti iştirak etməmişdi. Həmin gün Türkiyə dövlət başçısı futbol üzrə dünya çempionatında Türkiyə və Hollandiya millilərinin qarşılaşmasında iştirak etmək üçün Berlinə getmişdi. Türkiyə Şuşa sammitində vitse-prezident səviyyəsində təmsil olundu. Bu ilin may ayında Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunda, həmçinin, oktyabra keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin ( CİCA) yeddinci sammitində də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iştirak etmədi. Bakı bunu anlayışla qarşıladı, çünki bir dövlət başçısının subyektiv və obyektiv səbəblərdən digər ölkədə keçirilən tədbirdə iştirak etməsi mümkün olmaya bilər. Lakin diplomatiyada hər şeyin qarşılıqlı olduğu amili də diqqətdən kənarda qalmamalıdır. Prezident İlham Əliyev də planlaşdırılmış proqramına görə Ankarada keçirilən TDT-nin sammitinə qatılmadı, əvəzində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Bu o demək deyil ki, Azərbaycan TDT-dən çəkilir, yaxud təşkilatdakı fəaliyyəti məhdudlaşır. Əksinə, Azərbaycan təşkilatın qurucularından biri kimi onun fəaliyyətinin genişləndirilməsi istiqamətində ciddi səylər göstərir və bu siyasət bundan sonra da davam etdiriləcək.
Azərbaycanın TDT-nin Ankara sammitində dövlət başçısı səviyyəsində təmsil olunmaması təşkilatla bağlı deyil. Burada görünən səbəb Türkiyədən Azərbaycana qarşı informasiya hücumları, bilinən səbəb isə dövlət başçısının proqramının fərqli olmasıdır. Hər iki halda Azərbaycan Prezidentinin TDT-nin sammitində iştirak etməməsinin doğru qərar olduğunu deyə bilərik.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər




































.jpg)
.jpg)