Sərxoş ər həyat yoldaşını döydü - Təfərrüat
Bizi izləyin

Hadisə

Sərxoş ər həyat yoldaşını döydü - Təfərrüat

Sumqayıt şəhərində 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə onların birgə yaşadıqları mənzildə baş verib. 1980-ci il təvəllüdlü Vüsal aralarında baş verən mübahisə zamanı həyat yoldaşı Zəhranın (adlar şərti verilib – red.) başına, sifətinin və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə ardıcıl zərbələr vurub.

Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zəhra ilə evlidir, birgə nikahlardan iki uşaqları var: “Hazırda işləmirəm, arvadım marketdə satıcı işləyir. Məlum hadisə günü həyat yoldaşım Zəhra səhər saatlarında işə getdi. Həmin gün evdə xalam oğlu Nahidlə spirtli içki içdim. Zəhra saat 23:00-da evə gəldi və işığı yandırdı. Zəhra gəldikdən sonra Nahid getdi. Mən mənzili təmir edərək baha qiymətə satmaq barədə arvadımla danışdım. Bu zaman Zəhra buna etiraz etdi və səsinin tonunu yüksəyə qaldırdı. Spirtli içkinin təsiri altında olduğum üçün onun yüksək səslə danışmağından əsəbləşdim. Buna görə də Zəhranın başına və bədəninə əlim ilə bir neçə dəfə zərbə vuraraq onu döydüm”.

Zərərçəkmiş Zəhra ifadəsində göstərib ki, Vüsal ilə 2011-ci ildə rəsmi qaydada ailə həyatı qurublar və birgə nikahdan iki azyaşlı uşaqları var: “Vüsal spirtli içkilərə meylli olduğu üçün evdə münaqişələrimiz yaşanır. Hadisə günü axşam saat 22 radələrində işdən evə gəldim. Həyat yoldaşım Vüsal və xalası oğlu Nahid evdə yenə də spirtli içki qəbul etmişdilər, sonra yatmışdılar. Mən gələndən sonra Nahid getdi”.

Zərərçəkmişin sözlərinə görə, daha sonra Vüsal sərxoş olduğu üçün uşaqların yanında tərbiyəsiz ifadələr işlətməyə başlayıb: “Mən də körpə uşaqların yanında nalayiq sözlər işlətməməsini və uşaqların tərbiyəsini pozmamasını Vüsala irad şəklində bildirdim. Mənim iradım Vüsalın xoşuna gəlmədi, üzərimə gəldi və yumruqla başıma bir neçə dəfə zərbələr endirdi. Sonra əlinin içərisi ilə sağ gözaltı nahiyəmə zərbə vurdu”.

Zərərçəkmiş ifadəsinin sonunda deyib ki, hazırda Vüsalla barışıblar, bir evdə ailə kimi yaşayırlar, ona qarşı şikayəti yoxdur.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm