"Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi
Bizi izləyin

Yaxın Şərq

"Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi

"Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi

Suriyanın keçmiş lideri Bəşər Əsədin devrilməsindən sonra ölkədən qaçmış Suriya kəşfiyyat xidmətinin rəisi Hüssam Luka hazırda Rusiyada yaşayır.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Nəşr mənbəsinə istinad edib.

Məlumata görə, "Hörümçək" ləqəbi ilə tanınan keçmiş ali məmurun hazırki yeri onun Dəməşqdəki iqamətgahında tapılan qeyd dəftərindəki əlaqələr vasitəsilə müəyyən edilib. Jurnalistlər dəftərdəki bütün nömrələri yoxlayıb və oradakı ünvanlardan biri ilə əlaqə saxlaya biliblər. Lukanın keçmiş mühafizəçisi isə maraqlı məlumatlar verib. Onun sözlərinə görə, Luka rejimin son saatlarında Dəməşqi müdafiə etmək üçün ölkədə qalacağını bildirib. Lakin o, tezliklə yoxa çıxıb və ofis seyfindən külli miqdarda pul da götürüb.

Livan hökumətindəki mənbənin sözlərinə görə, Luka başqa adla- Rusiya pasportu ilə Livana keçib. O, daha sonra Rusiyaya uçub. Keçmiş kəşfiyyat rəhbərinin Dəməşqdəki mənzilində Rusiya xarici kəşfiyyatının mükafatları və yüksək vəzifəli Rusiya məmurunun Yeni il bayramı ilə bağlı təbrik məktubu da tapılıb.

Jurnalistlər daha sonra Rusiyaya məxsus telefon nömrəsini əldə ediblər və mənbənin sözlərinə görə, bu nömrə birbaşa Lukaya məxsus olub. Aparılan telefon danışığı zamanı onlara cavab verən şəxsin Luka olduğu üzə çıxıb. Çünki jurnalistlər ona elə suallar veriblər ki, həmin məsələləri yalnız Suriyanın keçmiş təhlükəsizlik məmuru bilməli imiş. O, sualları düzgün cavablandırıb. Bundan sonra həmin şəxs BBC jurnalisti ilə söhbətində Luka olmasını təsdiqləyib. Lakin "Hörmçək" ona qarşı irəli sürülən ittihamları müzakirə etməkdən imtina edib.

"Mən telefonla danışmaqla risk edə bilmərəm!", - deyən keçmiş məmur Rusiyada qalmasının səbəblərini izah etməyib.

BBC həmçinin Luka ilə əlaqəli ikinci bir telefon nömrəsini əldə edib. Media nümayəndələri nömrə sahibinin məkanını da müəyyən ediblər. Luka 24 saat ərzində Moskvanın iki şəhərətrafı ərazisində olub. O, jurnalistlərin təkrar zənglərinə cavab verməyib və ittihamlarla bağlı şərh istəyi yazılmış mesaj da cavabsız qalıb.

Bəzi mənbələrə görə "Hörümçək" Əsədin bir sıra məsələlərdə "sağ əli" sayılıb. O, həmçinin Suriya kəşfiyyat xidmətlərinin ən nüfuzlu və qəddar nümayəndələrindən biri hesab olunurdu. O, vətəndaş müharibəsinin ilk illərində Homsda siyasi məsələlərlə bağlı təhlükəsizliyə birbaşa rəhbərlik edib və daha sonra Əsəd rejiminin əsas kəşfiyyat orqanlarından biri olan Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edib. Luka Böyük Britaniya, ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalır. 2024-cü ilin dekabrında Əsədin devrilməsindən sonra Luka yoxa çıxıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm