Bakıda güllələnən şəxs həbs edildi
Bizi izləyin

Hadisə

Bakıda güllələnən şəxs həbs edildi

Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən insident zamanı 4 güllə yarası alan Fuad Fərahim oğlu Əsgərov barəsində 4 ay həbs-qəti imkan tədbiri seçilib.

Bu haqda musavat.com-a açıqlama verən F.Əsgərovun vəkili Ceyhun Yusifov deyib ki, müvəkkilinin həbsinin əsassız və qanunsuz sayır: “Fuad Əsgərov işdə zərərçəkəndir. Bədənində 4 güllə yarası var. Onu Səbayel Rayon Məhkəməsinə təcili tibbi yardım maşınında gətirdilər. Məhkəmə zalına isə Fuad Əsgərov xərəkdə gətirildi. Vəziyyəti olduqca ağır idi. Hakim Rauf Əhmədov buna baxmayaraq barəsində 4 aylıq həbs qətimkan təbdiri haqda qərar verdi”.

Vəkil hesab edir ki, müvəkkili və onun tanışı olan şəxsin həbsi əsassızdır: “Fuad Əsgərovun sağlıq durumu ağırdır. Heç bir lüzum, zərurət olmadan barəsində 4 ay həbs qətimkan tədbiri seçdilər. Fuad Əsgərov müalicə olunduğu xəstəxanada polis nəzarəti altında idi. 4 güllə yarası almış şəxsin həbs olunmasına nə ehtiyac vardı? Üstəlik bu şəxs zərərçəkəndir. Ona odlu silahdan atəş açılıb. Bu halda F.Əsgərovun həbsə alınması heç bir qanuna sığmır. F.Əsgərovun belə bir ağır durumda həbsə alınması humanizm prinsiplərinə də ziddir. İş materiallarında da Fuad Əsgərovun və onun tanışı Bəhruz Rəfiyevin güllələndiyi haqda qeydlər var. Hər iki şəxs “Bulaq” restoranında əliyalın olublar. Belə təəssurat yaranır ki, istintaq orqanı atəş açanla atəşə məruz qalanı səhv salıb. Fuad Əsgərovun həbsi ağlasığmazdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl baş verən silahlı insidentə görə Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyevin barələrində həbs qətimkan tədbiri seçilib. F.Əsgərovun tanışı Bəhruz Rəfiyevin vəkili Adəm Məmmədov bildirib ki, hadisə zamanı hüquqlarını müdafiə etdiyi şəxs təsadüfən “Bulaq” restoranında olub: “Bəhruz Rəfiyev restoranda nə dalaşıb, nə də söyüş söyüb. O, heç kimi vurmayıb. Bəhruz əlindən güllə yarası alıb”.

Yada salaq ki, olay aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Hüquq mühafizə orqanlarına olay haqda ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqan məlumat verib. Açılan atəşlərdən biri səfir müavinin istifadəsində olan maşınına dəyib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm