“Kəpəz” “Xəzər-Lənkəran”a qalib gəlib
Bizi izləyin

İdman

“Kəpəz” “Xəzər-Lənkəran”a qalib gəlib

Oktyabrın 24-də futbol üzrə Topaz Premyer Liqasının doqquzuncu turu çərçivəsində “Kəpəz” komandası “Xəzər-Lənkəran”ı qəbul edib.

Gəncə şəhər stadionunda keçirilən görüşdə “Kəpəz”in futbolçusu Dario Federikonun vurduğu qol komandasına minimal hesablı qələbə qazandırıb – 1:0.

“Xəzər-Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov oyun barədə deyib: “Gəncə səfərində xal qazanmaq istəyirdik. AZAL ilə oyundan sonra uğurlu seriya hədəfləmişdik. İlk hissədə komandamın oyunundan razı qalmadım. Rəqib komandanın azarkeşlərinin çoxluğu, ola bilər ki, futbolçularımıza mənfi təsir göstərdi. İkinci hissədə isə pis təsir bağışlamadıq. Təhlükəli epizodlar yaratsaq da, bunlar qol vurmaq üçün kifayət etmədi”.

Məşqçi vurğulayıb ki, zədəli oyunçularla bağlı problemlərimiz var. Hazırda həkimlər futbolçuların zədəsinin müalicəsi ilə məşğuldurlar. Dekabradək çalışmalıyıq ki, liderlərdən geri qalmayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. “Sumqayıt”la bir neçə gün sonra keçiriləcək oyunda qələbə qazanmaq niyyətindəyik.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib: “Bizim üçün ən çətin oyunlardan biri olacağını demişdim. Çünki rəqibin itirəcəyi bir şey yoxdur. Bizim üçün 6 xallıq oyun idi. Komandaya aqressiv oynamağı, erkən qol vurmağı tapşırmışdıq. Mənə elə gəlir ki, komandamız tez hücumlar qurmağa, rəngarəng futbol oynamağa çalışdı. İlk hissədə qol vurduq, eyni zamanda, çox güc itirdik. İkinci hissədə bizim üçün çətin olacağını bilirdim. Amma vəziyyəti normal saxlaya bildik”.

Baş məşqçi qeyd edib ki, komandada çətinliklər var. Lakin buna rəğmən mövsümün sonuna qədər mübarizə aparacağıq. Mənə elə gəlir ki, “Kəpəz” Azərbaycan futboluna rəngarənglik gətirib. Azarkeşlərin stadiona gəlməsi də buna əyani sübutdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm