"Hafka"nın futbol macərası: Yüz milyonları necə və nəyə xərcləyirdi? - FOTOLAR
Bizi izləyin

İdman

"Hafka"nın futbol macərası: Yüz milyonları necə və nəyə xərcləyirdi? - FOTOLAR

Bir müddət əvvəl İngiltərənin Çempionşip təmsilçisi “Şeffild Uensdey”in müflislik prosesinə başladığı barədə məlumat oxudum. 1867-ci ildə yaradılan və ciddi maliyyə problemləri yaşayan bu köklü klubun tarixində Azərbaycanla bağlı kiçik hadisə yaşandığını yəqin ki, çox az adam bilir. Bu xəbəri oxuyanda məhz həmin detal yadıma düşdü.

Bilməyənlər üçün qeyd edim ki, “Şeffild Uensdey” İngiltərənin ən qədim futbol klublarından biridir. Klub tarixində 4 dəfə ölkə çempionu olub, 3 dəfə İngiltərə kubokunu, 1 dəfə Liqa kubokunu və 1 dəfə Superkuboku qazanıb. “Ağ-göylər”i Azərbaycanla bağlayan məqam isə bir vaxtların məşhur iş adamı "Hafka" ləqəbli Hafiz Məmmədovdur. Yəqin ki, bir az yaddaşınız təzələndi...

Hafiz Məmmədovun futbola olan marağı hər kəsə məlumdur. Azərbaycan futbolunun müstəqillik dövründə ən çox iz buraxan iş adamlarından biri, şübhəsiz ki, o olub. Həm sərvəti, həm də futbola olan hədsiz sevgisi ilə ölkə idmanının simalarından birinə çevrilmişdi. Hafiz bəy işlərinin yaxşı getdiyi dövrdə klub sahibi olub, bir sıra səs-küylü əməkdaşlıqlar edib. Məmmədov futbola 200-300 milyon avro arası, bəlkə də daha çox vəsait xərcləyib desəm, yanılmaram. Onun adı həm yerli, həm də Avropa futbolu ilə birləşmişdi. Amma bu hekayə təkcə uğurlardan ibarət deyil. Başlanğıcı parlaq, sonu isə faciəvi olan bir futbol sevgisidir.

2000-ci illərin əvvəllərində Hafiz Məmmədov “Dinamo” klubunu himayəsinə götürdü. O dövrdə paytaxtın ən köhnə klublarından biri maliyyə baxımından çətin günlər keçirirdi. İş adamı kluba ciddi sərmayə yatıraraq adını dəyişdi və “Bakı” adlandırdı. Bu addım təsadüfi deyildi – Məmmədov “Bakı”nı paytaxtın simvoluna çevirmək istəyirdi.

Yeni struktur, böyük transferlər və iddialı layihələr qısa zamanda öz bəhrəsini verdi. “Bakı” ölkə futbolunda söz sahibi oldu, Azərbaycan Premyer Liqasının ən güclü klublarından birinə çevrildi. Klub 2006 və 2009-da çempionluğu, 2005, 2010, və 2012-ci illərdə isə ölkə kubokunu qazandı. “Bakı” hətta avrokubokların pley-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldu.

Hafiz Məmmədov təkcə komandanı deyil, bütün infrastruktur sistemini yenidən qurdu. Bakı-Sumqayıt yolunun kənarında, Biləcəri qəsəbəsində müasir standartlara cavab verən stadion və futbol akademiyası inşa olundu. Akademiya qısa zamanda ölkənin ən nümunəvi futbol məktəbinə çevrildi.

Gənc futbolçuların yetişdirilməsi və Avropaya yollanması ideyası da Məmmədovun ən çox dəyər verdiyi layihələrdən idi. Onun dəstəyi ilə bir çox istedadlı gənclər xarici klublarda sınaq keçdi. Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən, milli komandamızın üzvü olan bir neçə futbolçu məhz “Bakı”nın yetirməsidir. Onlardan biri Mahir Emreli isə bir neçə ildir Avropada legioner həyatı yaşayır.

Amma “Bakı” bir adamdan – Hafiz Məmmədovdan asılı idi. Bu məqam klubun gələcək taleyinə zərbə vurdu. 2014-cü ildə onun işində ciddi problemlər yaşaması klubun iqtisadi dayanıqlığını zəiflətdi. İllik büdcəsi on milyonlarla manat olan “Bakı” tədricən ağır maliyyə yükü altında əzilməyə başladı. Futbolçular maaşlarını ala bilmirdilər, buna görə komandadan ayrılmağa başlayırdılar. Həmin vaxt paytaxt təmsilçisinin heyəti ulduzlarla dolu idi. Lakin bir müddət sonra hər şey məhv oldu. Əvvəlcə klub dağıldı, sonra Məmmədovun borcları səbəbindən stadion və baza əldən çıxdı. Bir vaxtlar topun, uşaqların səsi gələn, projektorların işıq saçdığı həmin məkanda boz göydələnlər ucalır...

Hafiz Məmmədovun futbola sevgisi təkcə yerli səviyyə ilə məhdudlaşmadı. O, ölkəni dünyada tanıtmaq məqsədilə “Land of Fire Azerbaijan” brendini yaratdı və bu layihəni İspaniyanın nəhəng klubu “Atletiko” vasitəsilə təqdim etdi. 2013-cü ildə imzalanan müqavilə nəticəsində Madrid klubunun formalarının üzərində Azərbaycanın loqosu yer aldı. “Atletiko” bu əməkdaşlığın ardından La Liqa çempionu oldu, Çempionlar Liqasının finalına yüksəldi. Bu, həm “Atletiko”nun, həm də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərdi.

Həmin dövrdə “Atletiko” Bakıya səfər etdi, “Bakı” klubu ilə yoldaşlıq oyunu keçirdi. Bu, Azərbaycan futbolu tarixində bəlkə də ən böyük beynəlxalq hadisələrdən biri idi. Avropada “Land of Fire Azerbaijan” brendi tanındı, lakin bu parlaq layihə də uzunömürlü olmadı.

Məmmədovun Avropa sərgüzəştləri bununla bitmədi. O, 2013-cü ildə Fransanın köklü klublarından biri olan “Lans”ın əsas pay sahibi oldu. Klub maliyyə böhranı içində idi, amma azərbaycanlı iş adamı onu yenidən dirçəltmək istəyirdi. Həqiqətən də, ilk mövsümdə “Lans” Liq 2-dən Liqa 1-ə yüksəldi. Amma bu sevinc uzun sürmədi. Fransa Futbol Federasiyası Məmmədovun maliyyə təminatını qeyri-sabit hesab etdi və klubun Liqa 1-də iştirakına məhdudiyyət qoydu. Daha sonra qərar dəyişdi. Lakin “sarı-qırmızılar”ın sevinci uzun çəkmədi.

Qısa müddət sonra Məmmədovun biznesində problemlər başladı, beynəlxalq layihələri dayandı. “Lans”ın futbolçularına maaşların gecikməsi, sponsorluq problemləri və borcların artması nəticəsində Fransa klubu Hafiz Məmmədovdan alındı. O, mətbuata açıqlamasında bu hadisəni həyatında “ən faciəli günlərdən biri” adlandırıb.

O, eyni zamanda İngiltərənin tarixi klublarından biri – “Şeffild Uensdey”i də almaq istəyirdi. Azərbaycanlı iş adamı 2014-cü ilin iyununda 10-da “Şeffild Uensdey”i almaq barədə klub rəhbərliyi ilə 50 milyon avroluq razılığa gəlib və tərəflər satışın reallaşması üçün müqavilə imzalayıb. Lakin bir müddət sonra proses yubanıb. Buna Məmmədovun iş həyatında yaşadığı problemlər səbəb olub. Sentyabrda isə İngiltərə təmsilçisi Məmmədovdan heç bir ödəniş edilmədiyi üçün anlaşmanın qüvvədən düşdüyünü açıqlayıb.

Hafiz Məmmədov Azərbaycan futboluna həm inkişaf, həm də dərs gətirdi. Onun sayəsində “Bakı” klubu, akademiya və beynəlxalq əlaqələr yarandı. Amma planlaşdırılmamış xərclər, sistemsizlik və şəxsi biznesdəki tənəzzül bu imperiyanı dağıtdı. Bu gün Hafiz Məmmədovun adı çəkiləndə çoxları həm nostalji, həm də təəssüf hissi keçirir. O, futbolu sevən, amma futbolu idarə etməyi bacarmayan bir iş adamı kimi yadda qaldı.

Bir vaxtlar “Land of Fire” brendini Avropaya tanıdan Hafiz Məmmədovun imperiyası isə külə döndü. Onun inşa etdiyi akademiya, stadion və bütün sistem isə futbolumuzun “qəbiristanlığına” çevrildi.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm