AFFA prezidenti qərar verdi: Milli komanda ona tapşırılır
Bizi izləyin

İdman

AFFA prezidenti qərar verdi: Milli komanda ona tapşırılır

Bir neçə gün öncə Azərbaycan milli komandası üçün daha bir “tsikl” arxada qaldı. DÇ-2026-nın seçmə mərhələsində yığma üçün sonluq eyni olsa da, ssenari fərqli alındı.

D qrupunda yer alan komanda ilk oyunda İslandiyaya darmadağın olduqdan sonra (5:0) Fernandu Santuş qovuldu və onu Ayxan Abbasov əvəz etdi. AFFA uzun fasilədən ölkənin əsas komandasını müvəqqəti də olsa, azərbaycanlı mütəxəssisə tapşırdı.

Təyinatından 24 saat keçməmiş Abbasov Ukrayna ilə heç-heçəyə nail oldu – 1:1. Bu, yığmanın qrupda qazandığı ilk və sonuncu xal oldu. Digər matçlarda komanda məğlub olsa da, azərbaycanlı məşqçinin işi hiss olundu. Futbolçuların mübarizliyi və oyunçu seçimindəki qıtlığa rəğmən, Ayxan Abbasovun müəyyən iş ortaya qoyması diqqətdən yayınmadı.

Pubika.az-ın əldə etdiyi məlumata görə, bütün bu məqamlar 44 yaşlı məşqçinin millidəki yolunu açıb. AFFA-nın prezidenti Rövşən Nəcəf Abbasovun işindən razı qalıb. Futbolçuların, ictimaiyyətin mütəxəssisə sahib çıxması və onu dəstəkləməsi, ölkənin ali futbol qurumunun prezidentini onun haqda nikbin düşünməyə vadar edib. Hətta Abbasovun qarşısına qoyulan hədəfə çatmaması belə nəzərə alınmayıb. Mütəxəssisdən Ukrayna ilə matçdan sonra baş tutan 4 oyunda ən azı 1 xal qazanmaq tələb olunmuşdu. Lakin yuxarıda sadalanan məqamlar AFFA prezidentinin bu məqama diqqət yetirməməsi ilə nəticələnib.

Əslində, Rövşən Nəcəf AFFA rəhbərliyində Ayxan Abbasovu dəstəkləyən, əcnəbi mütəxəssisin əleyhinə olan azsaylı şəxslərdən biridir. Məhz buna görə də komandanın Abbasova həvalə edilməsi zamanı şəxsən görüşmüş və fikir mübadiləsi aparmışdı. Həmin vaxt gənc məşqçi milli komandaların problemlərini, sistemsizliyi və futbolçularla bağlı çətinlikləri dilə gətirmiş, həlli yollarını təklif etmişdi.

Bütün bu məqamları nəzərə alan AFFA prezidenti milli komandanı Ayxan Abbasova həvalə etmək qərarına gəlib. Mütəxəxəssis mövsümün sonunda çalışdığı “Şamaxı”dan ayrılacaq və diqqətini ancaq bir istiqamətə yönəldəcək. Çünki Abbasov təkcə əsas yığmada deyil, aşağı yaş qruplarından olan komandalarda da söz sahibi olacaq. Millilərdə baş məşqçi seçimlərində fikir haqqına sahib olacaq, eyni zamanda vahid sistemin tətbiqi istiqamətində çalışacaq. Hətta komandaların toplanışlarına və oyunlarına qatılıb vəziyyəti izləyəcək. O, bunu artıq edib. Fransa millisi ilə oyundan dərhal sonra (1:3) U-21 yımasının Cəbəllütariq ilə seçmə mərhələ oyununu canlı izləmək və komandaya yaxın olmaq üçün bu ölkəyə yollanıb.

Bu təyinatın reallaşma şansı olduqca yüksəkdir. Lakin son qərar Ayxan Abbasovla AFFA rəhbərliyi arasında yaxın vaxtlarda baş tutacaq görüşdən sonra veriləcək. Çünki gənc məşqçinin də federasiyadan tələbləri var. Onlar arasında uzunmüddətli müqavilə və fəaliyyətinə kənar müdaxilənin olmaması ilə bağlı tələb var. O, AFFA rəhbərliyinin tam dəstəyini almadan yola çıxmaq istəmir. Tərəflər bütün məsələlərdə razılığa gələ bilsələr, AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında Abbasovun təyinatı açıqlanacaq.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm