Ürək əməliyyatı olunan adama səhvən QİÇS xəstəsinin qanı köçürüldü - 5 il sonra xəbər tutdular
Bizi izləyin

İdman

Ürək əməliyyatı olunan adama səhvən QİÇS xəstəsinin qanı köçürüldü - 5 il sonra xəbər tutdular

İdmançılar örnək davranışları və hərəkətləri ilə diqqət çəkməlidir. Təbii ki, belə idmançılar az deyil və onlardan biri də amerikalı tennisçi Artur Robert Eşdir.

Tennisin ulduzu həm kortlardakı çıxışları, həm də həyatdakı davranışıyla gənclərə yol göstərib. Onu, bəlkə də, çoxları tanımır. O, ölkəsində irqçiliyin baş qaldırdığı vaxtda hamını təəccübləndirməyi bacarmışdı. İstedadı və insanlığına görə fərqlənən bu dahi şəxsiyyətin nailiyyətləri həddindən çox olub.

Publika.az ABŞ-ın ən xarizmatik qaradərili adamlarından seçilmiş məşhur tennisçi Artur Eş haqqında məlumat verəcək. 70-ci illərin ən istedadlı raketka ustalarından sayılan Artur Eş okeanın o tayında afrikaəsilli amerikalıların qəhrəmanı idi.

O, daim həyatda seçilməyi bacarıb. Karyerasında kifayət qədər “ilk”lər olub. Məsələn, ilk olaraq Eş ABŞ Devis Kuboku komandasına seçilən ilk zənci idmançı olub. Bu, Arturun karyerasında ulduzluğa doğru bir addım idi. Qəhrəmanımız idmandakı nailiyyətləriylə sübut etməyə çalışıb ki, “qaradərililər” də digərləri kimi uğur qazana bilər, ölkəsi üçün mübarizə aparmağa qadirdir.

Yeni-yeni parlamağa başlayan tennisçi Uimbldon, Amerika Açıq və Avstraliya Açıq tennis turnirlərində qələbə qazanan ilk və tək qaradərili idmançı kimi tarixə düşüb. Bundan əlavə Eş üç dəfə "Qrand Slam" çempionluğu yaşayıb, ən yaxşı ABŞ-lı tennisçilərdən biri seçilib.

Həyatı və uğurları - Futbolçu ola bilmədi, amma...

Eş Virciniyanın Riçmond şəhərində anadan olub. Atası Artur Eş, anası isə Mattie Kordell Kanninqem idi. Anası 27 yaşında hamiləlik zəhərlənməsi nəticəsində dünyasını dəyişib. Anasının ölümündən sonra Artur və 5 yaş kiçik qardaşını atası saxlayıb.

Gələcəyin ulduzunun ən böyük arzusu futbolçu olmaq idi. Amma zəif cüssəsinə görə, atası onun futbolçu olmağına icazə verməyib.

Buna görə də o, 1943-cü ildə evlərinin yanındakı böyük idman mərkəzlərindən birinə tennisə yazılıb. Həmin illərdə tennis qaradərili vətəndaş üçün qeyri-adi bir hadisə olaraq görülürdü.

O dövrdəki irqi ayrıseçkilik onun üçün də maneə idi. Amma Artur Eş arzularını gerçəkləşdirmək, məşhur bir tennisçi ola bilmək üçün orta təhsilini başqa yerdə - Kaliforniyada davam etdirməli olur. Burada Virciniyadakı kimi deyildi. Kaliforniyada qaradərililər də turnirlərdə rahat şəkildə iştirak edə bilirdi.

1963-cü ildə isə Kaliforniya universitetinə qəbul olan Eş həmin il Amerika komandası ilə BNP Paribas Davis Cupda mübarizə aparan ilk qaradərili oyunçu olmağı bacarıb.

1968-ci ildə holland Tom Okkerlə qarşılaşmada Amerika Açıq tennis turnirinin qalibi olub. O, 25 yaşında artıq sadəcə tanınmış deyil, pul qazanan bir tennisçi idi.

İlk gəlirini hara xərcləyib?

İlk qazandığı gəlirlə bu gün hələ də aktiv olan Milli Tennis Liqasını qurub. Eşin ulduzunun parladığı dövrlərdə Amerikada irqçilik güclü idi. Qaradərili insanlar təzyiqlərə məruz qalırdı. Hətta dövrünün ən yaxşısı ünvanını qazanmış idmançı olmasına, 1970-ci ildə keçirilən Avstraliya Açıq tennis turnirini qazanmasına baxmayaraq, Artur Cənubi Afrikadakı bir turnirə sırf dərisinin rənginə görə aparılmamışdı. Bu hadisə onun asan şəkildə qəbul edəcəyi bir durum deyildi. Həmin olay onu irqçilik əleyhdarları hərəkətinin liderlərindən birinə çevirdi. Həm siyasətə qarışması, həm də idmanda yaranan xətaları üzündən ona qarşı tənqidlərin sayı artırdı.

O dövrlərin məğlubedilməz tennisçilərindən sayılan həmyerlisi Cimmi Konnorsu Uimbldonun finalında udandan sonra Eşə qarşı mənfi fikirlər yoxa çıxdı. O, qazandığı zəfərlə digər məşhur “qaradərili” idmançıların taktiki və zəka ilə deyil, yalnız atletik qabiliyyətləri ilə matç qazana biləcəyi stereotiplərini də alt-üst etdi.

Cessi Ouens, Tommi Smit, Con Karlos və boksçular Co Luis və Məhəmməd Əli kimi qaradərili idmançıların zəfər ənənəsini davam etdirən Artur Eş, tennisin məbədi Uimbldonda ən xarizmatik afrikaəsilli amerikan qəhrəmanlar sırasına adını yazdırdı.

Qızına Kamera adı qoyuldu

Eş 1976-cı ilin oktyabrında yardım təşkilatlarının birində tanış olduğu fotoqraf Cenni Moutoussami ilə 1977-ci il fevralın 20-də ailə qurdu. Cütlüyün öz uşaqları olmayıb. Buna görə də övladlığa uşaq götürüblər. Uşağın adını Cenninin peşəsinə uyğun olaraq Kamera qoyublar.

Aman Tanrım, niyə mən?

1976-cı ildə karyerasının ən pik nöqtəsi olan dünya ikinciliyinə yüksəlib. Karyerası 1980-ci ildə ürək xəstəliyi səbəbindən erkən bitib. Bu xəstəlik səbəbindən o, eyni dərdə düşənlər və amerikan gəncləri üçün sağlam həyat layihələrində yer alıb. 1982-ci ildə ABŞ prezidenti Ronald Reyqan Artur Robet Eşi qəbul edib, onu uğurlarına görə təbrik edib.

Bir müddət sonra Artur yenidən ürəyindən əməliyyata məruz qalıb. Təəssüf ki, 1983-cü ildə keçirdiyi ikinci əməliyyatda ona verilən qan İİV (İnsanın İmmunçatışmazlığı Virusu) virusu daşıyıb. Bundan 5 il sonra - 1988-ci ildə xəbər tutan Eş ölümündən bir neçə ay öncə vəziyyəti cəmiyyətə açıqladı.

Uimbldonun ilk əfsanəvi qaradərili çempionu Artur Eş bunu mətbuat konfransında elan edəndə şok yaşatmışdı. Elə həmin mətbuat konfransında ona belə sual verilmişdi: “Siz heç öz-özünüzə sual verdinizmi, Aman Tanrım, niyə mən?”

Onun cavabı isə hər kəsi təccübləndirmişdi: “Bütün dünyada 50 milyon uşaq tennis oynamağı öyrənir. 500 mini peşəkar tennisçi olur. 50 mini yarışlarda iştirak edir. 5 mini böyük turnirlərə vəsiqə alır, 50-si Uimbldona qədər gedib çatır, 4-ü yarımfinala, 2-si finala qədər yüksəlir. Finalda bir nəfər qalib gəlir.

Əlimdə çempionluq kubokunu tutanda (yaxşı günümdə) heç ağlıma gəlməyib ki, Tanrıdan “niyə məhz mən?” deyə soruşum. Elədirsə, bu gün, ağrılar içində qıvrıldığım bir vaxtda (pis günümdə) Allahdan "niyə mən" sualına necə cavab istəyim?”

Yannik Noanı kəşf etdi

Təqaüdə çıxdıqdan sonra televiziyada şərhçi işləyən Eş 1971-ci ildə Yannik Noanı Kamerunda kəşf edib və onu Avropaya gətirərək tennis dünyasıyla tanış edib.

Həyatının son anlarında QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) qarşı mübarizə aparıb. Ölümündən bir neçə ay öncə özü kimi İİV virusu daşıyan NBA ulduzu Mecik Conson ilə birlikdə "Artur Eş Fondu"nu (Arthur Ashe Foundation) yaradıb.

O, 1993-cü il fevralın 6-da QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) bağlı sətəlcəm səbəbiylə həyatını itirib. Eş ölümündən sonra 1993-cü il iyunun 20-də ABŞ prezidenti Bill Klinton tərəfindən Azadlıq medalına layiq görülüb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm