Məşhur “yeddi bacı”lardan birinin hekayəti - O, indi ölüm ayağındadır
Bizi izləyin

İdman

Məşhur “yeddi bacı”lardan birinin hekayəti - O, indi ölüm ayağındadır

Bu gün parlaq görünən bir ulduz bir gün sonra göy üzündən yoxa çıxa bilər. Eynən uğurları ilə milyonların rəğbətini qazanmış bir klubun futbol səhnəsindən getməsi kimi. Bəzi klublar maddi cəhətdən zəifləyərək əvvəlki əzəmətini itirirsə, bəziləri ümumiyyətlə gözdən itir. Bu cür hallarla bağlı dünya futbolunda onlarla misal göstərmək olar. Avropa futbolunun tarixində iz qoymuş bir klub var ki, yavaş-yavaş məhv olmaqdadır.

Vaxtilə UEFA kubokunu və superkubokunu qazanmış bu məşhur klub tədricən futbol səhnəsindən silinməkdədir. Söhbət İtaliyanın məşhur “Yeddi bacı”sından ("Yuventus", "Milan", "İnter", "Roma", "Latsio", "Fiorentina"yla birlikdə) biri kimi göstərilən "Parma"dan gedir.

Publika.az ölüm ayağında olan “Parma”nın tarixi və uğurları barədə məlumat verəcək.

"Parma" necə yarandı?

Klubun əsası 1913-cü ildə İtaliyanın Parma şəhərində qoyulub. Klub yarandığı tarixdən 90 - cı illərə qədər İtaliyanın A seriyası ilə B seriyası arasında var - gəl edib. Bu müddətdə klubun ciddi uğuru olmayıb. "Sarı-göylər" 1991- ci ildə İtaliyanın məşhur qida sənayesi şirkəti olan "Parmalat"ın himayəsinə keçdikdən sonra yüksəliş dövrünə başlayıb.

Artıq "Parma" əvvəllər olduğu kimi qapazaltı deyildi. Klub İtaliya nəhənglərinə meydan oxuyurdu. Bununla yanaşı, "Sarı - göylər" İtaliyanın əsas futbolçu istehsalçısına da çevrilmişdi. "Parma" yüksəliş dövründə 3 dəfə İtaliya kubokunu (1991/92, 1998/99, 2001/02), 2 dəfə UEFA kubokunu (1994/95, 1998/99), 1 dəfə isə Kuboklar Kubokunu (1992/93) və 1 dəfə Avropa superkubokunu (1993) qazanır. 1997- ci ildə klubun A seriyasını qazanmağına isə Marçello Lippinin "sükanı arxasında" olduğu "Yuventus" mane olur. O vaxt parmalılar "Qoca sinyora"dan cəmi 2 xal geri qalır. Həmin dövrlərdə bu klubun şərəfini kimlər qorumamışdı? Canluici Buffon, Ernan Krespo, Canfranko Zola, Fabio Kannavaro, Xristo Stoiçkov, Adriano və s. "Parma" başqa klublardan ucuz qiymətə aldığı və ya özü yetişdirdiyi bu oyunçuları astronomik məbləğlərə satmaqla da bir xeyli irəli düşürdü. "sarı - göylər" Kresponun satışından 55 milyon, Buffondan isə 54,8 milyon avro qazanmışdı. Bu siyahıya Lilian Türam (36,5 milyon avro) və Sebastyan Veronu (30 milyon avro) da daxil etmək olar.

İlk çöküş

Ancaq hər bir şeyin sonu olduğu kimi "Parma" nağılının da sonu gəlmişdi. 2003- cü ildə klubu himayə edən "Parmalat" ciddi maliyyə sıxıntısı keçirdi. Bu, kluba da təsir etdi. "Zolaqlılar" ildən - ilə A seriyasında geriləməyə başladı. 2008- ci ildə isə "Parma" 19 illik fasilədən sonra yenidən B seriyasında peyda oldu. Burada sadəcə bir mövsüm keçirərək yenidən A seriyasına qayıdan "sarı- göylər" əvvəlki kimi olmasa da, nəhənglərə müqavimət göstərə bilirdi. Ta ki, klubda yeni maliyyə böhranı başlayana qədər.

İkinci çöküş və dələduz prezident

Kluba müştərək sahib olan Tommazo Cirardi və albaniyalı Rezart Taçi artıq komandanın yükünü qaldıra bilmirdilər. 2015-ci ildə nəhayət, "Parma"ya baxa bilməyəcəklərini anlayan sahibkarlar klubu Sloveniyanın "Mapi Qrup" şirkətinə simvolik - 1 avroya satdılar. "Parma"ya yeni prezident təyin olunmuş Campyetro Manenti klubu çoxdan almaq istədiklərini, komandanın maddi vəziyyətinin tezliklə qaydaya salmağa çalışacaqlarını deyir. Ancaq tezliklə onun dələduz olduğu aşkarlandı. Kluba sahib çıxdıqdan cəmi 1-2 ay sonra İtaliya hökuməti Manentini həbs etdi. Səbəb onun "çirkli pullar"ın yuyulması və saxta kredit kartlarının istifadəsində günahlandırılması idi.

Günahkar axtarışında

"Parma"nın meneceri Alessandro Melli isə verdiyi açıqlamada bütün günahı əvvəlki prezident Tommazo Cirardidə gördüyünü deyib:

"Parma"da yaşanan problemlərin əsas günahkarı Tommazo Cirardidi. O, pul tapan kimi hara gəldi, xərcləyirdi. Futbolçulardan başqa, işçilər də maaş almırdı. Klubda problem yaranmağa başlayanda yoxlamalar apardıq. İnana bilməyəcəyiniz şeylər qarşımıza çıxdı. "Parma"nın əsas və əvəzedici heyəti ilə müqaviləsi olan 242 futbolçu var idi. Onların hamısının müqaviləsi qüvvədəydi. Yəni həmin 242 futbolçu klubdan hər ay maaş almalıydı. Aralarında elələri var idi ki, menecer olmağıma rəğmən, tanımırdım. Onların bir çoxu heç həvəskarlar liqasında belə oynaya bilməzdi. Onları çox kiçik məbləğ müqabilində transferə çıxardıq. Maraqlanan belə olmadı. Yadımdan çıxmaz, Tommazo klubun 100 illiyində mərasimlərə xeyli pul xərclədi. Mənasız, heç kimə lazım olmayan şeylər aldı. Amma işçilərə maaşlarının bir hissəsini belə ödəmədi".

Qan uddurduğu nəhənglərə və azarkeşlərə möhtac qalan klub

Komandaya ən çətin dövrlərində bir zərbə də İtaliya hökumətindən gəlir. Belə ki, dövlət nümayəndələri "sarı - göylər"in borclarına görə klubun ev oyunlarını keçirdiyi "Ennio Tardini" stadionunun əmlakını siyahıya alır. Arenanın paltardəyişmə otağının oturacaqları və dolabları müsadirə olunur. Buna dözməyən bir qrup azarkeş dolablara və oturacaqlara görə tələb olunan pulu ödəyərək onları geri alır və arenada əvvəlki yerlərinə yerləşdirirlər.

"Sarı-göylər" o vəziyyətə çatır ki, hətta onların A seriyasındakı rəqibləri də, kluba acımağa başlayır. İtaliyanın A seriyasında çıxış edən 20 klubun üzv olduğu birlik "Parma"nın düşdüyü vəziyyətlə bağlı növbədənkənar iclas keçirərək kluba mövsümü davam etdirmək üçün gərək olan 5 milyon avronun toplanması ilə bağlı razılığa gəlirlər. Səsvermədə 20 klubdan 15 - i "Parma"ya yardım etməyi boynuna götürür. "Çezena" isə bu təklifin əleyhinə olur. "Napoli", "Roma" və "Sassuolo" bu məsələdə qərarsız olduqlarını bildirirlər. "İnter" isə klubun yeniyetmələrdən ibarət komandasına oyunlara gedə bilmək üçün avtobus bağışlayır.

Bu dəfə adı da əlindən alınacaq

Ancaq çox keçmir ki, İtaliya məhkəməsi "Parma"nı rəsmən müflis elan edir. Qərara əsasən klub yeni sahibkar taparaq 50 milyon avroluq borcunu ödəməsə, mövsümün sonunda 4- cü liqaya göndəriləcək. Bu vaxt "Parma"nın adı da əlindən alınacaq. Belə ki, "sarı-göylər" 4- cü divizonda yeni təsis olunmuş klub kimi yeni adla çıxış etməli olacaq.

Günahkarın kim olmasından asılı olmayaraq fakt odur ki, gələn mövsümdən "Parma"nı İtaliya və Avropanın futbol səhnəsində görməyəcəyik. 2003-cü ildəki böhrandan sonra əvvəlki "Parma"nın kölgəsini xatırladan klub tezliklə miskin kölgəsindən də məhrum olacaq. "Sarı-göylər"in azarkeşlərinə qalan isə klubun tarixi uğurları olacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm