Trolların rolu
Bizi izləyin

Köşə

Trolların rolu

Taleh Şahsuvarlı

Taleh Şahsuvarlı

Zamanını dəqiq xatırlamıram, amma xatirimdədir ki, 7-8 il bundan öncəydi. İngiltərənin ucqar bir kəndində yaşayan 17 yaşlı gənc içdyi iki-üç qədəh viskinin təsiri altında ABŞ prezidenti Barak Obamaya məzmununda söyüş və təhqir cümlələri yer alan elektron namə göndərmişdi. Aləm bir-birinə dəymişdi. ABŞ kəşfiyyatı dərhal hərəkətə keçmiş, Böyük Britaniya polisi qısa zamanda həmin gəncin kimliyini və yerini təsbit etmiş, sorğulamışdı. Yalnızca Barak Obamanın elektron poçtuna göndərilən, yəni kütləvi tirajlanmayan söyüş məktubunun qarşılığında həmin ingiltərəli gəncin ömrü boyunca ABŞ-a daxil olması yasaqlandı. Başqa sözlə, 17 yaşlı gənc qos-qoca ABŞ-ın “qara siyahı”sına salınmışdı.

Başqa bir misal da çəkəcəm. Yenə ABŞ-dan! Ötən ilin xəbəri idi. Məlumatı “New York Daily News” yaymışdı. Nurtilek Bakirov adlı bir Qırğızıstan vətəndaşı ABŞ prezidenti Abraam Linkolnun heykəlini qəpiklə cızmış, üstünə öz adını yazmışdı. Onun bu hərəkətini vandalizm kimi qiymətləndirən ABŞ-ın hüquq mühafizə orqanları 21 yaşlı gənci məhkəmə qarşısına çıxarmışdılar.

Azərbaycanın ağır mənəvi-psixoloji təhdidlərlə üz-üzə qaldığı bir ərəfədə yuxarıdakı faktları yada salmağım təsadüfi deyil. Dünyanın heç bir yerində, hətta namus-qeyrət anlayışı Azərbaycandakı qədər həssas olmayan ölkələrdə belə fəaliyyətdə olan dövlət başçılarının şəxsiyyətinin, ailə üzvlərinin ümumi etikadan kənar üsullarla hədəfə alınması, yüksək ranqlı məmurların və nüfuzlu siyasi fiqurların şərəf və layaqətinin tapdalanması, dövlət rəmzlərinin təhqir edilməsi nəinki xoş qarşılanmır, hətta ciddi hüquqi məsuliyyət doğurur. Avropaya sığınaraq Azərbaycan ictimai-siyasi diskursuna sistemli şəkildə söyüş elementləri gətirənlər məhz bu hüquqi məsuliyyətdən kənarda qalacaqlarını zənn edir, “Qərb bizi təhvil verməz” arxayınlığı ilə hərəkət edərək yeni kommunikasiya vasitələrinin yaratdığı imkanlardan, yumşaq desək, sui-istifadə edərək ağızlarına gələni danışır, yazırlar.

Sözün açığı, açıq siyasəti emosiyalardan, coşqudan xali fəaliyyət sahəsi kimi təsəvvür etmək mümkün deyil. Odur ki, bəzən kütləvi çıxışlarda, televiziyalardakı mübahisələrdə, parlament müzakirələrində emosiyaların gərilməsi, həddini aşan ifadələrin səslənməsi, hətta əlbəyaxa davaların düşməsi zaman-zaman rast gəlinən epizodlardır. Bu cür epizodlarda adətən təhqirə və söyüşə meyillənənlər, qabalıq nümayiş etdirənlər öz haqsızlıqlarını ört-basdır etmək instikti ilə hərəkət edirlər. Ancaq indi Azərbaycana qarşı təşkil olunan psixoloji diversiyanın nə misli-bərabəri var, nə bəraəti, nə də yola veriləsi, üstündən keçiləsi bir yanı.

Əlbəttə, bütün sözlər kimi, söyüş də sahibinindir. Alqış edən ilk növbədə özünə alqış etdiyi, qarğış edən hər kəsdən öncə özünə qarğıdığı kimi, söyüşün də dəyişməz ünvanı söyənin özüdür. Siyasət, əslində sərmayəsi insan olan bir istehsal sahəsidir. Bu sahədə istehsalçı, yaradıcı, düşündürücü, yönləndirici ola bilməyənlərin hədyan və həqarət qaynağına çevrilməsi son nəticədə cəmiyyətin ümumi əxlaqını şübhə altına alır, nəzakət qaydalarını qamçılayır və problemlərin sivil yollarla, dialoq şəraitində, konsensus əldə edilərək çözülməsinə mane olur.

Bəli, Azərbaycan ictimai-siyasi mühitində bəlli bir çevrə var ki, illərdir siyasət istehsal edə bilmir, ideya, təşəbbüs irəli sürə bilmir, fikir və məntiq savaşında əliyalın qalır və intellektual müzakirələrdəki yenilgilərini söyüşlə, həqarətlə, təhqirlə kompensassiya etməyə çalışırlar. Dövlətə, millətə heç bir xidmət əsəri ortaya qoya bilməyənlər qabalaşır, azğınlaşır, çirkinləşir və çirkab axıdırlar. Necə deyərlər, bütün əndazələri aşır, bütün sərhədləri keçirlər!

Bütün əndazələri aşmasına, bütün sərhədləri keçməsinə rəğmən Vidadi İsgəndərlinin atasının qəbrinin murdarlanması ilə bağlı görüntülər sosial şəbəkədə yayılar-yayılmaz Azərbaycan hakimiyyətinə çağırış etmiş, kimliyindən asılı olmayaraq belə bir əməli törədənlərin tapılıb cəzalandırılmasını vacib saymışdım.

Əmin idim ki, bu əməl heç bir halda Azərbaycan hakimiyyətində təmsil olunan hər hansı şəxsin iradəsi, ümumiyyətlə Vidadi İsgəndərlinin söyüşlərlə hədəfə aldığı adamların istəyi ilə baş verməyib.

Əmin idim ki, bu əməl məhz Azərbaycan iqtidarına qara yaxmaq üçün düşünülüb.

Qısa zamanda həmin görüntülərin montaj olduğu üzə çıxdı. Vidadi İsgəndərli bu fakt qarşısında yenə hətərən-pətərən açıqlamalar verdi. Hiss olunurdu ki, onu yönləndirirlər və gerçək olmayan görüntüləri düzüb-qoşanlar da elə onu yönləndirən dairələrdir. Bu məqamdan sonra Vidadi İsgəndərli də, onun söyüş çətəsi də artıq maraqlı deyil, maraqlı olan bu trollara rol verənlər, rol verənlərin kimliyi, məqsəd və niyyətləridir.

Prussiyanın məşhur generalı və hərbi nəzəriyyəçi Karl Fon Klauzevitsin savaş barədə yazdığı məşhur traktatı xatırlayırsınız, yəqin. Məşhur “müharibə siyasətin başqa vasitələrlə davamıdır” aforizmi də elə ona məxsusdur. Əgər həmin fikrə əks açıdan yanaşsaq, belə də deyə bilərik: “Siyasət müharibənin başqa vasitələrlə davamıdır”.

Əlbətə, siyasət bir söyüş yarışması deyil, xalqa xidmət meydanıdır. Siyasi proseslərin məntiqi yekunu seçkilərdə əks olunur. Məsələn, bir vətəndaşın bələdiyyə seçkilərində namizəd olaraq iştirakı “sənin yolunu mən daha yaxşı süpürərəm, sən zibilini mən daha yaxşı təmizləyərəm” anlamına gəlir bu baxımdan. Ancaq siyasətin özünün bir meydan olaraq zibilləndirilməsi birmənalı olaraq cəmiyyətdə qütbləşməyə, qarşıdurmaya xidmət edir.

Dünyanın heç bir yerində hakimiyyətdə olan qüvvə seçki ərəfəsində siyasi atmosfer təzyiqinin yüksək olmasına maraq göstərmir. Eyni məntiqi Azərbaycan iqtidarının siyasi texnoloqları da əsas götürür və hakim partiya 11 aprel seçkiləri ərəfəsində daha uzlaşdırıcı, daha barışçı, toplumun bütün təbəqələrinə doğmalıq sərgiləyən qüvvə kimi çıxış edir.

Bəs, kimdir bundan rahatsız olanlar və qütbləşmə, qarşıdurma yaratmağa can atanlar? Bir az da dərinə getsək, onu da soruşmaq lazımdır: bu narahatlığın kökü, nədəni nədir?

Azərbaycan insanı üçün ailə müqəddəs məfhum olmaqla yanaşı, toplumumuz ümumən öz sosial-siyasi nizamına görə “siyasi düzgünlük”- ingilislər buna “political correctness” deyir - meyarına əsaslanır. Bu cür dəyərlərin və meyarların heçə sayılması, sosial şəbəkələr vasitəsi ilə toplumda həyacan, şok effekti yaradacaq kampaniyalara start verilməsi, sadəcə sosial eksperiment təsiri də bağışlamır. Hərçənd bu zamana qədər müəyyən təcrübələr aparılmış və Azərbaycanın tarixi şəxsiyyətlərini, tanınmış ziyalılarını, o cümlədən ictimai rəy qarşısında Prezindent İlham Əliyevi ardıcıl şəkildə müdafiə edən şəxsləri qaralamaq, gözdən salmaq üçün amansız hücumlar gerçəkləşdirilmişdi. Bu hücumlar zamanı tərəddüd keçirmədən milli maraqlarımızı müdafiə etdiyimdən və buna görə dəfələrlə “Qara Pr” texnologiyaları ilə üzləşdiyimdən həmin çevrənin dəsti-xəttini pis tanımıram: bu spontan zırrama yığnağı cəmiyyətin gerçək düşüncələrinin ifadəçisi kimi görünməyə çalışırlar.

Konfiliktoloq Karina Korestelina ictimai sferadakı təhqir və söyüş çeşidlərinin altı fərqli məqsədə xidmət etdiyini qeyd edir. Onlardan dördü bu məqaləmiz üçün birbaşa aktualdır:

1) Bir qrup öz əməllərini haqlı göstərmək üçün başqa bir qrupa neqativ yarlıqlar yapışdırır.
2) Bununla həqarətə məruz qoyulan qrupla cəmiyyətin bağlarının qoprasına çalışırlar;
3) Təcrid etməyə çalışarkən ona ümid edirlər ki, həmin qrupun gücünü, nüfuzunu və təsir imkanlarını azaldacaqlar;
4) Sonda həmin qrup qeyri-legitim görünəcək.

Karina Korestelina bu yöndəki çalışmalarını oxuculara “Beyin insultu” adı altında təqdim etmişdi. Haqlıydı! Az-çox düşünmək qabiliyyəti olan hər kəsə məlumdur ki, heç bir söyüşün doğruluğu və ya haqlılığı müzakirə mövzusu ola bilməz. Söyüşün məntiqi, dəlili, bəraəti yoxdur. Həmçinin təhqir tendensiyası cəmiyyətin üzləşdiyi problemlərin ədalətli həllinə mane olmaqla, bərabərlik və haqq arayışlarını da iflasa məhkum edir. Deməli, məqsəd həm də cəmiyyətin inkişafına mane olmaqdır.

Necə düşünürsünüz, Azərbaycanın düşünən başlarını, xanım Korestelinanın obrazlı ifadəsi ilə desək, instult həddinə çatdırmaq cəhdləri üç-beş parabeyninin məhsulu ola bilərmi?
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir neçə dəfə bu məsələyə münasibət bildirib və açıqlamalarında sərgilədiyi yüksək təmkin, əxlaq və dövlət adamı heysiyyatı iqtidarın hər zaman olduğu kimi yenə də rasional düşüncəni əsas götürdüyünü nümayiş etdirir. Başqa cür ola bilməzdi. Azərbaycan Prezidenti İlham Əliyev özünü xalqın birinci xidmətçisi olaraq görür və onun bu liderlik modelinin təməlində əxlaqlı sevgi anlayışı dayanır. Dövlət başçısının siyasi kursunun gerçəkləşməsində yalnızca sədaqət prinsipi ilə hərəkət edən Əli Həsənovun yol məfkurəsi də minillik milli ənənələrimizə və dövlət etikasına söykənir. Cəmiyyətimizin əxlaqi sütunlarının partladılmasına yönəlmiş İŞİD zehniyyətinə qarşı bu sayaq sanballı və dövlətçi mövqe sərgilənməsinə mənəvi dayaq olduqları üçün təhqir kampaniyasına məruz qalmış bütün siyasilərimizin ailə üzvlərini də ayrıca qeyd etmək, hər birinə təşəkkür etmək lazım.

Hər kəsə o da gün kimi aydındır ki, yutubun söyüşcülləri Azərbaycan siyasətində marginallıqdan uzaqlaşa biləcək parametrlərə malik deyillər. Onlar öz parazit xislətləri ilə müxalifət düşərgəsində formalaşa biləcək istedadlı gənclərin önünü kəsə, yüksək postlardan və imtiyazlardan məhrum edilərək hazırda ölkədə olan-olmayan bəzi fiqurların dişində qalmış şirəni sora bilərlər. Prosesin yönləndirilməsində müəyyən qədər Ermənistan kəşfiyyatının da barmağı var, başqa cür düşünmək sadəlövhlük olardı. Ancaq çirkabın mənbəyini tapmaq üçün dərinə və dəhnəyə gedərkən daha fərqli konturlardan keçmək lazım gəlir.

Görəsən, o hansı sehirli əldir ki, məsələn, Mehman Əliyevlə Aslan İsmayılovu, ictimai-siyasi mühitin, medianın yüz illlərcə qaynasa da qarışmayacaq bütün “duzlu və şirin” personajlarını bir araya gətirir?

O hansı vəddir ki, müqabilində Arif Hacılı Tofiq Yaqublunu Milli Şura ilə bağlantılarına görə Müsavat partiyasındakı statusundan məhrum etdikdən dərhal sonra Əli Kərimlinin yanında mövqe tutur, Əli Kərimli isə efirə çıxaraq “xuliqan” olmağa belə razı olduğunu öz dili ilə, bəh-bəhlə bəyan edir?

Bu məqamda projenin koordinatoru qismində göz önünə bu aralar yaxşı qrantlar əldə etmiş Leyla Yunus gəlir.

Əgər bir projenin koordinatoru Leyla Yunusdursa, deməli, onun arxasında bir yox, Azərbaycanı sevməyən bir neçə qüvvə dayanır.

Əgər bir projenin koordinatoru Leyla Yunusdursa, deməli, finalda mütləq pul üstündə qırğın düşəcək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm