Hokinqin evrənə son baxışı
Bizi izləyin

Köşə

Hokinqin evrənə son baxışı

Taleh Şahsuvarlı

Taleh Şahsuvarlı

“Qəribə, amma xariqə bir evrəndə yaşayırıq”- deyə sözə başlayır və ardınca yazırdı:

“Evrənin yaşını, gücünü və gözəlliyini qavramaq fövqəladə bir xəyal gücü tələb edir. Görünən budur ki, bu ucsuz-bucaqsız kosmosda biz insanların tutduğu yer son dərəcə önəmsizdi. Sadəcə, biz kainatı bütünlüklə anlamağa, onunla necə uyum yaratdığımızı öyrənməyə çalışırıq”.

Albert Eynşteyndən sonra dünyanın gəlmiş-keçmiş ən böyük dühası sayılan Stiven Hokinq bu gecə həyatını itirdi. 76 yaşında. Zatən, səksənə çatmayacağını da bilirdi, söyləmişdi, canı əl vermirdi.

Tamamlanmamış 76 ilə “həyat” demək də bimirəm nə qədər doğrudur. Belə demək caizsə, o yaşamamış, ancaq yaratmışdı.

8 yanvar 1942-ci ildə anadan olmuşdu, İngiltərənin Oksford şəhərində. 21 yaşında müalicəsiz ALS xəstəliyinə düçar olanda həkimlər cəmi iki il ömrü qaldığını söyləmişdilər ona. Təbiblərin fikrincə, 1965-ci ildə ölməliyidi, amma əcəl bu günəymiş.

Bəs, doktorlar haqlı çıxsaydı?

Yəni Stiven Hokinq 2018-ci ilin mart ayının 14-də deyil, 23 yaşında həyatdan getsəydi?

Evrənin yaşını, gücünü və gözəlliyini qavramağımıza yardım edən fövqəladə bir xəyal gücündən məhrum olacaqdıq.

Bu ucsuz-bucaqsız kosmosda biz insanların tutdğu məkanın son dərəcə önəmsiz olduğunu daha çətin anlayacaqdıq, Samanyolunun “Orion” qolunda yerləşən bu səfeh sarmal dalandan kainatın dərinliklərinə, dərinliklərindəki qara dəliklərə daha sadəlövhcəsinə, avamcasına boylanacaqdıq.

Kainat haqqqında təsəvvürlərimiz daha dar, özümüz haqqında fikirlərimiz daha şit, gələcək haqqında təxminlərimiz daha bəsit olacaqdı.

Öz akademik çalışmaları ilə kainatın xeyli sirrini sərdi qarşımıza.

Kainata baxış açımızı dəyişdi, sözün əsl mənasında.

Öz populyar kitabları ilə - uzun illərcə ən çox satılan nəşrlər arasında yer tutdu hamısı - elmi təbliğ etdi, elmin tarixini və nailiyyətlərini sadə, anlaşılıqlı bir dillə hər kəsə çatdırdı.

Əslində, Hokinqin qarşısındakı sual yeni deyildi. İnsan meymunlardan aralanıb, budaqlardan enən gündən özünü və öz çevrəsini arayırdı.

Mən nədən varam?

Ətraf niyə belədir?

Hokinqin qısa və daha qısa tarixini yazdığı zaman keçdikcə, düşüncəmizin hüdudları genişləndikcə, zehnimiz yeni anlayışlar qazandıqca bu suallar daha fərqli məzmun qazandı.

Evrən nədən var və niyə belədir?

Miflər, dinlər və fəlsəfə də beləcə meydana çıxdı.

Stiven Hokinq, bax, şair demiş, “o sirrini sirdaşa verməyən dünyanı” qoz qabığına salacaq qədər nəhəng bilim adamıydı, astrofizika kimi son dərəcə dərin bilik, dəmir məntiq və sonsuz təxəyyül tələb edən bir sahə ona ürəklə “Sən mənim hər şey nəzəriyyəmsən” deyə bilərdi.

Bəlkə bu günün ən gözəl eşq elanı da elə “Sən mənim hər şey nəzəriyyəmsən” demək olar bir qıza.

Məfhumlar qafamızdadır, sevgi də bir məfhumdur, uzayda bir qara dəlik tərəfindən uduluna qədər insanlığımızı yaşatma sənətidir.

Bu dünyanın da danışan bir dili var, o dilin adı riyaziyyatdır.

Mən əminəm ki, bu ucsuz-bucaqsız kainatda düşünən və dünyanın dilini bilən varlıqlar sadəcə biz deyilik.

Mən əminəm ki, bu ucsuz-bucaqsız kainatda bizdən daha irəlidə və daha geridə olan sivilizasiyalar mövcuddur - əks halda, təbiət özü-özünə qarşı getmiş, özü-özündən imtina etmiş olardı.

Mən əminəm ki, bu ucsuz-bucaqsız kainatda bizdən irəlidə olanların Eynşteyn, Hokinq kimi dühaları mütləq olub, bəlkə də o qədər çox-çox öncələr olub ki, adını heç xatırlamırlar belə.

Mən əminəm ki, bu ucsuz-bucaqsız kainatda bizdən geridə olanlar Eynşteyn, Hokinq kimi dühalar yetişdirəcəklər mütləq.

… Və bir gün, elə bu gün mən bir uzaylı ilə qarşılaşsam, “əslən haralısan” kimi xoş-beş suallarından sonra mütləq soruşardım: “Sizin Eynşteyniniz, Hokinqiniz kimdir?”

Uzaylıların Eynşteyninin və Hokinqinin kim olmasını, onların həmsöhbət uzaylıdan nə qədər əvvəl yaşamasını bilmək sivilizasiyalarının gəldiyi nöqtəni dəyərləndirmək üçün ən sadə üsuldur.

… Və bir uzaylı ilə qarşılaşsaydı - hərçənd o bunu homosapiens üçün təhlükəli sayırdı - Hokinqin onlara ilk sualı isə yəqin ki “ora”ların Vilhelm Ricard Vaqneri haqqında olardı.

Riyaziyyat kimi, musiqi də evrənin dilidir.

Evrənə qarışmış Hokinqin xatirəsini bəlkə Vaqnerdən bir parça dinləyərək anaq?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm