Təki bütün uşaqlar suçiçəyi olsunlar, amma...
Bizi izləyin

Köşə

Təki bütün uşaqlar suçiçəyi olsunlar, amma...

Zümrüd Kərimova

Zümrüd Kərimova

İndi səndən bir şey istəyəcəm, əziz oxucu.

Bir neçə saniyəliyinə gözlərini bağla. Qulaqlarını tut və heç bir şey demə. Düşün ki, universitetdə təhsil almamısan, 11 il məktəbə getməmisən, hətta baban sənə heç “Xoruz” şeirini də öyrətməyib. Sən hələ iki yaşındasan və yeriməyə təzə başlamısan. Əmziyini hələ də ağzına anan qoyur. Hələ də su istəyəndə 5 hərfdən ibarət “büvvə” demək yerinə saatlarla ağlayırsan. Amma sən olduğun yaşdasan. Bu andasan yəni. Amma hələ də “su” deyə bilmirsən.

Onunla 6 yaşımda tanış oldum. Avqustun isti günlərindən biri idi. Evimiz sərin olduğu üçün həyətə çıxmamışdı. Anam tapşırdı ki, yanında oturum. Çünki, onun hələ heç bir şeydən xəbəri yoxdur. Onu ilk mən gördüm. Dizlərimin üstünə çöküb mat-məəttəl hərəkətlərinə baxırdım. Nəsə olmuşdu. Normal deyildi. Birdən dodaqları səyridi, əlləri qaldırdığı yerdə quruyub ağac oldu, gözləri nəlbəki boyda... Pəncərədən anamı səslədim, yaxınlaşmağa qorxurdum. Bilmirəm məndənmi, Allahdanmı mədət umurdu - əlləri göyə doğru eləcə qalmışdı çünki. Sonrası yadımda qalmayıb. Sonra elə bil ki, bizi kəndimizin sərin havasından ayırıb çox uzaq, isti bir diyara, səsin çatmadığı, ünün yetmədiyi başqa bir dünyaya atdılar. Bizi sürgün elədilər...

Anatomiya ilə tanış olmağa hələ 8 sinif vardı. Mən ilk sinfimdə öyrəndim ki, bəzi insanlar nə qədər yaşlanırsa yaşlansın, 2 yaşında qala bilir. Adına “autizm” deyirdilər. Anam çətinlik çəkirdi tələffüz etməyə, atam heç vaxt demədi o sözü. Mən də çox gec əzbərləyə bildim, onsuz da.

“Suçiçəyi” olmasın deyə vurulan peyvənd onun beynini qurutmuşdu. Daha heç vaxt “suçiçəyi”nin nəinki mənasını bilmək, heç “su”yunu belə tələffüz edə bilməyəcəkdi.

Mənim uşaqlığım onda sağollaşdı ömrümlə. Hələ dizlərimin üstündən qalxmamışdım. İndi də o evə gedəndə oturduğum o yerdə dizlərini büküb oturan uşağı qoymuşam deyə, ordan bir addım kənar keçirəm.

Sonra müharibə başladı. Həkimlərlə, xəstəxanalarla, dərmanlarla, ölkələrlə... Kimin üstün olduğu bəlli olmayan, hamının qazanmaq istədiyi bir müharibəyə səfərbər olduq. Qalib gəlmək üçün yox, yaşamaq üçün, daha doğrusu, yaşatmaq üçün mübarizə aparırdıq. Dedilər ki, onun beyni yuxudadır, ayıla da bilər, ayılmaya da. Anam layla demirdi, “onsuz da yuxudadı” deyirdi. Marağınızdadırsa, hələ də “yuxudadır”...

Sonra “Autizm” adlı bu yuxunu sevməyə başladıq. Təkcə o yox, bütün ailə bu yuxu ilə tanış oldu. İlk valideynlərim qəbul etdi ailəmizin yeni üzvünü. Ana kimi, ata kimi qucaq açdılar autizmə. Bahalı dərmanlarla yedirdilər, içirdilər, səyahətə apardılar, nazını çəkdilər, həkimlər “qəşəng donlar” geyindirdilər. Böyüdü. 16 il böyüdü. Amma gəldiyi günü 2 yaşında saxladı. Mənim uşaqlığımı dizlərimin üstündən qaldırmağa qoymayan, hamımızı ahıl yaşına çatdıran autizm şirin yuxusunda, uşaqlığında, şıltaqlığında qaldı.

Deyərdim ki, ailəmizdə ən yaxşı uşaqlığı da elə o keçirib. Heç vaxt böyümədi, “su” da istəmədi, “büvvə” də. Heç çiçəyi də açmadı.

İndi mən nə “suçiçəyi” peyvəndinin qurbanı olub autizmə düçar olan qardaşıma, nə doyunca uşaqlıq görməyən ömrümə, nə atamın başına vaxtından əvvəl düşən “ulduz dənləri”nə, nə anamın səhra kimi gözlərinə yanıram. Heç uşaqlığa qayıtmağı da arzulamıram.

İndi mən əzbərlənməyən bütün “Xoruz” şeirlərinə, deyilməyən bütün “büvvə”lərə, oxunmayan “layla”lara, hətta açmayan suçiçəklərinə yanıram...

Qoy bütün uşaqlar “suçiçəkləri” ilə böyüsün. Amma heç vaxt uşaqlığın yuxusunda qalmasın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm