Kino günündə kinosuzluq...
Bizi izləyin

Köşə

Kino günündə kinosuzluq...

Zümrüd Kərimova

Zümrüd Kərimova

Necə demişdi Səməndər Rzayev?

“Bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib!”

Hər dəfə riyaziyyat müəllimimin evinə gedəndə bu sözlər yağışdan öncə əmələ gələn qəfil şimşək effekti ilə evin ikinci mərtəbəsindəki eyvandan başıma ələnir. Dəmir qapıdan içəri girən kimi o eyvanda dayanan nəhəng cüssəli adam gözümün qabağında bütün reallığı ilə canlanır və arxamda dayanan yüzlərlə kolxoz insanına səslənir:

“Ayəə, ay camaat...”

Sonra alnının tərini silir və sözünə davam edir:

“Bax bu kino zəhmətkeşləri durub ordan gəliblər bizim yanımıza...”

Bu sözlərin sədası altında körpələrini böyük bacı-qardaşlarına, ocaqdakı yeməyi küləyin, inəkləri tanrının ümidinə tapşırıb, gəlib arxamda dayanan zəhmətkeş kənd camaatına qanrılıb baxıram. Kəndlilərin maraq və yorğunluq tökülən üzünə zillənən baxışlarımı sənətkarın gur və əsəbi səsi dəlib keçir:

“Ayə, gəliblər bizi çəksinlər kinoya...”

Səməndər Rzayevin “kino” dediyi nəsnə ilə hələ camaatın yarısı tanış deyil. Bu səbəbdəndir ki, filmin digər bir obrazı – Miriş, yəni Arif Quliyev kəndə sarı qaçanda Çobana “kəndə kinoçıxardanlar gəlib” formasında xəbər verir. Bütün kəndin ümumiləşdirilmiş obrazı kimi bütün kənd camaatından daha çox üz, sifət görən çoban belə “film çəkən” birləşməsinə yad ikən rejissorun zarafat içində verdiyi bu qədər incə detal da (kino çıxardan) əbəs deyildi. Kəndin yarısı başına vuran kimi düzələn, kanallarını kəlbətinlə çevirib tapan televizora baxır, yarısı da kolxozda iri və xırdabuynuzlu heyvanlarla kino kimi bir həyat keçirir. Digər cüzi qismi isə (gənc nəsil) ən dolğun, ən unudulmaz və məhsuldar günlərini hər səhər inəklər və quzularla birgə örüşə ötürür.

“Bizim də borcumuz əlimizdən gələn hər bir köməyi onlardan əsirgəməməkdir”.

Sonra sənətkarın bu sözlərinə kəndli qismində davam gətirməyib kitab-dəftərimi tullayıram Ələsgərin təpəsi üstə yıxıldığı samanlığa sarı və çıxıram Səməndər Rzayevin boynubükük kəöndli qarşısında şövqlə çıxış edib məharətini göstərdiyi eyvana və tat ləhçəsində deyirəm:

“Ayə, ay Səməndər, ay başına dönüm, axı bu tövlənin qoxusu, torpağın nəfəsi əllərindən getməmiş (əllərimi onlara sarı uzadıb havada yelləyirəm) sənin tamaşana tələsən kəndli nə bilsin ki, onun əlindən nə gəlir? Ayə bu başını daşdan götürüb divara çırpan yazıq kəndli heç yuxudan ayılıb əl-üzünə su çəkməmiş durub gəlmisən ki, kino çəkəcəm. Səkkiz min pul xərcləmisən, Monqolustandan təmiz şubalar gətirmisən. Özü də ki, bəlkə bu məşum ucqar dağ kəndinin sakinləri heç istəmir ki, onu uzaq səhralarda görüb alqışlasınlar. Təbii, əgər o səhrada bizi alqışlayacaq adam tapılsa...”

Sonra ikimiz də bir anlıq bir-birimizin kədər dolu üzünə baxır və dünyanın yükünü çiynində daşıyaraq hər dəfə uçuruma yuvarlanan Sizif kimi xəcalət suyumuz süzülə-süzülə eyvanın pilləkənlərindən aşağıya enib kinoçıxardanların arasında gözdən itirik və o yol boyu bir kəlmə də kəsməyən sənətkar səssizliyini, nəhayət ki, kinonun qəlizliyi ilə pozur.

Dərsdən sonra dəmir qapının qarşısındakı Yasəmənin elçi daşının üstündə oturub fikirləşirəm:

Keçmiş sovet hakimiyyəti mədəniyyətə, təhsilə və əməyə dəyər verən bir quruluşa malik olsa da, onun senzurasından keçmək hər kişinin işi olmayıb. Nə ədəbiyyat kişilərinin, nə kino, nə musiqi, nə mətbuat. Qəliz məsələdir. Çünki 15 ölkənin millətini, iqtisadiyyatını, dünyagörüşünü, siyasətini belə bir “qırmızı körpü”nün altından dağ seli kimi keçirən və o selə arada “levıy” sular da qatan bu hakimiyyət üçün, məsələn, kino kimi mədəniyyətin ən incə, eyni zamanda, əhatəli sahəsi odlu silahdan daha effektiv və faydalı imiş. Təqdirəlayiqdir.

Kinonun qəlizliyi başadüşüləndir. 20-ci əsrdə əsası qoyulan bu ənənənin dövrümüzün aktual məsələləri: maliyyə, sponsor və kadr çatışmazlığı kimi problemləri olmasa da, zəmanəsinə uyğun şəkildə, əlbət ki, maneələrlə qarşılaşıb. Lakin kinonun vacibliyini biz nə az, nə çox, düz 100 ildən sonra başa düşürük. Ya da başa düşməyə çalışırıq. Ya bəlkə heç başa düşmənin çərçivələrinə belə yaxınlaşmamışıq?

Bütün bu cavabsız suallara baxmayaraq, bir fikrə əmin ola biləcəyimizi düşünürəm: kino tərbiyədir, mədəniyyətdir, etikadır, güzgüdür, dünyagörüşüdür. Buna görə də sivilizasiyasının bir parçası olmaq üçün əhəmiyyətlidir. Azərbaycan kinosu isə 3000 eksponatı olan bir muzey kimi ən dəyərli köşəmizdə özünə taxt qurub. O taxt ki, hər önündən keçdiyimizdə daha böyük maraq və hörmətlə onu yad edirik.

Bu il isə kinomuz ömründə ikinci dəfə süd dişlərini çıxarır...

Azərbaycan kinosunun 120 illiyinə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm