Köşə
Münhendən Qarabağa: İlham Əliyevin siyasi ədəbiyyata düşəcək gedişləri
Asif Nərimanlı
Bir il öncə, məhz bu gün Qarabağda artıq həll edilmiş münaqişənin 30 illik tarixində bir ilk yaşandı: Azərbaycan və Ermənistan liderləri beynəlxalq ictimaiyyətin qarşısında ilk canlı debata çıxdılar. Bu haqlı ilə haqsızın ayırd edildiyi platforma idi və Azərbaycan Prezidenti İlham Əliyevin cəmi 1 il öncə dediyi sözləri 1 il ərzində yerinə yetirməsi həmin debata yenidən qayıtmağı, orada baş verənlərə yenidən baxmağı zəruri edir.
15 fevral, 2020-ci il: Dünya siyasi arenasının diqqəti Prezident İlham Əliyevin və erməni baş nazir Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatında idi: birincisi, bu debat ilk dəfə keçirilirdi, ikincisi, nəticədə münaqişə tərəflərinin hansının haqlı olacağı müəyyənləşəcəkdi.
Beynəlxalq hüquqda, BMT də daxil olmaqla mötəbər beynəlxalq təşkilatların qərarlarında işğala məruz qalan tərəf kimi Azərbaycan göstərilir. Lakin siyasət elmində debat ictimai fikirdə haqlı olduğunu göstərmək üçün yaranmış fürsətdir və burada ictimai fikrə təsir etmək bacarığı mühüm rol oynayır.
- Məntiqi davamlılıq;
- Faktların dəqiqliyi;
- Auditoriyanı inandırmaq bacarığı;
Bu üç element debatın mahiyyətini təşkil edir və nə qədər haqlı olursansa ol, hər şey üç elementi özündə ehtiva edən çıxışdan asılıdır. Prezident İlham Əliyev ilk zərbəni elə ilk cümləsində vurdu: Mən bura həqiqətləri deməyə gəlmişəm.
Bu, auditoriya üzərində emosional üstünlüyü ələ almaq idi. Debat başlayır və Əliyev məntiqi davamlılıqla dəqiq faktları sadalayırdı: səlis və düzgün ingiliscə ilə.
Burada hədəf auditoriyası beynəlxalq ictimaiyyət idi və həqiqətləri dünyaya öz dilində çatdırmaq olduqca önəmli idi. Azərbaycan lideri məhz bunu edirdi: tarixi faktları sadalayır, beynəlxalq hüquqdan sitatlar gətirir, işğal faktını sübut edirdi.
Qarşı tərəf – Paşinyan “Mən Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyini xahiş edəcəyəm” sözləri ilə ilk avtoqolu vurdu. Auditoriya hansısa mövzudan yayınmağı bağışlamır. Və bir də mücərrədi sevmir.
- Paşinyan Əliyevin gerçək tarixi faktları önündə mücərrədə qaçdı və “böyük Tiqran”dan, onun Pompeylə danışıqlarından bəhs etdi.
- Əliyev “Mənim giriş nitqimdə dediklərim 100 faiz həqiqətdir. Hansılar ki, elə indi yoxlanıla bilər. Sadəcə, internetə daxil olub istinad etdiyim həmin sənədləri taparaq siz kimin həqiqəti deyib-demədiyini anlaya bilərsiniz” deməklə auditoriyaya əlçatan mənbələr göstərdi.
Bir tərəfdə 2 min il öncə hansısa uydurma tarix, digər tərəfdə hər kəs üçün əlçatan olan internet resursları. Azərbaycan lideri auditoriyanı sadə həqiqətlərlə inandırırdı.
Prezident İlham Əliyevin Paşinyanın Xocalı soyqırımı ilə bağlı Mütəllibov iddiasına cavabı, eləcə də Şaumyan rayonunun Dağlıq Qarabağın tərkibində olmadığını deməklə erməni baş nazirin primitiv savadının olmadığını göstərməsi qarşı tərəfin – işğalçı ölkənin dünyanın gözü önündə əzilməsi idi.
İlham Əliyev bu debatla özünün nə qədər hazırlıqlı və bacarıqlı siyasətçi olduğunu, lideri olduğu Azərbaycanın isə tarixi və hüquqi aspektdən haqlı olduğunu nümayiş etdirdi.
Burada Münhen debatından öncə baş verənlər, xüsusilə Azərbaycan liderinin Ermənistanı mat vəziyyətinə saldığı məqamlar yada düşür...
2016-cı ilin 16 sentyabrında Bişkekdə MDB Dövlət Başçıları Şurasının sammiti keçirilirdi: “aprel müharibəsi”ndən cəmi 5 ay keçmişdi, hərbi cəbhədə məğlubiyyətlə üzləşən Ermənistan diplomatik cəbhədə Azərbaycan liderinin ağır zərbələri ilə qarşılaşdı.
Ermənistanın həmin vaxt prezidenti olan Serj Sarkisyan ənənəsinə sadiq qalaraq, yalanlarına davam edirdi. Və İlham Əliyev cavabında Sarkisyanı çətin vəziyyətə saldı.
Sarkisyanın uydurma iddialarına tutarlı faktlarla cavab verən Azərbaycan lideri “Yalana cavab verməyin sadəcə mənası yoxdur” deməklə qarşısındakını aciz vəziyyətə saldı. İlham Əliyevin tərs silləsi ilə üzləşən Sarkisyanın uydurmalarına davam etmək istəyəndə Azərbaycan Prezidentinin “Mən yalana artıq cavab verdim” sözləri ilə ikinci zərbəni aldı. Və İlham Əliyev tərəfindən susduruldu.
Ermənistan rəhbərliyini Azərbaycan liderinin daha ağır zərbələri gözləyirdi.
2019-cu il, İlham Əliyevin “Fool’s Mate” gedişi...
İlk gedişini “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən iclasında edən Azərbaycan lideri ikinci gedişini Türkmənistan paytaxtında, MDB dövlət başçılarının toplandığı masa arxasında irəli sürdü və budur, “Fool’s Mate” – iki gedişlə mat. Prezident İlham Əliyev strategiyaya əsaslanan şahmat oyununda nadir hallarda qeydə alınan “Fool’s Mate” gedişini siyasi səhnədə bacarıqla tətbiq etdi. Ermənistan rəhbərliyi – Nikol Paşinyan çıxılmaz vəziyyətə düşdü...
Aşqabadda toplanan MDB dövlət başçıları birliyin gündəliyini müzakirə edir, qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparır və ayrı-ayrılıqda məsələlərə münasibət bildirirdilər. Mövzu faşizm üzərində tarixi qələbənin 75-ci ildönümünün qeyd olunmasına gəldi və Prezident İlham Əliyev çıxışında MDB-də faşizmin qəhrəmanlaşdırılması nümunələrindən danışdı, Ermənistanın “nasist qəhrəmanına” abidə ucaltdığını qeyd etdi və tarixə qayıdaraq, kimin kim olduğunu, kimin nə vaxt kimə xidmət etdiyini və kimin hələ də faşist mahiyyətindən çıxmadığını masa ətrafında əyləşənlərin timsalında dünyanın diqqətinə çatdırdı: nasistlərə xidmət etmiş Qaregin Njdenin Ermənistanda qəhrəmanlaşdırılması, bunun faşizmə qarşı döyüşmüş bütün xalqlara qarşı təhqir olması və s.
Prezident İlham Əliyev çıxış edərkən, sağında əyləşmiş Nikol Paşinyanın baxışı və üz ifadəsi əslində hər şeyi aydınlaşdırırdı. Və Azərbaycan liderinin diplomatik zərbəsindən özünə gələ bilməyən Paşinyan “Nasistlərin lideri Njde yox, Hitler olub” kimi absurd özünümüdafiə ilə vəziyyətini daha da ağırlaşdırdı.
Zərbə sadə, lakin gözlənilməz idi və İlham Əliyevin Soçidən Aşqabada qədər uzanan strateji “Fool’s Mate” gedişi bu suallara cavab verir:
- Paşinyanın işğal altındakı Xankəndidə “Qarabağ Ermənistanındır və nöqtə” (2019-cu ilin 5 avqust tarixində) bəyanatına Azərbaycan lideri niyə iki ay sonra cavab verdi?
- Tarixi “Qarabağ Azərbaycanındır və nida” cavabı niyə Soçidə verildi?
- Aşqabaddakı MDB iclasında İlham Əliyev hansı hədəfi vurdu?
Paşinyan həmin vaxt işğal altında olan torpaqlarda məlum sözləri işlətdi və erməni xalqı populizm yağışı altında onu alqışlamağa başladı. Azərbaycan erməni baş nazirin iddialarını anında cavablandıra bilərdi, hər kəs bilir ki, bunu etmək olduqca sadədir. Lakin dərhal cavabın verilməsi Paşinyanın məlun iddiaları ilə əldə etdiyi nəticəni verəcəkdi – SIFIR. Və söz duelindən başqa bir şey olmayacaqdı.
Azərbaycan lideri iki ay gözlədi və siyasi şahmatda çoxlarının bacarmadığı QAMBİT gedişi etdi, (daha səmərəli mövqe əldə etmək məqsədilə üstünlüyün qurban verilməsi), populist “söz duelinə” getmədi, səbrlə “Qarabağ Nidası”nı qoymağa doğru addımladı. Və İlham Əliyevin Paşinyanın iddialı nöqtəsinə soyuqqanlı nidanı niyə Soçidə - “Valday” klubunun iclasında qoymasının səbəbləri də burada aydınlaşır.
Qarşıda iki mühüm hadisə gözlənilirdi: biri, BMT Baş Assambleyasının 74-cü sessiyası, digəri Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək zirvə toplantısı.
Bu, iki qütbün – Şərqlə Qərbin Ermənistana münasibətini ortaya qoyacaqdı və Azərbaycan lideri siyasi şaxmat taxtasında gedişlərini buna görə müəyyənləşdirəcəkdi.
Ermənistanın baş nazirinin “Amerika arzuları” çin olmadı: Paşinyanı yüksək çinli amerikalı rəsmilərdən heç biri qarşılamadı; Donald Tramp isə onunla yalnız protokol qaydalarına uyğun, yəni məcburi olaraq bir foto çəkdirdi.
ABŞ səfəri fiaskoya uğrayan Paşinyanın yeganə ümidi Avrasiya İqtisadi İttifaqı (Aİİ) idi və Ermənistana səfər edən Rusiya prezidenti Vladimir Putinlə mütləq “qucaqlaşmağı” qarşısına məqsəd qoymuşdu. Lakin o, okeanın o tayında uğradığı fiasko ilə öz ölkəsində də qarşılaşdı.
Və siyasi prosesləri incələməkdə qrossmeyster olan Azərbaycan lideri tarixi nidanı məhz Soçidə qoymaqla ABŞ-da “şillə yemiş” Ermənistana zərbəni döydüyü qapıda – Rusiyada endirdi. Bu, “Fool’s Mate” strategiyasında ilk gediş idi. İkinci və sonuncu gediş Aşqabadda ediləcəkdi.
Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında postsovet ölkələrinin ortaq tarixi və həssas nöqtəsindən çıxış etməsi usta qrossmeysterin rəqibi mat vəziyyətinə salması idi. Çünki Aİİ-nin İrəvandakı iclasında biabırçı vəziyyətlə üzləşən Paşinyan Rusiyanın döydüyü qapısının açılması üçün əlindən gələni edir və MDB iclası bunun üçün yeni və yeganə fürsət idi. Azərbaycan lideri ikinci gedişi ilə işğalçı ölkənin yeganə fürsətini də alt-üst etdi və Rusiyaya, o cümlədən, digər MDB dövlətlərinin rəhbərlərinə faşizm üzərində qələbənin 75 illiyinin qeyd edilməsinə hazırlığın aparılmasına rəğmən, masada əyləşən Ermənistanın hələ də faşistləri qəhrəmanlaşdırdığını, ortaq tarixə hörmət etməyən faşist təfəkkürlü ölkənin əməkdaşlıq platformasında yerinin olmadığını ustalıqla nümayiş etdirdi. Və çıxışında Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinin sənədlərinə istinad da bu gedişin real nəticəsinə hesablanmışdı.
Və yenidən Münhenə, məlum və məşhur debata qayıdaq, daha doğrusu, debatın sonunu, Ermənistana vurulan son zərbəni, İlham Əliyevin dediklərini xatırlayaq və bütün bunların fonunda bugünkü mənzərəyə baxaq...
Münhen, 15 fevral, 2020-ci il: debatın sonu.
Prezident İlham Əliyev: Sadəcə, bir qeyd edim.
Moderator: Konstruktiv olsun.
Prezident İlham Əliyev: Konstruktiv, bəli. Öz müqəddəratı haqqında danışacağam. Yalnız bu haqda. Yerevanda əhalinin XIX əsrin əvvəlində 70 faizinin azərbaycanlı olması faktını bir yana qoyuram. Bunu bir yana qoyuram...
Və İlham Əliyev “bu faktı bir kənar qoyuram” deməklə əslində demək istədiyini dünyanın diqqəti önündə dilə gətirir, olduqca ustalıqla...
Moderator: Bu, konstruktiv deyil.
Prezident İlham Əliyev: Bunun haqqında danışmayacağam. Öz müqəddəratına gəldikdə, onlar hər zaman bu haqda danışırlar.
Moderator: 30 saniyə.
Prezident İlham Əliyev: Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!
Moderator: 30 saniyə.
Nikol Paşinyan: Cənab Prezident, bu, o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər.
Prezident İlham Əliyev: Ermənilər və ermənilər.
İlham Əliyev bununla son nöqtəni qoydu: erməni tarixi uydurmadan başqa bir şey deyil, Ermənistan işğalçı ölkədir və Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Azərbaycan lideri bir il öncə torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyimizi beynəlxalq ictimaiyyətin önündə elan edir və eyni platformada Ermənistana məsləhət verirdi: Ermənistan ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsın, Azərbaycanda yox!
1. İlham Əliyev bütün dünyaya Qarabağda “ikinci erməni dövlətinin” yaradılmasına imkan verilməcəyini bəyan edirdi;
2. Bütün dünyanın gözü önündə Ermənistana son məsləhətini verirdi;
3. Və bu o demək idi ki, Ermənistan iddialarından əl çəkməsə, nəticədə müharibə başlansa, günahkar özüdür, Azərbaycan yetərincə imkan tanıdı və hər kəsin (dünyanın) gözü önündə xoşluqlara “torpaqlarımızdan çıx dedi”;
Ermənistan Azərbaycan liderinin tövsiyəsini dinləmədi və İlham Əliyev bir il öncə dediyini etdi: torpaqlarımızda ikinci “erməni dövləti”nin yaradılmasına imkan vermədi, 30 illik işğala son qoydu.
Sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident İlham Əliyevin illərdir diplomatik cəbhədə düşmənə endirdiyi zərbələrin Ali Baş Komandan kimi hərbi cəbhədə məntiqi davamı idi. 44 gün ərzində Ermənistanın torpaqlarımızda 30 ildir davam edən işğalına son qoyuldu, 30 il sonra Azərbaycanın ərazi bütövlüyü və dövlət sərhədi, Dağlıq Qarabağ münaqişəsi bitdi.
Bu, İlham Əliyevin siyasi ədəbiyyata düşəcək strategiyasıdır...
-
Nida Xəbər 13:42
Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
-
Sosial12:54
Pensiya yaşı azaldılacaq? - Komitə sədri cavab verdi
-
Sosial12:04
İş və istirahət günlərinin yerləri dəyişdirildi - VİDEO
-
Dünya12:00
Ərdoğan HƏDƏLƏDİ: Hərbi əməliyyatlara BAŞLAYA BİLƏRİK
-
Hadisə11:51
Baş İdarə əməliyyat keçirdi: Saxlanılanlar var
-
Dünya10:42
Göydən ATACMS yağır: Lavrov isə atalar məsəli çəkir
-
ABŞ09:48
Mask onu vətənə xəyanətdə ittiham etdi: Cəzalandırılacaq!
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI