Sərhəd hücumunun PƏRDƏARXASI: Paşinyanın PLANI nədir?
Bizi izləyin

Köşə

Sərhəd hücumunun PƏRDƏARXASI: Paşinyanın PLANI nədir?

Ermənistan tərəfi növbəti təxribatlara əl ataraq Ermənistan və Azərbaycan arasında ciddi münaqişə görüntüsü yaratmağa çalışır. Bəs səbəb nədir?

Hesab edirəm, Ermənistan bu təxribatlara əl atmaqla bir neçə ciddi hədəflərə nail olmaq istəyir:

1. 31 avqust tarixində Brüsseldə Azərbaycan Prezidentinin tələbi və Avropa İttifaqı Şurası prezidentinin təkidi ilə Ermənistan üzərinə ciddi öhdəliklər götürməklə yanaşı, bu format çərçivəsində ilk dəfə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı vaxt öhdəliyi də Paşinyanın üzərinə qoyulmuş oldu (Brüssel formatı çərçivəsində ilk dəfə Ermənistanın sülh prosesi ilə bağlı real addımlar atma perspektivi yaranmışdı). Bu halda ilk üç görüşün nəticələrinin uzadılması və öhdəliklərə əməl edilməməsi kimi perspektiv aradan qalxmış olurdu. Elə isə götürülmüş öhdəlikləri həm də konkret vaxt çərçivəsində yerinə yetirməmək üçün neyləmək lazımdır? Bölgədə, xüsusilə Ermənistan-Azərbaycan sərhədində təxribatlar törətməklə yeni əməliyyat şəraiti formalaşdırmaq və öhdəliklərdən imtina üçün real imkanlar qazanmaq. Bu bir səbəb;

2. 15-16 sentyabr tarixlərində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Ərdoğan-Putin görüşünün keçiləcəyi və görüşün gündəliyi açıqlanır: Cənubi Qafqazda vəziyyət, Ermənistan-Azərbaycan arasında münasibətlərin müzakirəsi və ciddi qərarların qəbul edilməsi. Sual: Ərdoğanın iştirakı ilə ediləcək müzakirə və qəbul ediləcək razılaşma kimin maraqlarına xidmət edəcək? Bu ritorik sualın cavabı Ermənistana da tam aydın olduğundan, real perspektivdən qaçmaq üçün neyləmək lazımdır? Bölgədə, xüsusilə Ermənistan-Azərbaycan sərhədində təxribatlar törətməklə yeni əməliyyat şəraiti formalaşdırmaq və müzakirə gündəliyini dəyişmək. (Yaxın günlərdə Ərdoğanın Baydenlə də görüşünü və görüş gündəliyini göz önünə gətirsək tablo tam aydınlanmış olur). Bu ikinci səbəb;

3. Azərbaycan təkidlə münaqişənin bitdiyini və ATƏT Minsk qrupunun fəaliyyətinə ehtiyacın aradan qalxdığını bəyan edir. Sual: ATƏT Minsk qrupunun fəaliyyətinə ehtiac olduğunu əsaslandırmaq üçün neyləmək lazımdır? Haqlısınız: bölgədə, xüsusilə Ermənistan-Azərbaycan sərhədində təxribatlar törətməklə yeni əməliyyat şəraiti formalaşdırmaq və bölgədə vasitəçilik missiyasına ciddi ehtiyac olduğunu "sübut etmək". ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə nümayəndəsi (həm də ATƏT Minsk qrupunun amerikalı həmsədri) səfir Filip Rikerin bölgəyə səfəri müddətində belə bir təxribatın törədilməsi ilə bizim istəyimiz və bölgə maraqlarına zidd olaraq, münaqişənin bitmədiyi və Minsk qrupuna ehtiyacın qaldığı görüntüsünü yaratmaq. Bu üçüncü səbəb;

4. 31 avqustda Brüsseldə əldə olunmuş razılaşmalar qarşı tərəfdən də iradə nümayiş olunarsa, bölgəyə qısa müddətdə davamlı sülh gəlməsinə və bölgənin sürətli inkişafına səbəb olardı. Sual: belə bir perspektiv kimin maraqlarına uyğun deyil? Tamamilə düzdür: şimal və cənub qonşumuzun, Qərbi Avropa paytaxtlarının və Vaşinqtonun. Eləcə də, Ermənistandakı revanşistlərin, ideoloji rupor rolunu oynayan Qriqoryan kilsəsinin, erməni terror qurumlarının, erməni diaspor təşkilatlarının və s. Elə isə, nə etmək lazımdır? Yenə haqlısınız: Bölgədə, xüsusilə Ermənistan-Azərbaycan sərhədində təxribatlar törətməklə yeni əməliyyat şəraiti formalaşdırmaq və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan verməmək. Bu da bir səbəb.

Beləliklə, baş verən son təxribat hadisələrinin məntiqi və real səbəblərini təhlil etdik. Amma, başqa bir sual da cavabını gözləyir: bu təxribatlara qarşı Azərbaycanın apardığı səngər və diplomatiya mübarizəsinə adekvat informasiya mübarizəsi qura bilmişikmi?

Hesab edirəm ki, Azərbaycan informasiya resursları və ictimai şəxslər olaraq bizlər bu sahədə ermənilərə və havadarlarına ciddi hesabla uduzuruq. Obyektiv və subyektiv səbəbləri kifayət qədərdir.

1. Gecə ilə (saat fərqinə görə, bizdə sabah açılanda ABŞ-də gecədir) ABŞ dövlət katibinin, bir sıra senator və konqresmenlərin, Senatın Xarici əlaqələr komitəsinin tələm-tələsik, heç bir fakta əsaslanmadan, əsassız bəyanatları sizcə təsadüfdür? Hesab edirəm, bu bəyanatlar neçə günlərdir Ermənistan mətbuatının və erməni diaspor təşkilatlarının maliyyə dəstəyi altında olan dünya mediyasının apardığı "Azərbaycan yaranmış beynəlxalq vəziyyətdən istifadə edib genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır" təbliğatının həmin Blinkendə, senator və konqresmenlərdə bir müddətdir yaradılmış informasiya basqısının təsiri altında, həm də öz maraqlarına uyğun olaraq hazırlanıb və heç də təsadüfi deyil;

2. "Rusiya Ukraynada məğlub olarsa, bu Azərbaycan maraqlarına uyğundur və Azərbaycan bu vəziyyətdən yararlanmağa çalışacaq". Fikir sizə tanışdır? Bəli, neçə günlərdir erməni xüsusi xidmət orqanları tərəfindən hazırlanmış və buradakı əlaltıları vasitəsilə Azərbaycan cəmiyyətinin alt şüuruna yeridilən tezis. Bir çoxumuz da bəh-bəhlə, qəhrəmanlıq edirmişik kimi bu tezisləri tirajlayırdıq. Bu gün bizim fəxrlə yaydığımız həmin "tapıntı" bizim əleyimizə əsas alətə çevrilir.

3. "Azərbaycan Rusiyanın Ukraynada məğlubiyyətini gözləyir, Qarabağda genişmiqyaslı əməliyyatlara başlayacaq" fikri sizcə kimin maraqlarına və nəyə xidmət edir? Yenə də haqlısınız: Ermənistanın və erməni havadarlarının, həm də ikibaşlı:

- bir çox hallarda bizlərin əli ilə bu informasiyanı, bu mövqeni yayan erməni xüsusi xidmət orqanları elə öz əlimizlə Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq və Azərbaycanın xeyrinə nəticələr əldə edə biləcəyimiz perspektivin öz əlimizlə üstündən xətt çəkməyə çalışırlar. Azərbaycan nə vaxtdan hansısa dövlətin zəifləməsi, yaxud güclənməsi perspektivinə ümid edib özünün maraqlarını təmin etməyə, bu istiqamətdə mübarizəsini qurmağa çalışıb? Gəlin, ifadələri seçərkən və işlədərkən daha diqqətli olaq;

- bir çox hallarda bizlərin əli ilə bu informasiyanı, bu mövqeni yayan erməni xüsusi xidmət orqanları elə öz əlimizlə qərb dairələrinin əlinə "vəziyyətdən istifadə edən Azərbaycan hərbi əməliyyatlara başlayıb və Ermənistan ərazilərində mülki infrastrukturu vurur" kimi absurd və cəfəng iddiaların səslənməsinə əsas vermiş oluruq.

Nəticə:

1. Təxribatların tərəfi Ermənistandır və bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir;

2. Heç bir fakta və reallığa əsaslanmayan bəyanatlar səsləndirən və bununla da təcavüzkara ilham verən qərb dairələri də eyni məsuliyyəti bölüşür;

3. Cənub və şimal qonşumuz hadisələrin axarında davam etməsində, davamlı sülhün əldə olunmasında maraqlı deyillər və baş verənlərdə ciddi məsuliyyət payları var;

4. Ermənistanın təxribat addımlarına ordumuzun verdiyi layiqli cavaba uyğun informasiya mübarizəmiz adekvat deyil və informadiya siyasətimizdə ciddi islahatlar aoarılmalıdır;

5. Qərbin liberal dəyərləri altında gizlənən bir çox sosial şəbəkə istifadəçiləri insanların həssas nöqtələrinə toxunaraq, onların hissləri üzərində Azərbaycan əleyhinə informasiya cəbhəsi açıblar.

Anar Əliyev,

"Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm