Qılınc həmin qılıncdır, qol həmən qol deyil
Bizi izləyin

Köşə

Qılınc həmin qılıncdır, qol həmən qol deyil

Mərakeş öz ordusunu modernləşdirmək üçün İsrail və Türkiyə silahları alıb. “Forbes” məlumat verir ki, bu silahlar İkinci Dağlıq Qarabağ müharibəsinə qədərki son illərdə Azərbaycanın əldə etdiyi cəbbəxanaya çox oxşardır. Məğrib ölkəsi ümid edir ki, yeni hərbi texnika Qərbi Böyük Səhraya görə münaqişədə olduğu və Əlcəzairin dəstəklədiyi “Polisario” Cəbhəsi üzərində oxşar qələbə qazanmağa imkan verəcək. Qərbi Böyük Səhra keçmiş İspaniya müstəmləkəsidir və BMT tərəfindən "özünü idarə etməyən ərazi" hesab olunur. Region onilliklər ərzində Mərakeş və “Polisario” Cəbhəsi arasında mübahisəli sayılıb.

“Forbes” xatırladır ki, Dağlıq Qarabağla bağlı son toqquşmalar sentyabrın 19-20-də baş verib. Bu toqquşmalar Azərbaycanın İsrail və Türkiyənin ona verdiyi yüksək texnologiyalı silahlardan necə istifadə etdiyini bir daha göstərdi. Xankəndi üzərində İsrailin “Harop” dronlarının (IAI Harop) səciyyəvi uğultuları eşidilib. Sosial şəbəkələrdə yayılan videoda Azərbaycanın İsrailin LORA taktiki subballistik raketlərini buraxdığı görünür:

"Bundan əvvəl, 2020-ci ilin sentyabr-noyabr aylarında II Qarabağ Müharibəsində Bakı anklavın əhəmiyyətli ərazilərini ələ keçirə bildiyi zaman Azərbaycan Silahlı Qüvvələri qəti qələbəyə nail olmaq üçün bu cür sistemlərdən istifadə edib. Azərbaycan “Harop”ları Ermənistan ərazisində S-300 hava hücumundan müdafiə raketlərini məhv edib. İsrail istehsalı olan “Barak-8” raketi Ermənistanın Rusiya istehsalı olan “İsgəndər” ballistik raketini də vurub. Türkiyənin “Bayraktar TB2” (Bayraktar 2) PUA-ları isə Ermənistanın quru qoşunlarını məhv edib. Rabat “Lora” sistemi istisna olmaqla, bütün bu sistemləri əldə etdi; 2022-ci ildə nəzərdə tutulan 500 milyon dollarlıq müqavilənin bir hissəsi olaraq İsrailin Barak MX sistemlərinin ilk göndərişini də aldı. Bu silahlar Qərbi Böyük Səhrada uzun müddətdir donmuş münaqişənin dinamikasını dəyişir”.

“Forbes”-in rəyinə görə, Mərakeş və Əlcəzair arasında toqquşmalar olarsa, Rabat müdafiə və hücumda eyni qabaqcıl sistemlərdən istifadə edərək Azərbaycanın hibrid silah yanaşmasını təqlid edə bilər. Belə bir ssenariyə “Harop”ların Əlcəzairin hava hücumundan müdafiə sistemlərinə TB2 və “Akıncı”ylaa hücumu, Əlcəzairin sərhədə yaxın quru qüvvələrinə zərbələr endirməsi və BARAK-MX sistemləri ilə Əlcəzair raketlərinin vurulması daxil ola bilər.

44 günlük müharibənin bütün dünyada öyrənildiyi, dünya hərb elmini dəyişdiyi haqda dəfələrlə yazılıb və deyilib. Bu savaşın türk silahının reklamı üçün belə rol oynaması da qürurvericidir. Amma....

Mərakeşin istəyi yaxın və uzaq tarixdən başqa hadisələri də yada salır.

Ötən il fevralında Rusiyanın növbəti hərbi təcavüzü başlayanda Ukraynanın özündə və xaricdə (Litva, Polşa və Norveçdə) maraqlı bir kampaniya keçirilmiş, toplanmış üst-üstə 50 milyon dollardan çox vəsait “Bayraktar” almağa xərclənmişdi. İş ondadır ki, “Bayraktar” bütün dünyada rus ordusuna, rus silahına qarşı effektiv və əl çatan silah kimi tanınır, əsl xalq sevimlisinə çevrilib. Lakin daha əvvəllər Liviya və Suriyada tətbiq olunsa da, “Bayraktar” belə ümumxalq şöhrətinə görə məhz II Qarabağ savaşına borclu idi. Toplanmış vəsait təyinatı üzrə xərcləndi, "Bayraktar"lar da alındı, amma Liviya və Suriyada olmadığı kimi, Ukraynda da elə də effektiv olmadı. Hərçənd Ukraynaya daha təkmil aparatlar satılırdı, çünki 44 günlük savaşdan sonra türklər texnologiyanı da inkişaf etdirmişdilər. “Bayraktar” həmin “Bayraktar” idi, hətta daha üstün idi, amma əsgər o əsgər, ordu o ordu deyildi.
***
Orta çağlarda Səlcuqlular və Xarəzmşahlar bölgəmizə türkman atları cinsi də gətirdilər. Boyca nisbətən bəstə, təlimə yatımlı, çöl və yarımdağlıq ərazilərin iqliminə uyğunlaşmaları onları əvəzsiz döyüş silahına çevirirdi. Axınçı, qorçu ... rahat şəkildə at tərkində ox ata, qılınc oynada bilirdi. Osmanlı tarixçilərin yazmasına görə, türkman atını ölkədən xaricə çıxarmaq yasaqmış. Ordunun gücünün yarısı cins türkman atlarına borclu bilinirdi; at igidin qardaşıdır deyimi elə-belə yaranmamışdı. Zaman gəldi rus işğalı baş tutdu, türkman atlarının yerli populyasiyalarıı - Qarabağ və Axaltəkə atları düşmən əlinə də keçdi. Amma o qorxunc silah deyildi artıq - indi şəxsi at kolleksiyalarının, sərgilərin yaraşıqlı eksponatı, cıdır yarışlarının, atlar arasında gözəllik müsabiqələrinin iştirakçısı idi. Hələ kavaleriyadan imtina olunmasına bir əsr yarım qalmışdı, amma türkman atı öz funkisyasını itirmişdi sanki. At yenə də həmin at idi, süvari o süvari deyildi. Türkman atı tükman(qızılbaş və osmanlı) süvarisi ilə birgə uyumda olanda qorxunc silaha çevrilirdi. Qıratın üstündə Həmzə oturanda adi bir yabıdan fərqi olmurdu.
***
Çaldıran döyüşü ilə bağlı məşhur tarixi rəvayəti çoxları bilir. Rəvayətə görə, Şah İsmayıl qılıncı ilə topların zəncirini doğrayarkən bir topun lüləsini də kəsir. Bunu eşidən Sultan Səlim döyüşdən sonrə xəbər yollayır ki, Şah həmin qılıncı ona göndərsin. Xahişə əməl olunur. Sultan saray əyanlarını yığıb onların gözü qarşısında qılıncla topa zərbə vurur. Nəticə hasil olmur. Şah İsmayila məktub yazırlar ki , yəqin, o, Çaldıranda məğlub olduğuna görə həmin qılıncı göndərməyib. Az sonra Sultan Səlim Şah İsmayıldan cavab alır: ”Qılınc həmin qılıncdır, qol həmən qol deyil".

Bu gün adi boz qulunu Qırata, qılıncı topyaran qorxunc silaha çevirən babalarının ruhunu yaşadan; ucuz dronlar və kukuruzniklərlə dünya hərb tarixini dəyişməyi bacaran oğulların anım günüdür. Silahlar həmən qılınclardan daha ağır idi; amma qollar da daha qüvvətli idi. Ruhlarına Fatihə!

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm