Əsrarəngiz Süleyman daşının izi ilə... - FOTOLAR
Bizi izləyin

Layihə

Əsrarəngiz Süleyman daşının izi ilə... - FOTOLAR

Süleyman daşı ta qədimdən bəri insanlara məlum olan sirli və əsrarəngiz bir daşdır. Onun şərab rəngini xatırladan çaları insanları həmişə valeh edib. Bu daşın tarixini, xüsusiyyətlərini və ən əsası sağlamlığa faydalarını öyrənmək istəyirsinizsə, Publika.az-ın "Mücrü" layihəsini oxumağa davam edin.

Od ona zərər verə bilmir

Süleyman daşı çox nadir sayılan qiymətli daşdır. Təbiətdə süleyman daşının daha çox giltorpaq və əhəngli növlərinə rast gəlinir. Giltorpaq süleyman daşları üç cür olur: çex süleyman daşı, almandin, spessartin. Tərkibindəki dəmir və xroma görə bu daşın rəngi tünd qırmızı olur və rəngin intensivliyi hətta 2mm-lik kiçik dənələrdə də azalmır. Çex süleyman daşı almandinə o dərəcədə bənzərdir ki, onları hətta təbiətşünaslar belə çətinliklə bir-birindən seçə bilir. Odda zədələnmir, alovun təsirindən rəngi bozarır, lakin soyuduqdan sonra əvvəlki rənginə qayıdır. Digər qiymətli daşların çoxu qızdırıldıqda rəngini itirir və üzərlərində çatlar əmələ gəlir. Süleyman daşında isə bu müşahidə olunmur. Mikroskop altında 5-70 dəfə böyüdüldükdə belə bu daş demək olar ki, təmiz olur, yalnız kiçik qara ləkələr görünür.

Braziliyada, Avstraliyada, Kanadada, Alyaskada, Hindistanda, Madaqaskarda və Slavakiyada Süleyman daşı yataqları olsa da, çex süleyman daşı növünə həm bizim eradan əvvəlki, həm də indiki dövrdə Avropada yalnız Çexiya ərazisində rast gəlmək mümkün olub. Elə buna görə də, daşın bu növü ölkənin adı ilə əlaqələndirilib.

Sehrli qüvvələrin təsirində...

Tarixin tozlu səhifələrinə nəzər salsaq, görərik ki, qədim dövrlərdə Süleyman daşı ən çox Misir və Romada istifadə edilib. Bu daşdan Misirdə ilan sancmalarına qarşı istifadə edilib. Həmçinin, uşaqları nəzərdən qoruduğuna da inanılıb.

Qədim Romada da çox geniş şəkildə istifadə olunub. Arxeoloji qazıntılar zamanı üzəri Süleyman daşı ilə bəzənmiş çoxlu əşyalar tapılıb.

Şumerlər isə Süleyman daşının sehrli qüvvəsi olduğuna inanıblar. Belə ki, döyüşə gedərkən qalxanlarını, kəmərlərini bu daşlarla bəzədiblər. Bu daşın döyüşdə insana cəsarət verdiyini düşünüblər.

Qırmızı möcüzə

Bu dəyərli daş zərgərlərin də nəzərindən yayınmayıb. Qədim zamanlardan bəri Süleyman daşından zinət əşyalarının hazırlanmasında istifadə edilib. Onun qırmızı rəngi həm qadınların, həm də kişilərin diqqətini çəkib.

Kraliçanın və Hollivud ulduzlarının sevimlisi

Böyük Britaniya kraliçası II Yelizavetta belə bu daşı çox sevir. Onun zərif kəsimli Süleyman daşı ilə bəzədilmiş tacı və üzüyü diqqətə layiqdir. Bu daş Hollivud ulduzları arasında da məşhurdur. Cennifer Karpenter, Marişka Harqitey, Sofia Verqara, Culiya Ormond, Lorrain Şvartz, Minka Kelli, Selena Qomez, Cessi Cey qırmızı rəngin cazibəsinə qapılan ulduzlar sırasındadırlar.

Xəstəlikləri sağaldıb arzuları reallığa çevirir

Hindlilərin inancına görə, bu daş arzu və istəkləri reallaşdırır. Belə ki, arzularının tezliklə həyata keçməsini istəyənlər bu daşdan hazırlanan zinət əşyaları taxmalıdırlar. Daha sonra daşı ovxalayaraq arzuları haqda düşünməlidirlər.

Bu daşın tarix boyu populyarlığını itirməməsinin səbəbi bəlkə də onun sağlamlığa təsirləri ilə birbaşa bağlı olub. Qədim zamanlardan bəri onun cinsi gücü artırdığı bilinib.

Xalq təbabətinin sirlərindən bəhs edən qədim kitablarda bədəni qüvvətləndirmək üçün Süleyman daşından istifadə qaydaları geniş şəkildə izah edilib.

Həmin mənbələrə görə, kişilər bu daşı şalvarın cibində gəzdirsələr, sonsuzluq problemindən xilas olarlar. Qadınlar isə bu daşla qarına masaj edərək hamilə qalmaq şanslarını artıra bilərlər. Həmçinin, menstruasiya ağrılarından xilas olmaq, klimaks dövrünü rahat keçirmək üçün də Süleyman daşından yararlanmaq olar. Çünki bu daş təbii ağrıkəsicidir. Xüsusilə də bel ağrılarına qarşı çox təsirlidir.

Daşın sağlamlığa digər faydaları isə belə sıralanır:

* Hormonları nizamlayır.

* Yoluxucu xəstəliklərdən qoruyur.

* Sakitlik və dinclik bəxş edir.

* İşləri tamamlamaq üçün həvəs və enerji verir.

* Yaddaşı qüvvətləndirir.

* Yastığın altına qoyulduqda qorxulu yuxular görməyə qoymur.

* Xəyal gücünü artırır.

* Damarlara faydalıdır.

* Sevgi, bağlılıq və sədaqət hissini gücləndirir.

* İnsanların bütün neqativ enerjilərini pozitiv enerjiyə çevirir.

* Stress və yorğunluğu aradan qaldırır.

* Ağciyər və ürək xəstəliklərindən qoruyur.

* Qan təzyiqini nizamlayır. Yüksək təzyiqdən əziyyət çəkənlərə yaxşı təsir edir.

Süleyman daşının bürclərlə uyğunluğu

Dolça, Oğlaq, Qoç və Şir bürcləri üçün uğurlu daş hesab edilir. Bu bürclərdən olan insanlar Süleyman daşı ilə bəzədilmiş zinət əşyaları taxsalar, işləri avand gedər.

Süleyman daşı alarkən nəyə diqqət etməli?

Nadir tapıldığı üçün olduqca bahalıdır. Ucuz qiymətə satılanlar adətən, saxta daş olur. Süleyman daşı zənn edib ucuz qiymətə aldığınız daş ən yaxşı halda qırmızı rəngli digər qiymətli daşlardan biri çıxa bilər. Süleyman daşı təkcə qızıl və gümüşdən hazırlanmış zinət əşyalarında istifadə edilməlidir. Təsirini göstərməsi üçün dəri ilə təmas etməlidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm